“The New York Times” devrilmiş tiranların topladığı sərvətlərin gələcək taleyindən yazdı
ABŞ-da nüfuzlu “The New York Times” qəzetində uzun illər hakimiyyətdə olmuş və xalq etirazları nəticəsində devrilmiş diktatorların varidatı və onların gələcək taleyi haqda məqalə yayımlanıb. Məqalədə əsasən Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğasıyla devrilən Tunis, Misir və Liviya diktatorları Zeynal Abidin ben Əli, Hüsnü Mübarək və Müəmmər Qəzzafinin uzun illər ərzində topladığı külli milyardlarla dollarlıq sərvətdən bəhs olunur.
Məqalə müəllifi Robert Uors yazır ki, on illərdir var-dövlət yığan diktatorlar və onların yaxın ətrafı yığdıqlarını gizlətməkdə də ustalaşıblar. Onların pullarının yerini tapmaq elə də asan olmur. Qəzzafi rejimi devrildikdən sonra liviyalı müfəttişlər İsveçrə banklarında dondurulmamış on milyardlarla dolların olduğunu aşkarlayıblar. Bu pulların da hamısı Liviya neftindən oğurlanıb şübhə doğurmayan adamların adına yatırlıb.
“Tunis və Misirdə idarəçiliyi ələ alan yeni hökumətlər xarici ölkələrdə on milyardlarla dollar dəyərində qiymətləndirilən evlərin, yaxtaların və bank hesablarının izinə düşüb. Ancaq yeni hökumətlər həmin pulları geri qaytarmaqda çətinliklərlə üzləşiblər. Liviyadan oğurlanmış neft pullar xarici ortaqlardan istifadə etməklə legitimləşdirilib. Buna görə də həmin pulların qanunsuz olduğunu sübut etmək çətinləşir. Bəzi hallarda isə həmin pulların yerini bilənlərin həyatına təhlükə yaranır”, – deyə “The New York Times” yazır.
Müəmmər Qəzzafi rejimi devrildikdən sonra ölkədən qaçan keçmiş neft naziri Şükrü Qanemin Avstriya paytaxtında müəmmalı ölümünü xatırladan müəllif yazır ki, o, Liviyanın yeni hökumətinə mühakimə olunmaması müqabilində bildiklərini söyləmək təklifini irəli sürmüşdü.
Qazzafinin başqa bir sirdaşı sayılan Bəşir Saleh isə ötən il həbsdən qaçandan sonra Fransada görünüb. Liviyanin yeni hakimiyyəti Salehin devrilmiş diktatorun Afrikadakı 7 milyard dollarlıq varidatının yerini bilirmi. Yeni hökumət həmçinin onun Qazafi ilə Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sarkozy arasındakı gizli sövdələşmə haqqında məlumatı olduğunu da düşünür. Lakin hazırda Bəşir Salehin harada olması məlum deyil. Bu azmış kimi indiyə qədər Qəzzafinin Nigerdə yaşayan oğlu Sədiyə məxsus Londondakı 15 milyon dollarlıq mülk istisna olmaqla devrilmiş diktatorun gizli var-dövlətindən yeni hökumətin büdcəsinə heçnə daxil olmayıb.
“The New York Times” əlavə edir ki, Tunisin keçmiş diktatoru Zeynal Abidin ben Əlinin isə Fransa və İsveçrədəki 30 milyon dollar dəyərində olan iki təyyarəsi ötən il ölkənin yeni hökumətinə qaytarılıb. Qəzetin yazdığına görə, diktatorların pullarının böyük bir hissəsi 5-6 ölkədədir. Tunisin yeni hökumətini təmsil edən isveçrəli hüquqşünas Enriko Monfrini Ben Əlinin İsveçrə banklarındakı 70 milyon dollarının geri qaytarılması üçün çalışdıqlarını bildirib.
Korrupsiyaya qarşı “Global Witness” təşkilatının nümayəndəsi Robert Palmerin fikrincə, bu pulları qaytarmaq asan deyil. Əvvəlcə həmin pulların yerini tapmaq, Sonra kimə aid olduğunu, necə əldə edilciyini sübut etmək lazımdır. Bu pulların qaytarılması gecikdikcə, yeni hökumətlərlə Qərb ölkələri arasında gərginliklər də artır.
İnformasiya şöbəsi