SAMA əfvi yarımçıq sayır

“Bu əfv siyasi məhbus probleminin həlli kimi qiymətləndirilə bilməz”

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) prezidentin dünən imzaladığı əfv sərəncamını təqdir edərək, 9 vicdan məhbusunun azadlığa çıxmasını uzun müddət gözlənilən mütərəqqi addım sayır. Ancaq SAMA təəssüf edir ki, bu sərəncam yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus saydığı bütün şəxslərə şamil edilməyib.
SAMA hesab edir ki, sonuncu əfv sərəncamı ölkədəki siyasi məhbus probleminin həlli kimi qiymətləndirilə bilməz. Çünki, barələrində məhkəmə hökmünün qüvvəyə mindiyi vicdan məhbusları – Vidadi Isgəndərli, Şahin Həsənli, Nemət Pənahlı, jurnalistlər Aydın Canıyev, Ramin Bayramov, Anar Bayramlı və Islam partiyasının üzvləri hazırda həbsdədirlər.
SAMA həmçinin siyasi motivlərlə həbs edilərək, ədalətli mühakimə hüququndan məhrum edilmiş şəxslər – 1994-95-ci illərdə dövlət çevrilişi ittihamı, 2007-ci ildə Səid Dadaşbəyli işi üzrə tutulanlar, 2005-ci ildə həbs edilən sabiq nazirlər və onların yaxınları, “hicab işi” üzrə 2011-ci ildə həbs edilmiş dini inanclı şəxslərin tezliklə azad olunmasını, bununla da ölkədə siyasi məhbus probleminin həll edilməsini vacib sayır.
SAMA ümid edir ki, hazırda məhkəmə prosesi keçirilən Əvəz Zeynallıya, o cümlədən barələrində cinayət işi açılaraq istintaq aparılan hüquq müdafiəçiləri Oqtay Güalıyevə, Ilham Əmiraslanova, jurnalistlər Mehman Hüseynova, Vüqar Qonaqova, Zaur Quliyev və Hilal Məmmdova qarşı siyasi motivlərlə aparılan ittihamlara xitam veriləcək.