Azərbaycanda güclü zəlzələ gözlənilir

Amerikalı alimlərin zəlzələ xəbərdarlığını AMEA qismən təsdiqlədi

Ciddi tədbir görülməsə, neft strukturlarına ciddi ziyan dəyə bilər

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Rəyasət Heyətində ölkə ərazisinin müasir geodinamik vəziyyətinə dair mətbuat konfransı keçirilib. AMEA Geologiya Institutunun direktoru Akif Əlizadə deyib ki, ABŞ və Azərbaycan alimləri Kür ovalığının şimalında (Böyük Qafqaz sıra dağlarının cənub yamacında) və Abşeron yarımadasının cənubunda yer qabığının deformasiyaya uğradığını müşahidə edirlər(Lent.az).
Qeyd olunub ki, AMEA Geologiya Institutu ilə ABŞ-ın Massaçusets Texnologiya Institutu (MTI) 1998-ci ildən başladığı kosmik tədqiqatların hazırkı mərhələsində belə qənaətə gəlib ki, bu ərazilərdə böyük gərginlik toplanır. GPS (kosmik yer təyinetmə sistemi) vasitəsi ilə aparılan tədqiqatlar Azərbaycan ərazisinin müasir geodinamik şəraitini və zəlzələ ehtimalını müəyyənləşdirmək istiqamətində köklənib.
Alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS tədqiqatları ilə müşahidə ediblər ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur. Odur ki, Azərbaycanın şərqində, daha dəqiq desək, Bakı ətrafında yer qabığında deformasiya enerjisinin toplanması prosesi müəyyən edilib. Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər.
Akif Əlizadə bildirib ki, Geologiya Institutu ilə ABŞ-ın Massaçusets Texnologiya Institutu ilə birgə apardığı tədqiqatlara Respublika Seysmoloji Xidmət Mərkəzini də cəlb etmək niyyətindədir. Onun sözlərinə görə, zəlzələ barədə proqnoz vermək üçün onun gücü, yeri və zamanını müəyyənləşdirməklə bağlıdır: “Ancaq bu gün dəqiq proqnoz vermək mümkün deyil. Ona görə də seysmoloq susur. Yekun olaraq onu deyə bilərəm ki, bəlkə də şiddətli zəlzələ gözlənilmir, ancaq gərginlik artır”.

Massaçusets Texnolojasi Institutunun məlumatı öncə təkzib edilmişdi

Xatırladaq ki, ABŞ-ın nüfuzlu Massaçusets Texnologiya Institutunun (MIT) alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğu barədə bir neçə gün əvvəl xəbərdarlıq etmişdilər. MIT-in məlumat xidməti xəttilə iyunun 14-də yayılmış məqalədə Azərbaycanda tarixən dəfələrlə güclü zəlzələlərin baş verdiyi qeyd olunmuşdu. Bu sırada 1859-cu ildə Azərbaycanın mərkəzi regionu olan Şamaxıda baş vermiş dağıdıcı zəlzələ ayrıca vurğulanmışdı. Institut bu baxımdan eyni güclü zəlzələnin Azərbaycanda təkrarlanacağını istisna etməmişdi.
Amma bu məlumat çıxan kimi AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi Massaçuset Texnologiya Institutunun Bakıda əhəmiyyətli dərəcədə seysmik təzyiqin toplanılması və bu səbəbdən burada güclü zəlzələlərin gözlənilməsi ilə bağlı yaydığı məlumatı real saymamışdı.
Bakı və Abşeron yarımadasında 6,4 baldan yuxarı zəlzələ olmayacaq
AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov da baş verənlərlə bağlı maraqlı fikir söyləyib.
Abşeron yarımadasının cənubunda bu gün də gərginliyin toplandığını deyən F.Qədirov vurğulayıb ki, ancaq nə vaxt qırılma baş verəcəyini, bunun hansı qırılma xəttində olacağını bilmirlər. Bu baxımdan professor müşahidə prosesinin davamlı aparılmasını, intensiv ölçü işlərinin görülməsini zəruri sayır: “Enerji toplanmalarının neft strukturları üçün təhlükə yaratması mümkündür. Məsələn, neft kəmərində qırılma ola və böyük fəlakət ortaya çıxa bilər. Bakı-Tiflis-Ceyhan neft kəməri qırılmalar üzərində yerləşir. Lakin həmin ərazilərdə tədqiqatlar nəticəsində qabaqlayıcı tədbirlər görülür. Biz öyrənirik ki, Bakıda zəlzələ olarsa, özünü harada zəif, harada güclü göstərə bilər”.

Yerin nüvəsi fəallaşıb

Mərkəzi Londonda yerləşən Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin (GNFE) prezidenti, azərbaycanlı mütəxəssis Elçin Xəlilov isə sosial şəbəkələrdən birinə müsahibəsində deyib ki, 2011-ci ilin noyabr-dekabrında Yerin nüvəsindən böyük həcmdə enerjinin ayrılması barədə informasiyası dünya mətbuatında geniş yayılmışdı: “GNFE şərqdə Yer qabığının geodinamik monitorinqini həyata keçirir və bu ərazidə qısamüddətli zəlzələ proqnozları verir. Bu məlumatlar 5 ölkədə – Türkiyə, Ukrayna, Azərbaycan, Pakistan və Indoneziyada yerləşən ATROPATENA zəlzələ proqnozlaşdırma stansiyalarının yazılarının analizi əsasındadır. Bu proqnozlarda vaxt, gücü və gözlənilən zəlzələnin yeri, o cümlədən 92-93 faiz doğru ehtimalla təkanların sayı təqdim edilir. Bu anomaliyalar o deməkdir ki, qeydə alınan energetik impulslar bilavasitə Yerin nüvəsindən çıxır. Bu o deməkdir ki, Yerin nüvəsi qəfil fəallaşıb. 2011-ci ilin sonunda güclü enerji atılması planetin daxili enerjisinin yeni, daha yüksək səviyyəyə keçməsinin ilkin göstəricisi olub”.
E.Xəlilov onu da bildirib ki, stansiyanın qeydiyyatlarının kompleks analizi, eləcə də başqa geodinamik və geofiziki parametrlər göstərir ki, yaxın iki ayda seysmik fəallıq özünü Qafqazda, Xəzərdə, Türkiyə, Iran, Indoneziya, Yaponiya, Kamçatka, Çinin qərbi, Pakistanda göstərməyə başlayacaq.

Xəyal