Sərhədçilərə hədiyyə edilən əmlak necə yağmalandı?

Hökumət “Eurovision”a görə mənzillərini turistlərin ixtiyarına verən zabitlərə vəd etdiyini yerinə yetirmədi

Yaxın günlərə qədər hotel olan zabitlərin binasından reportaj…

Nərimanov rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin zabitləri üçün tikilən 12 mərtəbəli binanın “Eurovision 2012″ ərəfəsində müvəqqəti olaraq hotel kimi istifadə ediləcəyi barədə məlumat verilmişdi. Xəbəri Dövlət Sərhəd Xidməti də rəsmən təsdiqləmişdi. ”Müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir hotellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq”.

Hər şey sökülüb, aparılıb…

Eyni fikirləri Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Eurovision-2012″ mahnı müsabiqəsinin Təşkilat Komitəsi üzvlərinin keçirdikləri mətbuat konfransında bildirib: ”Bu evlər tam şəkildə, texniki və ev avadanlığı ilə təmin olunmuş şəkildə zabitlərə paylanacaq. Halbuki bu evlər təmirsiz şəkildə sentyabrda zabitlərin istifadəsinə verilməli idi”.
Ancaq sonradan məlum oldu ki, mahnı musabiqəsi bitəndən sonra sərhədçilər 4 gün mənzillərinə buraxılmayıb. Yalnız bu dörd günün tamamında zabitlər mənzillərinə daxil ola biliblər və anındaca şoka düşüblər. Çünki mənzillərdə vəd edilən heç bir avadanlıq olmayıb. Hotel kimi istifadə edilən zaman mənzillərə yerləşdirilən bütün avadanlıqlar aparılıb. Hətta bəzi mənzillərdə elektrik şəbəkələrini, kabelləri belə, söküb aparıblar.

Əvvəl başqa idi, indi başqa…

Biz hələ müsabiqə başlamazdan öncə sərhədçilərə çatacaq binaya baş çəkib ordan reportaj hazırlamışdıq. Qeyd etmişdik ki, səs-küylü, tör-tökütülü bir bazarın yaxınlığında heç bir biznesmen hotel inşa etdirməz. Çünki bura hotel, qonaqları qarşılamaq üçün ən əlverişsiz məkandı, Həm də axı, sərhədçilərə çatacaq mənzilləri hotel adıyla avropalıya sırımaq nə qədər doğrudur? Avropalı mənzillə hoteli ayıra biləcək səviyyədə deyilmi? Bu “hotel”lə üzbəüz Daxili Qoşunların hərbi hissəsi yerləşir ki, buradan hər yeri çox aydın şəkildə seyr etmək mümkündü.
Ötən gün sözügedən ünvana bir daha baş çəkib məlumatın dəqiq olub-olmadığını isbatlamaq qərarına gəldik.
Mahnı müsabiqəsi zamanı ehtimal edilən çoxlu turistlərin qarşısında gözükölgəli qalmamaq üçün hökumət buranı hotelə çevirməli oldu. Adını “Mirachle” hotel qoydu. 12 mərtəbəli, 6 bloklu yaşayış binasının qarşısında “Miracle” sözü yazılmış böyük plakat vurulmuşdu. Müsabiqə ərəfəsində biz ora gedəndə həyətdə qızğın iş getdiyini, mini stadion inşa edildiyini, demək olar, hər bir mənzilin eyvanından ustaların gözə dəydiyinin şahidi olmuşduq.
Indi, necə deyərlər, lələ köçüb, yurdu qalıb. Nə mini stadiondan əsər-əlamət var, nə də…

Bar-diskoteka sökülür

“Mirachle” hotel sözü yazılmış plakat yerlə-yeksan edilsə də, blokların qarşısında kiçik lövhələr hələ də qalmaqdadır. Maşın dayanacağı olan yer zir-zibil yuvasına oxşayır. Həyətədə yenə də söküntü işləri gedir. Kənardan baxan adam çaş-baş qalır. “Besedka”da oturan iki gəncə yaxınalışırıq. Jurnalist olduğumuzu demirik. Söyləyirik ki, rayondan gəlib, qalmaq üçün ucuz yer axtarırıq. Üstəlik, onu da qeyd edirik ki, bizə buranı məsləhət görüblər. Gənclər deyirlər ki, artıq bura yaşayış binası kimi istifadə olunur: “Mahnıya (”Eurovision”u nəzərdə tutur – red.) görə bura hotel idi. Indi sərhədçilər yaşayır. Burada qalmaq artıq mümkün deyil. Ancaq yenə də maraqlanın, bəlkə də qalmağa yer tapdınız”. Hotel olan vaxtı bir gecənin neçəyə olduğunu öyrənməyə cəhd edirik. Məlum olur ki, o qədər də ucuz deyilmiş. Sən demə, sərhədçilərin binasında bir gün qalmaq üçün 200-300 manat civarında pul xərcləməlisən.
Ətrafdakı söküntülərlə maraqlanırıq. Binanın həyətində ora-bura keçən sakinlər deyirlər ki, “Eurovision”a görə binanın həyətində bar, restoran, diskoteka tikilibmiş: “Indi sökürlər. Çünki heç kimə lazım deyil. Tursitlər üçün lazım idi. Buranın sakinlərinə belə şeylər lazım deyil”.

Söküləcək yerlərin qarşısı hasarlanıb

Əldə etdiyimiz məlumatlara görə, yaxın günlərdə söküntü işləri yekunlaşacaq.
Həyətdə baksetbol və voleybol meydançalarının sadəcə yeri qalıb. Orada bu iki idman növü ilə məşğul olmaq üçün heç bir şərait yoxdur.
Binaya daxil oluruq. Mənzillərin bir neçəsi ötən gün boşaldılırdı. Bəzi ev sahibləri bizi hətta fəhlə hesab edib, tör-töküntüləri yığışdırmağa çağırırlar. Biləndə ki, qalmağa yer axtarırıq, fikirlərindən vaz keçməli olurlar.
Çarəsiz sakinlər əşyaları özləri daşıyıb, həyətdəki “Qazel”ə yükləyirlər.

***

Işin maraqlısı yaxın zamanlara qədər hotel adını daşıyan “Miracle”ylə bağlıdır. Belə ki, Türkiyənin Antalya şəhərində “Miracle” adlı hotel var. Dörd ulduzlu olan bu hotelin görünüşü adamı valeh edir. Daha sərhədçilərin “Miracle”si kimi yox…

Ramin DEKO