Son nüvə müzakirələrinin nəticəsiz bitməsi Tehran rejiminə qarşı əlavə tədbirləri gündəmə gətirib
Moskvada baş tutan Iranla “5+1″ (BMT TŞ-nın daimi üzvləri və Almaniya) danışıqları zamanı nəticə əldə olunmaması beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, tərəflər Iranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün daha ciddi səylər göstərməlidir. Baş katib müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib.
Danışıqlara ev sahibliyi edən Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə deyib ki, Moskva görüşü Iranla “altılıq” ölkələrinin mövqelərini yaxınlaşdırıb. Nazir müavini bununla belə tərəflər arasında ciddi fikir ayrılıqlarının olduğunu da vurğulayıb. Ryabkov Iranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yolla həlli üçün səylərin davam etdiriləcəyini də əlavə edib.
Moskva müzakirələrinin nəticəsiz sonlanması Iran tərəfini də qane etməyib. Rəsmi Tehran danışıqlarda Rusiya və Çinin tutduğu mövqedən narazı qalıb. Iran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mehdi Sənayinin sözlərinə görə, Rusiya və Çin ölkəsinin mövqeyini yaxşı müdafiə etməyib. O, bir tərəfdən təzyiq siyasəti, digər tərəfdən isə müzakirələr aparılması istənilən nəticəni verməyəcək.
Sənayinin üzv olduğu komissiyanın rəhbəri Əlaəddin Burucerdi isə Iran nüvə fəaliyyətindən geri addım atmaq niyyətində olmadığını bildirib. Komissiya sədri deyib ki, müzakirələr Iranın nüvə enerjisindən faydalanmaq haqqının tanınması ilə nəticələnməlidir. Müzakirələrin nəticəsiz yekunlaşması Tehran rejiminə qarşı diplomatik təzyiqlərin gücləndirilməsini gündəmə gətirib. Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlərə açıqlamasında bildirib ki, Iran nüvə probleminin danışıqlar yolu ilə həlli istiqamətində addımlar atmasa, daha ağır təzyiqlərlə üz-üzə qalacaq. O, iyulun 1-dən başlayaraq Avropa Birliyinin Irana sanksiyaları və təzyiqləri gücləndiriləcəyini söyləyib: “Nüvə danışıqları məğlubiyyətə uğrasa, Tehranı ağır və daha dağıdıcı təzyiqlər gözləyəcək”.
Bu arada Braziliyada səfərdə olan Iran prezidenti Mahmud Əhmədinejad Qərb dövlətlərini sərt tənqid edib. O, müharibə, təcavüzkarlıq və iqtisadi böhranın olduğu dünyada bəzi dövlətlərin hegemonluğunun hələ də davam etdiyini söyləyib: “Bəzi dövlətlərin hegemonluğu davam edir və onların doymaq bilməyən gözlərini doydurmaq üçün yeni planlar təqdim edirik”.
Informasiya şöbəsi