“Narkoman məmur övladlarının adlarını açıqlayacağam”

Baş nazirin müavini onun tədbirini boykot edən məmurları hədələdi

“Tədbirə gəlməyiblər, özləri bilərlər, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar”

Əli Həsənov: “Narkoman əsasən imkanlı adamların uşaqlarıdır, imkansızların bunu almağa pulu yoxdur”

“Təəssüflər olsun ki, bir çox hallarda bizim gənclərimiz narkotikdən istifadəyə bir məşğuliyyət kimi baxırlar”.  Bunu narkomaniyanın fəsadları və onunla mübarizəyə həsr olunmuş “Həyatla oyun” tamaşasının nümayişində baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. Imkanlı ailələrin uşaqlarının daha çox narkomanlığa meyl etdiyini deyən Komissiya sədrinin sözlərinə görə, onlar çox vaxt bu xəstəliyə bilmədən düçar olurlar:
 “Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik almağa vəsaiti yoxdur”. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının da təşkilatçısı olduğu tamaşaya bəzi dövlət məmurlarının dəvət olunmalarına baxmayaraq qatılmadıqlarını deyən Ə.Həsənov onlara sərt mesaj ünvanlayıb: “Dəvət olunan məmurlar gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.
Ə.Həsənov mətbuat və televiziyanın narkomanlıqla mübarizə tədbirlərinə yer ayırmamasından da narazılıq edib. Komissiya sədri bununla bağlı hətta din xadimlərinə müraciət etdiyini də bildirib: “Din xadimlərinə dedim ki, hər gün yas yerlərində nümayəndələriniz olur. Bəyəm orada bir iki dəqiqə də bu problemdən danışsanız, pis olar? Bu, ayrı-ayrı dövlətlərin deyil, dünyanın problemidir”.