Partiyadaşları Arif Hacılı ilə razılaşmır

Müsavatın Aparat rəhbəri AXCP ilə birliyin bitdiyini deyir, başqaları isə birlik qərarı gözləyir

 

“Azadlıq” radiosunun “Işdən sonra” verilişinə qonaq olan Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı AXCP-Müsavat birliyilə bağlı müzakirələrə toxunub. Partiya yetkilisi AXCP və Müsavatın birləşməsi barədə müzakirələrin bitdiyini söyləyib.
Arif Hacılının partiyadaşları isə Müsavatda birliklə bağlı müzakirələrə hələlik nöqtə qoyulmadığını deyirlər.
Müsavatın Divan üzvü Tofiq Yaqublunun sözlərinə görə, AXCP-Müsavat birliyilə bağlı danışıqların hazırkı səviyyəsi müzakirələrin müvəqqəti dayandırılmasını zəruri edir. Çünki bu iki partiyanın birləşməsilə bağlı AXCP qurultayının qərarı var. Buna cavab isə yalnız Müsavatın qurultayında veriləcək: “Düşünürəm ki, hazırda iki müxalifət partiyasının birləşməsilə bağlı müzakirələrin dayandırılması müvəqqəti ola bilər. Ancaq inanıram ki, Müsavat partiyasının qurultayında AXCP-nin birlik qərarına müsbət cavab veriləcək”.
Tofiq Yaqublu onu da əlavə etdi ki, AXCP və Müsavatın birləşməsilə bağlı qaydalarda müəyyən anlaşılmazlıqlar olsa da, iki aparıcı müxalifət təşkilatının vahid partiyada birləşməsi zəruridir. Divan üzvü birliyin tərəfdarı olduğunu və bundan sonra da AXCP-Müsavat birliyinin baş tutması üçün çalışacağını vurğuladı.
Müsavat partiyasının Məclis üzvü Səxavət Əlisoyun sözlərinə görə isə, partiyanın rəsmi qərarı verilsə belə, sıravi üzvlər arasında artıq birlik məsələsi həll olunub: “Sıravi müsavatçılar və cəbhəçilər artıq birləşmə qərarını veriblər. Mövcud rejimə qarşı mübarizə AXCP ilə Müsavatın birləşməsini zəruri edir. Bu üzdən də sıravi müxalifətçilər bunu dərk edərək, qərarlarını veriblər. Təbii ki, bu təşəbbüs ortaya çıxanda müəyyən problemlərin olacağını bilirdik. Lakin hər iki partiyanın həm rəhbərliyi, həm də sıravi üzvləri səviyyəsində bu maneələr müzakirə olunmaqla, onların aradan qalxacağına əminəm. Çünki AXCP-Müsavat birliyi qaçılmazdır. Avtoritar hakimiyyətə qarşı effektli mübarizənin güclü olması üçün bu iki təşkilat birləşməlidir”.
Müsavat partiyasının Məclis üzvü Rafiq Ismayıl da deyir ki, birlik ətrafında müzakirələr rəsmi qurumlarda dayandırılsa belə, sıravi partiya üzvləri arasında davam edir: “Ola bilər ki, müzakirələrin hazırkı səviyyəsi qənaətbəxş olmaya bilər. Ancaq bu o demək deyil ki, AXCP-Müsavat birliyi ətrafında danışıqlar dayanıb”.

Turan