“Orxanı bizim zaminliyimizə verin”

Xalq yazıçısı Anar və xalq şairi Sabir Rüstəmxanlı İlham Əliyevə müraciət edib

Rüşvət ittihamı və qanunsuz tələbə köçürmələrində günahlandırılaraq həbsə atılan Təhsil nazirliyinin əməkdaşı Orxan Kərimovun səhhətindəki problemlərlə bağlı onun məktubunu dünənki sayımızda dərc etmişdik. Redaksiyamıza xalq yazıçısı Anar və xalq şairi sabir Rüstəmxanlının müraciəti gəlib. Dövlət başçısına ünvanlanan müraciətdə Əli Kərim yadigarı Orxanın səhhətindən narahatlıq bildirilir və onun zaminə buraxılması xahiş edilir. Müraciətdə deyilir:

Orxan Kərimov

“Cənab Prezident, Sizə müraciət etməkdə məqsədimiz Əli Kərimin oğlu, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işi ilə əlaqədar, ağır ürək problemlərilə məhkəmə qarşısında durmuş Orxan Əli oğlu Kərimovla bağlıdır. Müraciətimiz Orxan Kərimova elan olunmuş ittihamla əlaqədar deyildir. Bizi daha çox onun səhhəti, karonar tac damarında yaranmış ağır fəsadlar narahat edir. Məqsədimiz humanizm prinsiplərini rəhbər tutaraq Əli Kərim yadigarını yarana biləcək ən ağır nəticələrdən qorumaqdır. Inanırıq ki, Siz bizim bu müraciətimizə müsbət yanaşacaqsınız. Xahiş edirik, Sizə müraciətimizi nəzərə alaraq Orxan Kərimovun ürək əməliyyatını ixtisaslaşdırılmış Klinikalardan birində aparılmasını təmin etmək məqsədilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək bizim zaminliyimizə verilməsi üçün öz köməyinizi göstərəsiniz”.