BBC Azərbaycanda gənc fəallara qarşı təzyiqlərdən bəhs edən material yayımladı
Azərbaycanda “Eurovision” musiqi yarışmasının başa çatmasından sonra ölkədə gənc fəallara qarşı təzyiqlər beynəlxalq medianın diqqətindən yayınmayıb. “Inter Press Service” (Beynəlxalq Mətbuat Xidməti) yarışmadan sonra Azərbaycanda yaşananlardan bəhs edən məqalə hazırlayıb. Məqaləni BBC də yayımlayıb.
Məqəladə bildirilir ki, Azərbaycan hakimiyyəti “Eurovision” başa çatandan dərhal sonra yarışma günlərində ölkədəki real durumla bağlı həqiqətləri dünyaya çatdıran insanlara qarşı qisasçılıq kampaniyasına başlayıb. Müəllif yazır ki, “Eurovision” musiqisevərlər üçün zövq mənbəyi olmaqla yanaşı, həm də Azərbaycanda hakimiyyətlə onun siyasi rəqibləri arasında başqa bir müstəvidə də rəqabət yaradan tədbir idi. Söhbət ondan gedir ki, hakimiyyət bu müsabiqədən yararlanaraq, özünü Qərbin siyasi dairələrinə müsbət mənada təqdim etməyə, müxalifət isə ölkədə baş verən hüquq pozuntularını dünyaya çatdırmağa çalışırdı.
“Ölkədəki hüquq müdafiəçiləri, fəallar ölkədəki acınacaqlı durumunu dünyaya çatdırmağa cəsarət edənləri hakimiyyətin ”Eurovision”dan sonra cəzalandıracağını gözləyirdi. Belə də oldu. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun foto-reportyoru Mehman Hüseynov ötən ay Bakıda keçirilən etiraz aksiyasında polisi təhqir etməkdə günahlandırılaraq tutuldu. Ona elan olunan ittiham üzrə 5 ilə qədər həbs cəzası nəzərdə tutulub. Mehman Hüseynov isə deyir ki, baş verənlər onun peşə fəaliyyəti, ölkədə insan hüquqlarının kobud şəkildə pozulduğunu əks etdirən fotoşəkilləri sosial şəbəkələrdə yaymasıyla bağlıdır. Mehman Hüseynov həm də “Eurovision” ərəfəsində dünyanın diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına cəlb etməyə çalışan “Demokratiya naminə oxu!” kampaniyasının media koordinatoru idi. Bu kampaniyaya 30-dan artıq təşkilat qoşulmuşdu və onlar “Eurovision” təşkilatçılarının insan hüquqlarının müdafiəsi və demokratiya məsələlərində Azərbaycan hökumətinə təzyiq göstərməsini istəyirdilər”, – deyə məqalədə qeyd olunub.
Məqalədə hüquq müdafiəçisi Leyla Yunusun, “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının nümayəndəsi Maks Takerin də fikirlərinə yer verilib. Leyla Yunus bildirib ki, Mehman Azərbaycan hakimiyyətinin “Eurovision” sonrası qisasçılıq kampaniyasının ilk qurbanıdır. Maks Taker də Mehmanın ətrafında baş verənləri ölkədəki durum haqda informasiyaların yayılmasında hakimiyyətin günahkar bildiyi insanlara qarşı genişmiqyaslı təzyiqlərin ilkin siqnalı kimi dəyərləndirib.
Məqalədə AXCP Gənclər Komitəsinin üzvlərinə və onların valideynlərinə qarşı təzyiqlərə də toxunulub, Bəyim Həsənlinin özünün və atasının polisə çağırılmasından bəhs olunub.