Dövlət Departamenti Azərbaycanı 5-ci dəfə insan alverində “2-ci kateqoriya” siyahısına saldı
ABŞ Dövlət Departamentinin Insan alverinə dair qlobal hesabatında Azərbaycan artıq 5-ci ildir ki, 2 nömrəli “Nəzarət siyahısı” deyilən kateqoriyaya aid edilib.
Qonşu Ermənistan isə “Nəzarət siyahısı”na yox, sadəcə 2-ci kateqoriyaya aid edilib ki, bu da insan alveri ilə mübarizədə əhəmiyyətli addımlar atan ölkələrə şamil edilir.“Ümumilikdə bu il monitor edilən 185 dövlət arasında 29-u siyahıda nisbətən bir pillə irəliləyərək, uğurlu nəticə göstərə biliblər. Bu onu göstərir ki, hökumətlər problemlə mübarizədə bu və ya başqa formada addımlar atmaqla, doğru yoldadırlar”- deyə Vaşinqtonda hesabatın təqdimat mərasimində dövlət katibi Hillari Klinton bildirib.
Vəziyyət pisləşib
Ancaq təəssüf ki, eyni nikbinliyi birbaşa Azərbaycana şamil etmək olmaz, hər halda, hesabatın Azərbaycana aid hissəsinin təhlili bunu göstərir. Müəlliflərin təbirincə, Azərbaycan kişilər, qadınlar və uşaqların məcburi əməyə və fahişəliyə cəlbində mənbə, tranzit və mənzil ölkədir.
Əsasən kişilər Rusiyada qul əməyində istismar edilir, qadın və uşaqlar isə daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və Irana fahişəlik məqsədilə nəql olunurlar.
“Qadın və uşaqlar həmçinin ölkə daxilində məcburi əməyə, dilənçiliyə cəlb olunurlar”,- hesabatda belə deyilir. O da bildirilir ki, Azərbaycan həmçinin tikinti sənayesində qul kimi işlədilmək üçün trafikinq olunan Türkiyə, Əfqanıstan və Çin kişiləri üçün mənzil ölkədir. Çinli qadınlar küçə alveri və təsərrüfat sahəsində məcburi əməyə məruz qalırlar.
Müəlliflərin təbirincə, ötən il vətəndaş cəmiyyəti qrupları Azərbaycanda Türkmənistan, Pakistan, Ukrayna və Filippindən olan qurbanları aşkarlayıblar. Öz növbəsində azərbaycanlı qurbanlara əsasən Türkmənistan və Əfqanıstanda rast gəlinib.
Qeyd olunur ki, Azərbaycan hökuməti insan alverini tamamilə aradan qaldırmaq üçün minimum standartlara cavab vermir:
“Ölkə əvvəlki illə müqayisədə daha az insan alverçilərinin təqibi və məsuliyyətə cəlbinə nail olub, xüsusilə məcburi əməyə istismar olunanları aşkarlamayıb. Göstərilir ki, Azərbaycan məhz bunlara görə artıq beşinci ildir ki, hesabatda 2-ci “Nəzarət siyahısı” kateqoriyasına salınır, bu isə ən pis kateqoriyadan bir pillə yüksəkdir.
Tövsiyələr
Bunları nəzərə alan müəlliflər Azərbaycan üçün bir sıra tövsiyyələr də hazırlayıblar.
Bura əsasən alver qurbanlarının müəyyənləşdirilməsi və onların müvafiq mühafizə xidmətlərinə göndərilməsi mexanizmini inkişaf etdirmək, qurbanlarla rəftarın yaxşılaşdırmaq üçün polis orqanlarına təlimlər, bu işdə iştirak edən hüquq-mühafizə işçilərinin cəzalandırlması, eləcə də bu alverlə məşğul olanların sərt cəzalandırılması üçün hüquq-mühafizə orqanlarının səylərinin artırılması daxildir.


