İctimai Palatadan iki sərt bəyanat

Qurum hüquq müdafiəçisinə işgəncə verilməsinə və müxalifətçinin şərlənməsinə etiraz etdi

Ictimai Palata Müsavat Partiyasının Qaradağ rayon təşkilatının üzvü Sakit Əmiralıyevin qanunsuz həbsini pisləyir və gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir.
Sakit Əmiralıyevi iyunun 12-si axşam saat 11 radələrində Qaradağ rayon Polis Idarəsinin əməkdaşları iki gün əvvəl icarəyə götürdüyü kafedən şahidlərin gözü qarşısında əllərini qandallayaraq həbs edib. S.Əmiralıyevin həbsindən sonra polis kafedə hal şahidlərinin iştirakı olmadan qanunsuz olaraq axtarış aparıb. Həmin vaxt kafedə olan S.Əmiralıyevin qardaşı Səbuhi Əmiralıyevin də qollarını polislər buraraq onun hərəkət imkanı məhdudlaşdırıb. Polisin qeyri-qanuni axtarışları nəticəsində Sakit Əmiralıyevin icarəyə götürdüyü kafedən müəmmalı şəkildə kibrit qutusu həcmində narkotik maddənin tapıldığı elan olunub.
Əmiralıyevin həbs olunması və onun polis idarəsinə aparılması haqqında ailə üzvlərinə məlumat verilməyib. Növbəti gün saat 14:00 radələrindən Sakit Əmirəliyevin müdafiəsini təşkil etmək məqsədilə müqavilə imzalanan vəkil polis idarəsində olsa da, axşam saat 20-dək o, polis idarəsinə buraxılmayıb. Beləliklə, S.Əmiralıyevin müdafiə hüququ kobud şəkildə pozulub.
Ictimai Palata DIN Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Idarənin (MCQMI) operativ qrupunun “odlu silah gəzdirdiyinə görə” bir müddət qabaq həbs etdiyi “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Sabirabad rayonu üzrə koordinatoru Ilham Əmiraslanova edilən təzyiqlərlə bağlı bəyanatla çıxış edib.
Koordinasiya Şurası hesab edir ki, bu məlumatlar 2003-cü il oktyabr hadisələrindən sonra həbs olunmuş və repressiyalara məruz qalmış şəxslərin DIN MCQMI-də onlara qarşı işgəncələr haqqında silsilə məhkəmə proseslərində verdikləri ifadələri xatırladır və onlarla üst-üstə düşür. Bu cəhət Ilham Əmiraslanovun müraciətindəki faktların tam həqiqət olduğunun sübutu kimi qəbul edilməlidir.
IP KŞ qeyd edir ki, DIN MCQMI-nin həmin hərəkətləri tanınmış hüquq müdafiə təşkilatları “Amnesty International”, “Freedon House”nin hesabatlarında, AŞ PA-nın və ATƏT-in  müraciətlərində əksini tapıb. Və bu sənədlərin hamısında DIN MCQMI haqında tədbir görülməsi tələb edilib. Avropa Məhkəməsi qərarlarında (S.Cəlaloğlu Azərbaycana qarşı, Pənah Hüseyn və qeyrilərinin işi haqqında və s. qərarlardan) eyni tələb ifadə olunub. Ancaq Ilham Əliyev hakimiyyəti nəinki bu qərarlarla bağlı tədbir görüb, əksinə adı işgəncə faktlarında keçən şəxslərin vəzifələri və rütbələri artırıb.
IP KŞ hesab edir ki, Ilham Əmiraslanova qarşı işgəncə faktları rəsmi və ictimai nəzarətə götürülməli, bütün hüquqi vasitələrdən istifadə olunaraq bu işgəncə faktının üstünə gedilməlidir.

Ramin DEKO