“Bizi heyrətləndirən cərimənin məbləğidir”

Rauf Arifoğlu: “Fantastik cərimə tələbi məmurların söz azadlığına münasibətindən irəli gəlir”

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib. “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin APA-ya verdiyi məlumata görə, AZAL qəzetin 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə, məhkəməyə müraciət edib.
Nizami rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsinə əsasən, “AZAL” qəzetin 500 min manat məbləğində cərimə olunmasını istəyir. V.Hüseyn məhkəmənin ilkin hazırlıq iclasının iyulun 4-nə təyin olunduğun deyib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələ ilə bağlı açıqlamasında bildirib ki, məmurların və vəzifəli şəxslərin məhkəməyə müraciət etmələrinə pis baxmır: “Sevindirici haldır ki, onlar qəzet oxuyurlar. Proseslərə və qəzetdəki yazılara reaksiya verirlər. Sadəcə, burada insanları heyrətləndirən və qəzetçiləri də qəzəbləndirən məsələ ondan ibarətdir ki, məmurlar qəzetləri məhkəməyə verəndə fantastik məbləğ tələb edirlər. Bu da onların həmin qəzetə, söz azadlığı institutuna münasibətlərindən irəli gəlir. Bundan əvvəl Müdafiə Nazirliyi məhkəməyə müraciət edərək bizim qəzetdən 450 min manat civarında, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov isə 500 min manat cərimə tələb edib”.
R.Arifoğlu “AZAL”-la bağlı qəzetdə dərc olunan yazının təhlil yazısı olduğunu deyib: “Həmin yazı iqtisadi sektora aid mütəxəssislərimizin işlədiyi bir yazıdır. Bununla bağlı əks mövqe ortaya qoymaq, təkzib vermək, redaksiyaya yazı göndərmək olardı. Bunların heç biri olmayıb və birbaşa məhkəməyə müraciət olunub. Hər addımda, hər təmasda cəzalandırmaq yox, əlaqə yaratmaq, mətbuat xidmətləri vasitəsi ilə rəy yazılarını, təkzibləri yaymaq olar. Bunları etsələr ölkəmizin də adında qınaq gətirən məhkəmə proseslərinə ehtiyac qalmaz”.