“Rejimin əsas başçılarına sanksiya tətbiq edilməlidir”

“İlham Əliyev, Ramiz Mehdiyev, Ramil Usubov, Eldar Mahmudovun xaricə çıxışı qadağan edilməlidir”

Qurban Məmmədov: “Bir qrup cinayətə bulaşmış dəstə açıq şəkildə dövlət əmlakını yol çəkmək, tikinti adı ilə talamaqla məşğuldur”

“Eurovision” yarışmasından sonra gözlənildiyi kimi hakimiyyət ölkədə vəziyyəti bir qədər də gərginləşdirmək istiqamətində addımlar atmağa başladı. Son zamanlar reallaşdırılan həbslər, gənc fəalların tez-tez polis bölmələrinə dəvət edilməsi bunu bir daha sübut edir. Hakimiyyətin atdığı bu addımların mahiyyəti barədə bu və başqa sualları tanınmış hüquqşünas Qurban Məmmədova ünvanladıq:
– Bu, hakimiyyət üçün adi bir haldır. Rejim özünü qorumaq istəyir. Bu istiqamətdə də hakimiyyət bütün qanuni və qanunsuz tədbirləri həyata keçirir. Biz kimlərlə üzbəüz olduğumuzu tam anlayana qədər bu hərəkətlər bizə təəccüblü görsənəcək. Bizi azərbaycanlı olaraq təbii ki, bu suallar maraqlandırır. Biz xalq olaraq bilməliyik ki, hazırda hakimiyyəti qanunsuz yolla ələ keçirən və onu qanunsuz üsullarla əlində saxlamağa çalışan cinayətkar qrupla üzbəüzük. Bu cinayətkar qrup açıq şəkildə dövlət əmlakını yol çəkmək, tikinti adı ilə talamaqla məşğuldur. Korrupsiya və rüşvət ölkəni bürüyüb. Bütün dövlət orqanlarında rüşvətxorluq və korrupsiya adi normaya çevrilib. Milyardlar uğrunda mübarizədə rejimdən istənilən addımı gözləməliyik. Ayrı-aryı gənclərin təqibi, hüquq müdafiəçilərinin həbsi indiki rejimin baxışından təbii və normaldır.

– Avropa Birliyinin Azərbaycanla bağlı bir müddət əvvəl sərt qətnaməsi oldu. Həmin qətnamədə insan haqları pozuntusunda, insanlara işgəncə verməkdə ittham olunan məmurlara qarşı sərt sanksiyaların tətbiq olunacağı bildirilir. Sizcə, bu siyahıya hansı məmurların adları daxil edilməlidir?
– Işgəncə, kimlərinsə hüqunun pozulması baxımından konkret məmurları ittiham edə bilmərəm. Bunun üçün konkret məhkəmə qərarı olmalıdır. Amma rejimin rəsmi başçıları kimi Ilham Əliyev, Ramiz Mehdiyev, Ramil Usubovun, Eldar Mahmudovun xaricə çıxışı qadağan edilməlidir. Çünki rejimin başında duran bunlardır. Ümumiyyətlə, bütün nazirlərin, bütün prokurorların, hakimlərin xaricə çıxmasına qadağa qoyulmalıdır. Çünki rejimin tüğyan etdiyi məhz bu idarələrdir. Ölkədə korrupsiya, rüşvətxorluq baş alıb gedirsə, dövlətə başçılıq edən şəxs, nazir məsuliyyət daşıyır. Ya bu şəxslər korrupsiyanın təşkilatçısıdır, cinayətkardır, həbs olunmalıdır. Ya da nəzarəti itirib və buna görə də cavab verməlidir. Ona görə düşünürəm ki, Avropa Birliyinin sanksiya siyahısına bütün vəzifədə olanlar salınmalıdır.

Azərbaycan rejimi ilə Qəzzafinin davranış qaydası eynidir

– Hakimiyyət qanunvericilik sahəsində bir sıra mürtəce addımlar ataraq ölkədəki durumu daha da ağırlaşdırıb. Milli Məclisin “Informasiya əldə etmək haqqında” qanuna etdiyi dəyişiklik bunu sübut edir. Sizcə, bu qanun nəyə hesablanıb?
– Bu rejimin özünü müdafiə hərəkətləri bizi təəccübləndirməməlidir. Vaxtilə Qəzzafi bütün dünyaya qarşı çıxaraq, onları lağa qoyurdu. Eyni hərəkətləri də hazırkı rejim edir. Görünür, bütün dünyada diktatura rejimlərinin davranış qaydası eynidir. Bu rejimlərin tarixdə gəlişi və gedişi də eyni amillərə bağlıdır. Azərbaycan parlamentində Almaniya və Avropa ilə bağlı edilən çıxışa diqqət yetirsəniz, bizim hansı siyasi əxlaq sahibləri ilə üz-üzə durduğumuzu daha yaxşı anlarıq. Azərbaycan xalqı taleyinə sahib çıxmalıdır. Bu məlumat almanın da çətinləşdirilməsi, qanunların sərtləşdirilməsi hakimiyyətin özünü qoruma instiktindən irəli gəlir. Ümumiyyətlə, hakimiyyət bütün qanunları qəbul edəndə özlərinin gələcəyini qorumaq üçün edir. Məsələn, Cinayət Məcəlləsində qanunsuz hökm çıxarmağın, seçki pozuntularına yol verənlərin cəzası yüngüldür. Bu cəzalar amnistiyaya düşür. Amma siyasi fəalların, hüquq müdafiəçilərinin həbs olunduğu maddələr amnistiyadan kənardadır.

– Son zamanlar dövlət başçısı Ilham Əliyevlə yanaşı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da adı beynəlxalq təşkilatların siyahısına düşür. Ümumiyyətlə, Naxçıvan rejimin bir poliqonu sayılır ki, orada sınaqdan çıxarılan metodlar sonra daha geniş formada Azərbaycanda tətbiq olunur. Amma bu neqativ məqamlar aradan qaldırılmaq əvəzinə Naxçıvana dövlətçilik atributları verilir…
– O da istisna deyil ki, hakim ailə Naxçıvanı özünün mülkü kimi hazırlayır, birdən onları Azərbaycandan qovsalar gedib ora sığınsınlar. Bu, xam xəyaldır. Naxçıvana əlavə dövlətçilik atributlarının verilməsi Qarabağa gələcəkdə verilə biləcək statusa hazırlıq məqsədi daşıyır. Digər tərəfdən, düşünürəm ki, Vasif Talıbovun Naxçıvanda etdikləri çox şişirdilir. Çünki Vasif Talıbov Azərbaycanın birinci adamı deyil. O, Naxçıvanda etdiklərini özbaşına reallaşdırmayıb. Vasif Talıbov müəyyənləşdirilən kursa uyğun hərəkət edib. Belə götürəndə Azərbaycandakı icra başçıları arasında ən yaxşısı elə Vasif Talıbovdur. Müqayisədə onun Naxçıvandakı abadlıq işləri Azərbaycanda ən yaxşı sayıla bilər. Azərbaycanda nə baş verirsə, Ramiz Mehdiyevlə Ilham Əliyevin rəhbərliyi altında reallaşır.

Elnur Seyidovun həbsinin uzadılması Əli Kərimliyə təzyiqdir

– Hakimiyyətin siyasi opponentlərinə qarşı çirkin kampaniyası davam etməkdədir. AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov məhkəmədə bildirib ki, üç ay ərzində onun barəsində heç bir istintaq hərəkəti görülməyib. Və o, həbs müddətinin daha 3 ay artırılmasını konkret olaraq Ə.Kərimliyə qarşı siyasi təzyiq kimi dəyərləndirib…
– Əlbəttə, bu, Əli Kərimliyə qarşı bir siyasi təzyiqdir. Bunun başqa adı yoxdur. Hər bir xalq bilməlidir ki, hansı rejimlə üzbəüzdür. Hazırkı qurluş diktatura, anarxiya rejimidir. Bu ölkədə məhkəmə sistemi yoxdur. Məhkəmələr göstərişlə, tapşırıqla hərəkət edirlər. Azərbaycanda bəzən boşanma işlərinə obyektiv baxılır, qalan heç bir işə obyektiv baxılmır. Azərbaycanda insanı həbs edirlər və daha sonra ona qarşı ittiham axtarmağa, sübut toplamağa başlayırlar. Bütün diktatura rejimlərinin rəhbərləri eyni metodlarla idarəçiliyə üstünlük verirlər.

– Hakimiyyətin təbliğatında əsas tezislərdən biri Avropanın hazırda böyük böhran içərisində olmasıdır. Iqtidar ideoloqları elan edirlər ki, hazırda Avropa iqtisadi sabitliyinə görə Azərbaycandan qat-qat geri qalır və avropalılar dilənçi günündə yaşayırlar…
– Mən on gündür ki, Avropadayam. Əgər avropalılar həqiqətən də dilənçi vəziyyətindədirlərsə, o zaman mən də Azərbaycan xalqına bu cür dilənçi vəziyyətdə ölməyi arzulayıram. Bu hakimiyyət başını itirib. Bu iqtidar təbliğatı da düzgün bacarmır. Iddia edirlər ki, Almaniyanın “Opel” avtomobil şirkətinin bir zavodu bağlanır. Bu o deməkdir ki, “Opel”in daha çox zavodu var və o, bu zavodların hamısına xərc çəkmək istəmir, ona görə bağlayır. Almaniyada bu şirkətdən başqa neçə marka maşın zavodu var. Bəs Azərbaycanın nəyi var? Azərbaycan vətəndaşı insan kimi yaşamaqdan məhrumdur. Avropada küçələrdə polis gözə dəymir. Insanlar şad, xürrəm və təhlükəsiz yaşayırlar.

Seçki komissiyaları saxtakarların əlindən alınmalıdır

– Daxili işlər naziri Ramil Usubov ölkədəki hazırkı kriminogen durumdan söhbət açarkən bildirib ki, Azərbaycandakı hazırkı stabillik Avropa ölkələrindən irəlidədir və onun qorunması da yüksək səviyyədə təşkil olunub. Bu iddianı nə dərəcədə əsaslı saymaq olar?
– Bu, stabillik sözünün altında kimin nə gizlətdiyindən və onun mənasını kimin necə başa düşməsindən asılıdır. Təbii ki, hakim ailənin maraqlarının, özbaşnalıqlarının qorunması, xalqın susdurulması, müxalifətin səsinin boğulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması baxımından Azərbaycanda tam mütləq bir sabitlik var. Bu prizmadan baxanda Ramil Usubov haqlıdır. Amma xalqın rifahının çiçəklənməsi, dövlət büdcəsinin dağıdılmasının qarşısının alınması, həyat səviyyəsinin yaxşılaşdırılması baxımından Avropa Azərbaycanla müqayisə olunmaz dərəcədədir. Onların marağındadır ki, özlərini qorusunlar, millət acından ölsün və etiraz edə bilməsin. Məhz bu yanaşmadan hakimiyyət stabilliyi təmin edib. Amma Avropadakı stabillik tamamilə başqa anlayışdır.

– Ərəb ölkələrində baş verən dəyişikliklər zamanı müşahidə etdiyimiz bir məqam da ondan ibarət idi ki, rejimlərə təzyiqlər artdıqca daxildəki stabillik pozulurdu. Bu baxımdan gələn il Azərbaycanda seçki ilidir və artıq demokratik Qərbdən Azərbaycana qarşı sərt mesajlar ünvanlanmaqdadır. Sizcə, bu mesajlar sərtləşdikcə hakimiyyət daxilində hansı proseslər yaşana bilər?
– Beynəlxalq aləmin münasibətinin daha da sərtləşməsi, prinsipial və ardıcıl xarakterli olması üçün bizim özümüz düzgün mübarizə metodu seçməliyik. Mən dəfələrlə demişəm. Indiki şərtlər daxilində bu rejimlə seçkiyə getmək Azərbaycan xalqının mənafeyinə, dövlətçiliyimizə ziddir. Ictimai Palatanın toplantısında öz mövqeyimi bir daha təkrarlayacağam. Seçki mühiti, Seçki Məcəlləsi dəyişməyincə, bu saxtakarların əlindən seçki komissiyaları alınmayınca, paritet əsaslarla və ya beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda seçki təşkil olunmayınca, bu cinayətkarlarla seçkiyə getmək olmaz. Hakimiyyət daxilindəki münasibətlərə gəlincə, beynəlxalq təzyiq artdıqca bu pozulmayacaq. Çünki Heydər Əliyevin əsasını qoyduğu bu sistem öz daxilində müstəqil addımları qəbul etmir. Rejim ətrafına müstəqil şəxsləri yığmadığı üçün də, onların hər hansı müstəqil addım atması da real deyil.

Xəyal