Onlar üçün tikilən binanı “Eurovision”da hotel kimi istifadə edib, bərbad vəziyyətdə geri qaytardılar
Nərimanov rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin zabitləri üçün tikilən 12 mərtəbəli binanın “Eurovision” ərəfəsində müvəqqəti olaraq hotel kimi istifadə ediləcəyi barədə məlumat verilmişdi. Xəbəri Dövlət Sərhəd Xidməti də rəsmən təsdiqləmişdi. “Müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir hotellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq”.
Eyni fikirləri Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Eurovision-2012″ mahnı müsabiqəsinin Təşkilat Komitəsi üzvlərinin keçirdikləri mətbuat konfransında bildirib. ”Bu evlər tam şəkildə, texniki və ev avadanlığı ilə təmin olunmuş şəkildə zabitlərə paylanacaq. Halbuki bu evlər təmirsiz şəkildə sentyabrda zabitlərin istifadəsinə verilməli idi”.
“Azadlıq”a daxil olan məlumatlarda isə bildirilir ki, “Eurovision” bitəndən sonra sərhədçilər 4 gün ərzində mənzillərinə buraxılmayıb. 4 gündən sonra zabitlər mənzillərinə daxil ola biliblər və anındaca şoka düşüblər. Çünki mənzillərdə vəd edilən heç bir avadanlıq olmayıb. Hotel kimi istifadə edilən zaman mənzillərə yerləşdirilən bütün avadanlıqlar aparılıb. Hətta bəzi mənzillərdə elektrik şəbəkələrini, kabelləri belə, söküb aparıblar.
Mövzunu davam etdirəcəyik.
Hikmət