Gülüşün obrazını yaradan adam…

O, səhnəyə möcüzə kimi gəlmişdi…

 

O, insanlara gülüş bəxş etməyin bir missiya olduğunu düşünürdü. Çünki onun gülüşü məhz mənalı, səmimi və düşündürən gülüş idi. Qısa səhnə ömründə heç bir bayağı, şit, duzsuz rol oynadığı olmadı. Elə həyatdakı rolunu da insanca, mərd- mərdanə, əsl gülüş ustası kimi oynadı. Tamaşaçılarının dodağında bir təbəssüm buraxaraq düşüb “getdi” səhnədən…
Azərbaycanın gözəl sənətkarı Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Qubanın Rustov kəndində anadan olmuşdu. Atası vaxtsız vəfat etdiyi üçün anası ilə birlikdə Bakıya köçmüşdülər. Yeddi illik təhsilini Bakıda alıb, ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olmuşdu…
1942-ci ildə Musiqili Komediya Teatrı fəaliyyətə başlayanda 17 yaşlı Bəşir Səfəroğlu teatrın aktyorlarından biri oldu. Həyatının iki ili dəhşətli müharibə burulğanından keçəndən sonra vətənə lal-kar dönən Bəşir Səfəroğlu həyatda duruş gətirmək, ümidsizlik girdabından qurtulmaq üçün bu istəyə söykəndi. Nə yaxşı ki, onu anlayıb, səhnədən ayrılmasına yol vermədilər.
Niyaz Şərifov bir həftədən artıq Musiqili Komediya Teatrının qarşısında dayanıb həsrət-həsrət bu binaya boylanan Bəşir Səfəroğlunu çəkib teatra gətirdi. Ona yenə də Musiqili Komediya Teatrında yer verildi. Əvvəlcə tamaşaçı, sonra isə kütləvi səhnələrin aktyorlarından biri kimi. Çox keçmədi ki, teatr sevgisi möcüzə yaratdı. Yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan Bəşir Səfəroğlunun dili də, qulaqları da açıldı, yaratdığı səhnə möcüzələri də elə bundan sonra başlandı.
Onun ifasına zəngin mimika, incə yumor, mənalı gülüş xas idi. “Gözün aydın” komediyasında Salyanski, “Toy kimindir”də Uzun, “Rəisin arvadı” tamaşasında Balaəmi, “O olmasın, bu olsun” operettasında Məşədi Ibad və bu teatrın səhnəsində yaratdığı onlarca digər obraz Azərbaycanın səhnə obrazları qalereyasının incilərindəndir.
Bəşir Səfəroğlunun uğurlu rolları çox olub. Onlardan biri də Şıxəli Qurbanovun “Milyonçunun dilənçi oğlu” musiqili komediyasındakı polis rəisi rolu idi. Səhnədə son dərəcə  ciddi görünən Bəşir Səfəroğlu birbaşa studiyaya daxil olurdu. Daha dəqiq desək, özü vəziyyəti yaradır və tamaşaçıya çatdırırdı. Görkəmli sənətkar burada improvizələr, əsərin mətninə öz əlavələrini edirdi. Yəqin xatırlayırsınız: o, ölünü iki tərəfdən də qıdıqlayır: “Ölünün də qıdığı gələr? Hanı? Gəlmir. Axmaqlar!”  sözlərini deyir. Bu zaman “meyit” tərpənir və yerindən qalxanda polis rəisini titrəmə tutur. Polislərin: “Ölü hanı?” sualına polis rəisi “qaçdı” cavabını verir. Bəşir Səfəroğlu sifətindəki dəhşətli qorxunun əlamətlərini tamaşaçılara çox ciddi çalarlarla çatdırırdı. Səhnədə yerindən tərpənmir, ancaq hər an, hər dəqiqə dəyişən sifət cizgilərində rolunu davam etdirirdi. Bu tamaşada heç kəs səhnəyə Bəşir Səfəroğlu kimi ciddi üz mimikaları, ciddi ifa tərzi ilə çıxmırdı. O, hadisələri hisslərilə yaşayaraq tamaşaçıya çatdırırdı.

Rəngarəng və fərqli rollar…

Bəşir Səfəroğlu teatrın müxtəlif quruluşlarda hazırladığı “Məşədi Ibad” (“O olmasın, bu olsun”) operettasının tamaşalarında əvvəlcə hamamçı Usta Məhərrəm, sonra Qoçu Əsgər rollarını oynayıb. Bəşir Səfəroğlu usta Məhərrəmi yaradıcılığının erkən dövrlərində oynayıb. Qoçu Əsgər və Məşədi Ibadı isə yaradıcılığının formalaşdığı dövrlərdə yaradıb. 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində S.Qədirzadənin “Gəlməli, görməli, gülməli” miniatüründə o, Baloğlanı oynayıb. O, dramatik rolları da çox sevirdi. N.Nərimanovun “Nadir şah”ında Nadir şahı, V.Şekspirin “Hamlet”ində Hamleti, C.Məmmədquluzadənin “Ölülər”ində Kefli Isgəndəri məharətlə oynamışdı.
Rejissor Klimenti Mintisin 1964-cü ildə çəkdiyi (“Tacikfilm”) “Xoca Nəsrəddinin on iki qəbri” filminə yüzlərlə aktyor baş rola çəkilməyə çağırılmışdı. Ancaq bu rola çəkilmək məhz B.Səfəroğluna nəsib oldu. Filmdə baş qəhrəman Xoca Nəsrəddinin sözü azdır. Ancaq Bəşir Səfəroğlu rolu elə canlandırırdı ki, sözlərin azlığı hiss olunmurdu. O, rolun böyük-kiçikliyindən, əsərin çox güclü və ya zəif olmasından asılı olmayaraq, səhnədə xarakter yaratmağı bacarırdı. Yüngül yolla gülüş yaratmaq onun təbiətinə yad idi. Onda həm də musiqinin ritmini bacarıqla tutmaq qabiliyyəti vardı. O oxuyanda elə bil, insanın ruhu dincəlirdi. Qəlbindəki kədər çox vaxt onun səsində duyulurdu, həm də gülərüz çöhrəsində açıq-aydın görünürdü.
Böyük sənətkar filmlərdə də bir-birindən maraqlı obrazlar yaradıb. “Əhməd haradadır” filmində Sərxoş, “Qəribə əhvalat”da Cəmil, “Aygün” filmində Əmirxanın dostu, “Yun şal”da Kişi, “Yaşamaq gözəldir, qardaşım” filmində Səfər kimi obrazlar, teatrda oynadığı saysız-hesabsız rollar minlərlə, milyonlarla tamaşaçı qəlbinə yol tapa bildi. “Ulduz” filmindəki Gülümsərov obrazı onun yaratdığı və bu gün də çox sevilən maraqlı obrazlarından biridir.
“Ulduz” kinokomediyasındakı Gülümsərovun sözləri dillər əzbəri olmuşdu: “Möhsün yaz”, “Yox, bunu yazma”, “Yazarsan ki, elmi işə sərf olundu” və s. Bu obraz böyük aktyor Bəşir Səfəroğlu tərəfindən elə məharətlə ifa olunmuşdu ki, hər hansı bir aktyorun Gülümsərovu bu səviyyədə yaradacağına inanmaq çox çətin idi.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında “Gəlməli, görməli, gülməli” Miniatür Teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə sənətkar onlarla satirik obraz yaradıb.
Heyf ki, əcəl onu çox erkən apardı. 44 yaşında xərçəng xəstəliyindən vəfat etdi. Bəşir Səfəroğlu özünü insanlara, tamaşaçılara, həqiqətən də sevdirə bildi. O, tamaşaçını güldürmək üçün dəridən-qabıqdan çıxan aktyorlardan deyildi. Yumor hissləri onun daxilindən gəlirdi. O, rola bütün qəlbi ilə bağlanırdı.

Qısa ömrün son yolçuluğu…

Böyük və qüdrətli sənətkar, əvəzsiz aktyor Bəşir Səfəroğlunun ömrü bir həyat idi. Bu komediya ustasının özünəməxsus səsi tamaşaçının yaddaşından heç vaxt silinməyəcək… Sənətkarın qızı və layiqli davamçısı aktrisa Afaq Bəşirqızının xatirələrindən: “Bəşir Səfəroğlu səhnədən milyonlarla insanı güldürsə də, həyatda çox ciddi və amiranə insan olub və heç vaxt haqqı nahaqa verməyib. Bəlkə də elə buna görə 43 yaşında ikən həyatdan gedib.
Atamın xasiyyəti tünd olsa da, özünə qarşı çox tələbkar və çalışqan insan idi. Bir aktyor kimi özünə arxayınlığı olsa da, gecə-gündüz işləməkdən yorulmazdı. Indi vəzifə kürsüsünə can atan bəzi aktyorlara baxıb dəhşətə gəlirəm. Axı aktyor bədii rəhbər, inzibatçı və direktor kimi sevilə bilməz. Atam həmişə deyərdi ki, aktyor sənətkar kimi sevilib, sənətkar kimi də dünyadan getməlidir. Yəni o, hansısa vəzifə kürsüsündə əyləşə bilər, lakin yaddaşlarda səhnədə yaratdığı obrazlara görə daha çox qalar. Atamın özündə aktyora lazım olan bütün keyfiyyətlər cəmlənmişdi…”
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.
Sənət uğurlarına görə 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Respublikasının əməkdar artisti, 1968-ci ildə xalq artisti fəxri adları verilib.
Şöhrətli sənətkar Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.
Xalq artisti Bəşir Səfəroğlu belə yaşadı, belə yaratdı və işıqlı xatirələrə qovuşdu…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir