Amerikada senator Con Makkeyn Donald Trampı ya keçmiş prezident Obamaya qarşı ittihamlarını sübut etməyə, ya da bu ittihamları yığışdırmağa çağırıb.
Məlumdur ki, Tramp Obamanı onu izləmək məqsədilə “Trump” otelində dinləyici qurğu quraşdırmaqda ittiham etmişdi. ABŞ prezidenti bu ittihamı səsləndirərkən heç bir sübut təqdim etməmiş, lakin Ağ Ev Konqresi bu ittihamları araşdırmağa çağırmışdı.
Sonra Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi təhqiqat aparmağa hazır olduğunu bildirmiş və Ağ Evi əlində olan sübut-dəlilləri Konqresə verməyə dəvət etmişdi.
Amma Makkeyn CNN telekanalına müsahibəsində deyib ki, Tramp istəsə bu məsələyə asanlıqla aydınlıq gətirə bilər: “İndi mənim bu ittihamın doğruluğuna inanmaq üçün bir əsasım yoxdur, amma ona da inanıram ki, Birləşmiş Ştatların prezidenti istəsə, bu məsələyə bir neçə dəqiqədə aydınlıq gətirə bilər/”
“The İndependent” yazır ki, senator Makkeynlə Tramp arasında çəkişmə artıq xeyli müddətdir davam edir. Tramp özünün seçki kampaniyası zamanı demişdi ki, Makkeyn Vyetnam müharibəsində əsir düşdüyünə görə qəhrəman olub.
Buna baxmayaraq, Arizona senatoru sonralar Trampın prezidentliyini dəstəkləmişdi. Trampın sözügedən ittihamları isə Obamanın sözçüsü, habelə ABŞ kəşfiyyatının rəsmiləri tərəfindən təkzib edilib.
Makkeyn Trampın komandasının Rusiya rəsmiləri ilə şübhə doğuran əlaqələrinə dair iddialardan narahat olduğunu deyir. O, Rusiyaya münasibətdə sərt istiqamətli siyasətin tərəfdarıdır.
azadliq.info




