Böyük güclər Əliyevlə Sərkisyandan qəti addımlar tələb etdi

Vasitəçi ölkələrin prezidentləri yeni Qarabağ bəyanatı verdi; Bakı “güzəşt imkanımız yoxdur” dedi

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bəyanatla çıxış ediblər. Bu ölkələrin prezidentləri Barak Obama, Fransua Oland və Vladimir Putin “G-20”nin Meksikada keçirilən zirvə görüşündə azərbaycanlı və erməni həmkarlarını münaqişəsinin həlli istiqamətində qətiyyətli addımlar atmağa çağıran bəyanat veriblər.
«Bizim – ATƏT-in Minsk qrupu ölkələri prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi dəyişməz və qətidir. Münaqişə tərəfləri davamlı və dinc həllə nail olmaq üçün vacib qərarları bundan artıq yubatmamalıdırlar. Təəssüflənirik ki, Azərbaycan və Ermənistan prezidentləri 2011-ci ilin mayında Dovildə verdiyimiz bəyanatda göstərilən həlledici addımları atmadılar. Buna baxmayaraq indiyə qədər əldə olunmuş nailiyyət bitkin sülh çərçivəsi üzərində işə təkan verməlidir”, – deyə birgə bəyanatda bildirilir.

Həmsədr ölkələrin prezidentləri Ermənistan və Azərbaycan rəhbərliyini 2012-ci ilin yanvarında Soçi bəyanatlarında göstərilən öhdəlikləri yerinə yetirməyə – Baza Prinsipləri üzrə razılaşmanı sürətləndirməyə çağırıblar. Onlar bildiriblər ki, tərəflər siyasi iradəni sübut etmək üçün danışıqlarda “maksimalist mövqelərini kənara qoymalı, 1994-cü il atəşkəs müqaviləsinə hörmətlə yanaşmalı, gərginliyi artıran düşmən ritorikasından əl çəkməlidirlər”.
“Biz liderləri Helsinki Müqaviləsinin prinsiplərinə (gücdən istifadə etməmək yaxud güclə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüquqları), eləcə də 2009-cu il L’Aquila və 2010-cu il Muskoka bəyanatlarımızda göstərilən elementlərə əməl etməyə çağırırıq.
Hərbi güc münaqişəni həll etməyəcək, lakin regionda xalqların əzab və çətinliklərini daha da uzadacaq. Münaqişənin ancaq dinc və danışıqlar yoluyla həlli bütün regiona imkan verəcək ki, status-kvodan çıxıb təhlükəsiz və çiçəklənən gələcəyə addımlasınlar”, – deyə bəyanatda vurğulanır.
Sənəddə daha sonra qeyd olunur ki, Minsk qrupu həmsədr ölkələri tərəflərlə işi davam etdirəcək, lakin sülhə nail olmaq Azərbaycanla Ermənistandan asılıdır. “Biz tərəfləri Minsk qrupu həmsədrlərinin vasitəçi yardımından tam istifadə etməyə çağırırıq. Ancaq sülh tamamilə tərəflərin istəyindən – birtərəfli üstünlüyə deyil, qarşılıqlı anlaşmaya əsaslanan razılaşma əldə etmək istəyindən, sülhün bütün xalqlara və gələcək nəsillərə faydasını birgə görməsindən asılıdır”, – deyə bəyanatda bildirilir.
Həmsədr ölkələrin prezidentlərinin bəyanatına rəsmi Bakı artıq cavab verib. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytına verdiyi açıqlamasında deyib ki, bu bəyanatı həmsədr ölkələrin iradəsinin davamı hesab edirlər və Dağlıq Qarabağ probleminin dünyanın həllini gözləyən əsas məsələlərindən biri kimi dəyərləndirilməsi, tərəflərin kompromis addımlara çağırılması müsbət haldır. “Lakin onu da deməyi borc bilirik ki, Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe ortaya qoyub. Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik göstərən, problemin aradan qaldırılmasına ciddi yanaşmayan Ermənistandır. Ona görə də münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır, bu ölkə Azərbaycanın konstruktiv mövqeyinə cavab verməlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, prezidentlərin birgə bəyanatında istinad olunan Helsinki Yekun Aktının imkan verdiyi maksimum güzəştləri ortaya qoyub. Bizim bundan artıq güzəştə getmək imkanımız və niyyətimiz yoxdur”, – deyə Ə.Həsənov bildirib.
Həmsədr ölkələrin Azərbaycan və Ermənistanı güc tətbiqindən çəkinməyə çağırmasına gəlincə, şöbə müdiri bildirib ki, güc tətbiqindən çəkinmək BMT-nin dövlətlərarası münasibətlərdə mübahisəli məsələlərin həlli üçün müəyyənləşdirdiyi təməl prinsiplərdəndir. Ona görə də birgə bəyanatda bu məsələyə toxunulmasını həmin prinsipə istinad olunması kimi dəyərləndirirlər. “Amma bu o demək deyil ki, ərazi işğalı faktı uzun müddət davam edəcək, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququndan məhrum olacaq. Azərbaycan bu hüququ özündə saxlayır. Lakin biz də bu məsələnin sülh yolu, danışıqlarla həll olunmasına tərəfdarıq. Üç həmsədr ölkənin çağırışını da onların münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələri kimi dəyərləndiririk”, – deyə şöbə müdiri qeyd edib.

Informasiya şöbəsi