Təhsil naziri TQDK sədrini semester imtahanları ilə “ilişdirmək” istəyir
Təhsil Nazirliyi ilə Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi (TQDK) arasında ziddiyyətlər davam edir. TQDK sədri Məleykə Abbaszadənin Misir Mərdanova son zərbəsi imtahan nəticələrini açıqlaması oldu. Buraxılış imtahanlarının biabırçı nəticələri təhsilin hansı səviyyədə olduğunu ortaya qoydu. Yeri gəlmişkən, biz hələ bir müddət əvvəl yazmışdıq ki, Məleykə Abbaszadə bu məsələdən Misir Mərdanova qarşı istifadə edəcək.
Dünən əldə etdiyimiz məlumatlara görə, təhsil naziri bu zərbəni cavabsız qoymaq niyyətində deyil. Məlumatlarda deyilir ki, ali məktəbələrə qəbul imtahanlarından sonra ölkə başçısı Ilham Əliyevin yanında təhsil sahəsindəki problemlərə həsr olunmuş xüsusi müşavirə keçirələcək.
Həmin müşavirədə buraxılış imtahanlarının nəticələri xüsusi müzakirə olunacaq. Misir Mərdanov bunun bildiyindən Məleykə Abbaszadəni “vurmaq” üçün plan qurub. Məlumatlarda deyilir ki, təhsil naziri ali məktəblərin rəhbərlərinə tapşırıb ki, 1, 2 və 3-cü kursda oxuyan tələbələrin semester imtahanlarına ciddi diqqət edilsin. Xüsusilə 1-ci kursda oxuyan tələbələrdən imtahanlar ciddi şəkildə götürsün. Imtahanlar zamanı tanışlıq, tapşırıq və başqa şərtlər kənara qoyulsun. Bu Misir Mərdanovun ali məktəblərdə qayda-qanun yaratmaq istəyindən irəli gəlmir. Təhsil nazirinin məqsədi semester imtahanlarının real nəticələrini bilmək və bununla Məleykə Abbsazadəyə zərbə vurmaqdır. Misir Mərdanov düşünür ki, semester imtahanlarından hər tələbə öz biliyi ilə qiymət ala bilməyəcək. Nəticədə təhsil naziri həmin tələbələrin qəbul imtahanlarında göstərdikləri nəticələrin doğruluğunu şübhə altına biləcək. Bu isə qəbul imtahanlarına məsul olan Məleykə Abbaszadənin fəaliyyətini şübhə altına almaq olacaq.
Informasiya şöbəsi