Hüquq müdafiəçisindən tükürpədici faktlar

i emiraslanov-sabirabadhebs“Bandotdel”in əməkdaşları İlham Əmiraslanovu necə “cinayətkar” ediblər?

Sabibaradda həbs edilən və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İlham Əmiraslanov Respublika Prokurorluğuna və DIN-ə ərizə ilə müraciət edib. Hüquq müdafiəçisinin vəkili həmin müraciətin surətini dünən keçirdiyi mətbuat konfransında media nümayəndələrinə təqdim edib. Ilham Əmiraslanov müraciətində tükürpədici faktlar açıqlayıb. Müraciəti olduğu kimi təqdim edirik:

Olimpiya Kompleksi yoxsa, işgəncə mərkəzi?

i emiraslanov-erize1

“Sizə məlumat verirəm ki, 08 iyun 2012-ci il tarixdə Sabirabad şəhərində aptekdən dərman alıb evimə qayıdarkən, yaşadığım Sabirabad rayonu Əsgərbəyli kəndinin yaxınlığında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməliyyatçıları tərəfindən saxlanılmışam.
Əməliyyatçılar Sabirabadın polis əməkdaşları ilə birlikdə məni saxlayarkən yerə yıxıb, qollarımı arxadan qandallayıb, başıma yaşıl rəngli torba keçirmiş və ayağa durğuzdurduqdan sonra şəxsi maşına mindirmiş, mənə məlum olmayan istiqamətə aparmışlar. Avtomaşının arxa oturacağında mənim hər iki tərəfimdə əməliyyatçılar əyləşmişdilər. Əməliyyatçılardan biri, ona yoldaşları Səid deyə müraciət edirdilər, mənim sağ tərəfimdə oturmuşdu və arxadan mənim şalvarımın kəmərinin arasına nə isə qoyduğunu hiss elədim. Mənə elə gəldi ki, bu hansısa aparatdır. Bu zaman o başıma bir neçə yumruq da vurdu və nalayiq söyüşlərlə məni təhqir etdi.
Maşında əməliyyat işçilərinin danışığından başa düşdüm ki, onlar məni Nadir müəllim adlı rəislərinin yanına aparırlar və söhbətdən mənə məlum oldu ki, o idman kompleksində dincəlir. Mən başa düşdüm ki, məni Sabirabad Olimpiya kompleksinə aparırlar.
Məni maşından düşürüb bir binaya apardılar və başımdan torbanı çıxardan da mən gördüm ki, bu kompleksin 2-3 mərtəbəli istirahət binalarından biridir. Məni stola otuzdurdular və əlimi stulun arxasına bağladılar. Səid başıma təpik vurdu, mən stul qarışıq yerə yıxıldım. O, mənim başıma yenidən torbanı keçirib, torbanın ipi ilə məni boğmağa başladı. O, mənim ağzımın üstünə yumruq vurdu, ağzım qanadı, gözümün altına yumruq vurdu,  gözümün altının şişi və qaraltısı iki gün əvvələdək dururdu.

Göstəriş verilib, sən tutulmalısan

i emiraslanov-erize2

Məni döyüb başımdan torbanı çıxardanda gördüm ki, ikinci mərtəbədən pilləkənlə enli kürək, dolu bədənli bir nəfər düşür. Ona müraciətlərindən başa düşdüm ki, bu Nadir müəllimdir. Nadir müəllim mənə dedi ki, sən niyə 2-3 gündür evdən çölə çıxmırsan? Sənə görə gəlib burda qalmışıq. Səid mənim belimə qoyduğu şeyi çıxarıb qoydu stolun üstünə. Onda mən gördüm ki, bu tapançadır. Tapançanı Səid mənim üstümdən çıxaranda balaca kamera ilə videoçəkiliş aparırdılar. Çəkiliş aparan əməliyyatçılardan biri idi, adını bilmədim. Səid tapançanı çıxaranda mənə dedi ki, bu tapançanı sənə qardaşın verib. Mən isə dedim ki, bu tapançanı asma körpünün üstündə sən mənim belimə qoymusan.
Bu sözlərdən sonra Səid mənim başıma və qarnıma yumruq vurmağa başladı. Səid Torbanı başıma keçirdi və məni hədələdi ki, səni butulkanın üstündə oturdacam, başına oyun açacam. (O mənim başıma açacağaı oyunu adı ilə deyirdi, amma mən bunu sizə etika xatirinə yazmıram)
Məni başımda torba ilə yenidən boz rəngli xarici maşına (həmin maşınla da məni Bakıya gətiriblər) mindirdilər və Sabirabad RPŞ-nin rəis müavini Rauf Məcidovun otağına gətirdilər. Onun otağında mənim başımdan torbanı çıxardılar və qolum qandallı stola otuzdurdular. Orada Rauf Məcidov, Nadir müəllim, Səid və başqa tanımadığım 4 nəfər var idi. Səid yenidən tapançanı belimə keçirdi və yenidən çəkiliş elədilər. Səid tapançanı özü çıxardı və stolun üstünə qoydu. Səid mənədən soruşdu ki, tapançanı haradan almısan, kim sənə verib? Sonra Səid tapançanı mənim başıma dirəyib tətiyi çəkdi. Güllə açılmadı, tapança boş idi. Mən dedim ki, tapança mənim deyil, belimə sən qoymusan. Bu an Nadir müəllim məni şillə ilə başımdan zərblə vurdu və mən stul ilə birlikdə aşıb düşdüm. Sonra məni durğuzdular, Səid əlləri ilə mənim alt və üst çənəmdən dartaraq ağzımı cırmağa başladı. Mən bu an ayağa qalxdım. Nadir yaxınlaşıb alın hissəmdən bərk zərbə vurdu və mən yerə yıxıldım. Otaqda olanlar məni təpikləməyə başladılar.
Səid Rauf müəllimdən soruşdu ki, səndə butılka varmı? O, da cavab verdi ki, var amma içində bir az araq var. Səid dedi ki, bunun şalvarını çəkin aşağı, bunu p…. eləmək lazımdır. Rauf Məcidov mənə dedi ki, onsuz da sənin başına oyun gətirəcəm, çıxıb küçədə deyəcəksən ki, mənim d….. dağıtdılar? Mən onlara dedim ki, elə olmaqdansa, döyülüb ölmək daha yaxşıdır. Sonra dedilər ki, göstəriş verilib və sən tutulmalısan. Biz də sənə hörmət eləyib bu yolla tuturuq.

Polis rəisi ilə əməliyyatçının ssenarisi

i emiraslanov-erize3

Mən tapançanın mənim olduğunu boynuma almağa məcbur oldum. Özləri mənə ssenari hazırladılar ki, guya mən ot biçməkdən gələndə 2 ay əvvəl bu tapançanı Arazın qırağından tapmışam, sellofanın içində olub. Mən razılaşdım və mənim izahatım belə də yazıldı. Bundan sonra Rauf Məcidov mənə dedi ki, BMCQMI-nin əməkdaşları bilmirlər, sən ki, bilirsən, 2 ay qabaq ot biçilmir. Niyə demirsən? Mən dedim ki, özünüz yazırsınız. Mən ki, demirəm.
Bundan sonra ssenari dəyişdi. Bu ssenariləri Rauf Məcidov və Səid qururdular. Dedilər ki, deyərsən ki, 2 ay bundan qabaq heyvan otarmaqdan gələndə tapançanı Arazın qırağından tapmısan, ağ sellofan torbada.
Izahat belə yazıldı.
Bundan sonra Nadir müəllim dedi ki, 5 (beş) dənə də patron verəcəksən. Dedim haradan verim. Nadir müəllim dedi ki, biz sənin evinin altına atacağıq, sən isə oradan götürüb verəcəksən. Mən belə yazılmış izahatı imzaladım.
Qeyd etmək istəyirəm ki, mənim heyvanım olmayıb, indi də yoxdur. Mən heç zaman mal-qara, qoyun otarmamışam. Mənim ömrüm Rusiyada və Bakıda keçib. Ticarətlə məşğul olmuşam. Kəndə 2009-cu ilin avqust ayında qayıtmışam və çayın daşması ilə bağlı fəlakət başladığı üçün qalıb camaata kömək etmişəm – bənddə işləmişəm. Bundan əvvəl mən kənddə yaşamamışam.
Təxminən, günortadan sonra 15-ə qədər minik avtomaşını ilə, o, cümlədən qara maskalıların əyləşdiyi maşınlarla kəndə yollandıq. Mən evimizin yerini göstərdim. Küçədə dayandıq. Giriş qapını dağıdıb, içəri girdilər. Içəri girəndə həyətdəki stol-stulu, qab-qacağı təpikləyib dağıtdılar. Məni itələyərək evin altına saldılar və orada Səid mənə dedi ki, götür. Dedim nəyi? Səid dedi ki, sellofanı. Yerdən bir sellofan götürdüm, cırıq və boş idi. Sonra dedi ki, onu yox, kafelin altındakı sellofanı götür. Mən əyilib sellofanı götürdüm və içində 5 (beş) patron olduğunu gördüm. Sellofanı Səidə verdim. Bu zaman çəkiliş aparılırdı.
Məni boz maşına mindirdilər və məni polis şöbəsinə, oradan da Bakıya gətirdilər. Yolda Səid o biri əməkdaşlara dedi ki, Nadir müəllimi danlayıblar ki, az şey çıxarmısan.
Hörmətli prokuror!
Hazırda mənim sol qulağımın pərdəsi cırılıb, yaxşı eşitmirəm və kəskin ağrılarım olur.
Bundan başqa döyülərkən sol tərəfdən ürək nahiyəsində vurulan zərbələrin kəskin ağrıları hazırda da qalmaqdadır. Mənim təcili müayinəyə ehtiyacım vardır.
Mənə yetirilən xəsarətlərin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərar çıxarmağınıı və mənə qarşı olan işgəncə faktlarını araşdırmağınızı xahiş edirəm.
Ərizəm müdafiəçim, fərdi fəaliyyət göstərən vəkil Isayev Samir Nadir oğlu tərəfindən təqdim olunacaqdır”.