Üzüyüm və sırğalarım Beynəlxalq Bankda

Vaxtilə çox gözəl məqalələr, şeirlər müəllifi olan dəyərli bir dostum var. Indi isə ailəsini dolandırmaq üçün ticarətlə məşğuldur. Ən gözəl şair, yazıçı ən fərsiz sahibkar olsa da, yazıb yaratmaqdan kənarlaşdığına görə heç vaxt ruhdan düşmür, böyük arzularla yaşayır. Arzularından biri o idi ki, ölkə xaricində, maşın siqnallarından, adamların aqressiv səs-küyündən, şər-böhtanlarından uzaq sakit bir hücrədə ev alsın və illərlə ürəyinə, beyninə yığılanları  yazsın. Başqa bir yazar dostum demiş, “biznesmen dostumuz ”cici ev” almaq istəyir”di. Dostumuz hər dəfə “cici ev”indən danışanda gözləri yaşarırdı. Deyirdi ki, arzuladığım evi alsam, illərlə içimə yığılanları orda bir ayda yazıb bitirərəm.
Bu yaxınlarda dostuma arzuladığı ölkədən, arzusunda olduğu evin olduğu xəbəri gəldi. Xəbərin arxasıyca evin şəkilləri və qiyməti. Dostum şəkillərə baxanda qanadlanıb “cici ev”inə uçmaq istəyirdi, amma qiymətə baxanda qanadları qırılıb yanına düşürdü. Hardasa 10 min dollar pulu çatmırdı o evi almağa. Bir gün gəlib mənə dedi ki, mənimlə banka kredit götürməyə gedə bilərsən? Amma tapşırdı ki, gedirəmsə, ən yaxşı əlbisəmi geyinməliyəm. Həm də boyun-boğazıma qızıl-gümüş də taxmalıyam mütləq. Sözün doğrusu, üstümdə parıltılı metal gəzdirməyi heç xoşlamasam da, toz basmış üzüyümü barmağıma, sırğalarımı qulaqlarıma taxdım. Necə deyərlər, dost yolunda bəzənib-düzənməklə, bir xeyli cəfa çəkdim, canımı üzdüm və “ya mədəd” deyib, yollandıq banka. Bankda adam əlindən nəfəs almaq mümkün deyildi. Hiss olunurdu ki, çoxu mənim kimi məcburiyyətdən ayda-ildə bir dəfə qızıl-gümüş taxanlardı, hündürdaban ayaqqabı geyənlərdi. Onlar da mənim kimi ayaqlarını çəkə-çəkə yeriyirdilər, barmaqlarındakı üzükləri, qulaqlarındakı sırğaları tez-tez çıxardıb, yenidən taxırdılar. Hətta bir qadın boyunbağısındakı medalyonu ağzına salıb çıxarırdı. Allahıma şükür etdim ki, nə yaxşı sevimli böcək medalyonumu boynuma taxmamışam. Yoxsa bankın kameralarının yaddaşına çox ilginc kadrlarla düşərdim yəqin ki.
Dostumun növbəsi çatdı və o, həyəcanla məni səslədi. Topal Teymur kimi hərdən bir ayağımı çəkə-çəkə ona yaxınlaşdım. Dostum cibindən bir bükülü dəsmal çıxartdı. Dəsmalda, qohum-əqrəbadan, dost-tanışdan banka girov qoymaq üçün topladığı qızıl zinyət əşyaları var idi: 10 min dollar götürmək üçün 200 qram qızıl girov qoymaq lazım idi. Ətrafıma baxdım, mənə elə gəldi ki, bankda yox, bahalı zinyət əşyaları satılan dükandayam. Sadəcə, burda “satıcılar və alıcılar” zinyət dükanlarında gördüklərimizdən xeyli fərqli idilər: “alıcılar” neçəyə istəyirdi “satıcılar” da o qiymətə satırdı. Misal üçün, dostumun düyünçəsindən çıxan 583 əyarlı, 14 qramlıq qızıl saata 215 dollar qiymət qoydular. Bir halda ki, həmin saatın qiyməti xeyli baha idi. Dostumun düyünçəsində olan bütün zinyət əşyaları yarıqiymətə hesablandı. Odur ki, yeni bir problem çıxdı. Məlum oldu ki, həmin qızıllar azdır, hardasa 25-30 qram da qızıl lazımdır. Dostum kədərlə əvvəlcə qulaqlarıma, sonra isə əllərimə baxdı. Doğrudan da qulaqlarımın və əllərimin vəziyyəti çox acınacaqlı idi: hər yerdə qəm-qüssə dolu söz-söhbəti eşidən qulaqlar və onlara heç bir yardım edə bilməyən əllər kəsilib tullanmağa layiqdir. Mən barmağımdakı üzüyü, qulaqlarımdakı sırğaları çıxardıb zərgər tərəzisinə atdım. Və ürəyimdə sevindim ki, nə yaxşı oldu girov qoymaq üçün qızıl çatmadı və mən sevmədiyim “ağır yük”dən xilas oldum.
Zərgərin “yenə azdır” sözündən sonra dostum iki əli ilə başını tutdu. Və birdən əlini ağzına saldı. Mən çox qorxdum. Elə bildim dostum dilini yerindən qopardıb, intihar edir. Çünki yolda mənə zarafatla demişdi ki, mən o evi ala bilməsəm, intihar edəcəyəm. Yəni doğrudanmı mənim güclü, iradəli, hər bir çətinlikdən mərdliklə, üzü ağ, qalib kimi çıxan dostum, indi 5-6 qram qızıl üçün ağ bayraq qaldıracaqdı? Bu zaman zərgər tərəzisinə nə isə taqqıltı ilə düşdü. Mən tez gözlərimi yumdum: tərəzidə dostumun dilini görmək istəmirdim. Zərgərin “düzəldi, hələ artıq da var” sözlərindən sonra yavaş-yavaş gözlərimi açdım. Tərəzidə 3 qızıl diş parıldayırdı. Dostum ağzını dəsmalla silə-silə “yaxşı ki, Sovet vaxtında bunları hökumətin əmanət banklarına yox, bədənimdəki ”banka” qoymuşdum, artıqlaması ilə mənə qaytarıldı” dedi…