Fuad Əhmədli ilə bağlı istintaq başa çatıb

AXCP Gənclər Komitəsinin fəalı, siyasi məhbus Fuad Əhmədlinin həbsdə saxlanılma müddətinin 3-ci dəfə uzadılmasından verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə onun vəkili Əsabəli Mustafayev məlumat yayıb. Vəkil onu da qeyd edib ki, məhkəmədən sonra F.Əhmədlinin işinin digər şəxslərin işindən ayrılması və istintaqın qurtarılması barədə qərar elan olunub. “Gələn həftə cinayət işinin materiallarıla tanış olacağıq”, – deyə vəkil bildirib.

Ə.Mustafayev həmçinin, F.Əhmədlinin məhbəsdə yazdığı yeni şeiri də paylaşıb:

Həbsxana poeziya dəftərindən (müəllif: Fuad Əhmədli)

Dostum

İstədik vətənçün biz ölənədək,
Çalışaq bu ölkə olsun cənnəttək,
İndisə gülürlər ki, qalmışam tək,
Neyləyim? Susmaq da çətindir, dostum.

Birgə qarşıladıq 4 doğum günün,
Bu 4 il etdi məni mən etdi büs bütün,
Səninlə dağ yarmaq deyildi çətin,
Sənsiz göz qırpmaq da çətindir, dostum.

İlk doğum günündə aldığım xəbər,
Yadımda, səni də üzdü mən qədər,
Sağaldım, atlatdım, sən oldun təpər
Təpərsiz qalmaq da çətindir, dostum.

Sonrakı mövludun de, yadınd mı?
Sərxoşdum, söymüşdüm bizim Şabanı,
Səni mənə görə danladı hamı,
Bunu unutmaq da çətindir, dostum.

Ən çox keçən ilki qalıb yadımda,
Toplaşdıq biz Mado restoranında,
Daim səninləyəm demişdim onda,
Yalançı çıxmaq da çətindir, dostum.

Qismətdə varimiş ayrı qalmaq da,
Hər zəng danlanıram laqeyd olmaqda,
Bununçün səsindən ayrı qalmaq da,
Səsini duymaq da çətindir, dostum.

Bu haqq savaşına girdik əl-ələ,
De nələr atlatdıq biz gülə-gülə?!
Ad günün mübarək Patoşum belə,
Təbriki yazmaq da çətindir, dostum.

İmza MR.Katoşkin
14.02.2017
1 saylı Bakı İstintaq Təcridxanası.

Vəkil sonda “Güman edirəm ki, Fuad Əhmədlinin yazdığı bu şeirə qoyduğu imzanın və tarixin mənasını Dostu bilir” deyə qeyd d əpaylaşıb.