Elxan Şahinoğlu: “Azərbaycanla Ermənistan əzələ nümayişinə ehtiyac duyur”
«Paris görüşü tam uğursuz olarsa yaxın günlərdə cəbhə bölgəsində yenidən gərginlik arta bilər»
Dünən “Atlas” Araşdırmalar Mərkəzi cəbhə xəttindəki gərgin duruma, Qarabağ separatçılarının növbəti seçki şousuna və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün mümkün nəticələrinə münasibətini açıqlayıb. Mərkəzin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, hazırda cəbhə bölgəsində yaşananlar onu deməyə əsas verir ki, atəşkəsin pozulmasında hər iki tərəf maraqlı ola bilər. Azərbaycan qarşı tərəfə indiki vəziyyətlə barışmadığını çatdırmaq istədiyini deyən E.Şahinoğlu vurğuladı ki, Ermənistan isə atəşkəsi pozmaqla anlatmağa çalışır ki, gücü var, Azərbaycanın hərbi potensialının artmasına baxmayaraq 1990-cı illərdəki uğurlarını təkrarlaya bilər. Bundan başqa bu hadisənin Klintonun bölgəyə səfərinə təsadüf etməsinə də hər iki tərəf maraq göstərə bilərdi. «Azərbaycan ABŞ-a göstərməyə çalışa bilərdi ki, bölgədə vəziyyət kövrəkdir və bir supergüc kimi Vaşinqton fəallaşmalıdır. Fikrimcə, Klinton da anladı ki, atəşkəs müvəqqətidir və vəziyyət hər an dəyişə bilər», deyə E,Şahinoğlu vurğuladı.
Rəsmi Bakının daimi atəşkəsdə maraqlı olmamasını isə iki faktorla əlaqələndirən E.Şahinoğlu qeyd etdi ki, birinci amil Azərbaycanın qoşunların təmas xəttində baş verən insidentləri beynəlxalq müşahidəçilərin araşdırması mexanizmlərinin tətbiqinə razı deyil, bunu yalnız işğal altındakı torpaqların boşaldılacağı halda mümkün sayır. İkinci amil isə Azərbaycan təmas xəttində snayperlərin geri çəkilməsinə razılaşmır. Azərbaycan bu addımları ona görə atmır ki, bölgədəki mövcud status-kvonun ömrü uzun olmasın.
Xarici işlər nazirlərinin Paris görüşünə gəlincə, E.Şahinoğlu bu təmasdan da real nəticə gözləmədiyini deyib: “Beynəlxalq vasitəçilərin Paris görüşündə məqsədi sadəcə tərəfləri yenidən danışıqlar masası arxasında oturtmaqdır. Vəssalam. Böyük dövlətlər Ermənistana təzyiq etmirlər. ATƏT sədri Gilmor bölgəyə səfərində Şimali İrlandiya modelini təklif edib. Bu modeli tədqiq etmişəm, Qarabağa da yarayır. Ancaq bunu kim tətbiq edəcək? İrəvan ancaq Kosovo və Cənubi Sudanı misal göstərir. Ancaq bunlar uyğun modellər deyil. Rusiya Ermənistanı dəstəkləyir, ABŞ seçkiyə gedir, Fransa isə ümumiyyətlə Ermənistanın istəyi əleyhinə çıxmaz. Odur ki, hansısa yeni ideyanın Azərbaycan üçün məqbul olacağını düşünmürəm».
E.Şahinoğlu hesab edir ki, Paris görüşünün nəticəsiz qalacağına dəlalət edən ikinci amil bir Qarabağda erməni separatçılarının seçki şousudur. Çünki üç həmsədr ölkədən hansı bəyanat yayacaq ki, azərbaycanlılar olmadan Qarabağda seçki keçirmək və bunu legitimləşdirməyə çalışmaq yolverilməzdir. Kəskin bəyanat verəcək dövlətlər bəllidir: Gürcüstan, Türkiyə, Pakistan və digər bir neçə müttəfiqimiz.
Hazırda Qarabağda baş verənlərlə Ermənistanın növbəti hiyləsini hərəkətə keçirməyə, separatçıları danışıqlar masasına gətirməyə çalışdığını deyən E.Şahinoğlu vurğuladı ki separatçıların təmsilçilərinin hazırda dünyaya tanıtılmağa çalışılması da buna dəlalət edir. «Paris görüşü tam uğursuz olarsa yaxın günlərdə cəbhə bölgəsində yenidən gərginliyin artmasını istisna etmirəm. Çünki hər iki tərəf əzələ nümayişinə ehtiyac duyur”, deyə E.Şahinoğlu qeyd etdi.
Xəyal


