Hakimiyyətdəki ziddiyyətlər barədə yeni təfərrüatlar

Qərbi Azərbaycan klanına daxil olan məmurlarla bağlı olayların kökündə nə dayanır?

Iqtidardakı Naxçıvan qruplaşması ilə Qərbi Azərbaycan klanı arasında yeni ziddiyyətlərin baş qaldırdığı barədə məlumat vermişdik. Bildirmişdik ki, bunun kökündə Naxçıvan qruplaşmasının 2013-cü il prezident seçkisi ilə bağlı  hakimiyyətdəki başqa bir güclü klanla – Paşayevlərlə mübarizəyə başlaması dayanır. Naxçıvan klanı düşünür ki, belə bir gərgin situasiyada Qərbi Azərbaycanlılar Paşayevlərə dəstək verə bilər. Bu tamamilə mümkündür. Çünki Heydər Əliyevin dönəmində hakimiyyətdə kifayət qədər nüfuz sahibi olan Qərbi Azərbaycan klanı Ilham Əliyevin dövründə məhz Naxçıvan klanı tərəfindən zəiflədilib.
Bu məlumat qəzetimizdə dərc edildikdən sonra Qərbi Azərbaycan klanına yaxın olan, adının çəkilməsini istəməyən şəxslər redaksiyamızla əlaqə saxlayaraq xəbərin kifayət qədər əsaslı olduğunu bildiriblər. Bununla yanaşı onlar bəzi məlumatları da bizimlə bölüşüblər. Həmin məlumatlara görə, Qərbi Azərbaycan klanına daxil olan yüksək vəzifəli məmurlarla bağlı son baş verən hadisələr Naxçıvan qruplaşmasının məlum planının tərkib hissəsidir. Söhbət təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdan gedir. Iddialar görə, hər iki məmur son dövrlər Paşayevlərlə sıcaq münasibətlərdə olub. Bu baxımdan ilk olaraq onlar hədəfə gəliblər. Nümunə olaraq Abel Məhhərmovun qohumu, BDU-nun professoru Məhəmməd Imanlının həbsi, Misir Mərdanova qarşı Məleykə Abbaszadənin tənqidi çıxışlarının daha da sərtləşməsi göstərilir. Bundan başqa Milli Məclisin spikeri Oqtay Əsədovla vitse-spiker Ziyafət Əsgərov arasındakı ziddiyyətlər də bu qəbildəndir. Yəni, Naxçıvan qruplaşmasına daxil olan Ziyafət Əsgərov fürsət düşdükdə rəqib klanın nümayəndəsi Oqtay Əsədovu “vurmağa” çalışır. Yeri gəlmişkən, mətbuat dəfələrlə spikerlə vitse-spiker arasındakı ziddiyyətlər barədə yazıb.

Hikmət