ABŞ kəşfiyyatı Tartus limanına üzən şübhəli gəmi aşkarlayıb; BMT müşahidəçiləri ölkədən çıxır
Suriyada atəşkəs elan olunmasına baxmayaraq, ölkə boyu silahlı toqquşmalar davam edir. Hökumətin zorakılıqları da minlərlə insanın Bəşər Əsədə qarşı etirazlara qatılmasına mane ola bilməyib. Cümə namazından sonra insanlar Hələb, Homs, Ləzkiyə şəhərlərində küçələrə axışaraq, hökumətə lənətlər yağdırıb. Müxalif fəallar ölkə boyu hökumət qüvvələrinin etirazçılara açdığı atəş nəticəsində 28 nəfərin öldüyünü xəbər verir.
Yayılan məlumatlara görə, Bəşər Əsədin əmrindəki əsgərlər Ləzkiyə, Həma, Homs, Dəraa, Hələb, Rakka, Idlib, Deyr əz Zor, Hasəki və Tartus şəhərlərinin müxtəlif bölgələrində 783 fərqli nöqtədə əməliyyat keçirib. Paytaxt Dəməşqdə və Idlib şəhərində isə 2 partlayış törədilib. Rəsmi xəbər agentlikləri Dəməşq ətrafındakı bölgədə “terrorçu-kamikadze”nin içi partlayıcı maddələrlə dolu avtomobili partladaraq, 14 nəfəri yaraladığını və şiyələrin müqəddəs yeri sayılan Seyiddə Zeynəbin ziyarətgahına ciddi ziyan bildirir. Idlibdə baş vermiş partlayışın hədəfi isə hökumət qüvvələri olub. Şəhərdəki hərbi nəzarət-buraxılış məntəqəsinə doğru gedən maşının partlaması nəticəsində xeyli sayda ölən və yaralananlar var.
Bu arada, BMT-nin Suriyadakı müşahidəçiləri, ölkə daxilində zorakılıq hallarının artdığını əsas göstərərək, fəaliyyətlərini dayandırıblar. Qərarı açıqlayan missiyanın rəhbəri, norveçli general Robert Mud bildirib ki, həm Bəşər Əsəd rejimi, həm də müxalif hərbçilər atəşkəsə riayət etmək fikrində deyillər. Missiya rəhbəri verilən qərarın dəyişdiriləcəyini istisna edib. O, Suriyadakı vəziyyətin getdikcə daha da pisləşdiyini və vətəndaş müharibəsinə çevrilmə təhlükəsinin artdığını söyləyib.
Bundan başqa, Rusiyanı Suriya hakimiyyətinə hərbi və siyasi dəstək verməkdə günahlandıran ABŞ yeni iddia ilə çıxış edib. ABŞ televiziyaları kəşfiyyat mənbələrinə istinadən Suriyaya hərbi texnika yüklənmiş və göyərtəsində dəniz piyadalarının olduğu gəminin istiqamət aldığını xəbər verib. Kanallar ABŞ kəşfiyyatının həmin gəmini izlədiyini açıqlayıb. Adının çəkilməsini istəməyən Pentaqon (ABŞ Müdafiə Nazirliyi) rəsmisi CNN kanalına açıqlamasında bildirib ki, Tartus limanına doğru üzən həmin gəminin Rusiya Hərbi Dəniz Donanmasına aid olduğuna dair kəşfiyyat məlumatları var.
İnformasiya şöbəsi