Vətənsevərləri öldürən Vətən

Xaliq Bahadır

Tezdən rayondan soraq gəldi, getdik. İtirdiyimiz cəbhəçi dostlarımızdan biriydi. Cəbhəçi – özü də necə! Arı-duru, əyilməz-yenilməz, sözü düzünə, türkəsaya, üzə deyən, kimsədən qorxub-çəkinməyən KİŞİ, KİŞİLİK örnəyi!
Professional tikinti mühəndisi idi. Bizdə onlara “prorab” deyirlər, ancaq o, bir çoxları kimi “prorab” deyildi, “prorab” olmaqdan, “Prorablıqdan” qat-qat üstün, yüksək… ADAM idi. “Prorab” olsaydı, o da bir çoxları kimi “başqa” işlərə uğraşardı. Onun uğraşdığı başlıca iş VƏTƏN işiydi. o özünü bir illik AXC hakimiyətində – görəv başında da görəvsevər deyil, VƏTƏNSEVƏR birisi olaraq göstərmişdi. Bildiyiniz kimi, bizdə belələri azdır. “Belələri” – görəv başında da dəyişməz qalaraq özəl gərəklərə deyil, ellik gərəklərə – ellik ideallara sonadək bağlı qalanlar. Bax, o BELƏLƏRİNDƏN idi.


Son çağlar sözümüz tutmurdu. Onu qınayır, danlayırdım. Hərdən yumşaq, hərdən çox sərt sözlərlə. Gülürdü: “Sən bizim böyük qardaşımızsan, nə desən qəbulumuzdu”, – deyirdi. Sonra da: “Vallah, bilirəm, sən haxlısan, ancaq, bilirsən, – deyirdi, – dözmək olmur”. Sonra mənə rayonda, getdiyi, gördüyü yerlərdə adamların çox pis yaşadığından, acınacaqlı durumda olduqlarından danışardı. “Bilirsən, olar hamısı bizim xalqımızdı, türk də, ləzgi də, talış da… hamısı, hamısı çox pis yaşayır, görürəm, dözə bilmirəm, axı, olar bizim millətimizdi, nəyə görə bizim millətimiz bu cür varlı ölkədə belə yoxsul yaşamalıdı, hakimiyət oğrudu, korrupsionerdi ona görə?”
Onun işi eləydi: onu bir yerdən başqa yerə, bir rayondan başqa rayona göndərirdilər. Böyük ürəkli, arı-duru Türk olaraq o, ölkəmizin bu başından o başına hamını bir gözdə görür, hamıya da eləcə acıyırdı.
Gerçək bir hərəkatçı-cəbhəçi olaraq o, ölkədə gedən gizli prosesləri – separatçı işdəkləri də görür, mənə bu yöndə görüb-bildiklərindən də danışırdı: “Kimlərsə gizli iş aparır, talışlar, ləzgilər arasında bizə düşmənçilik toxumları səpirlər, biz bu işlərin qarşısını almağa çalışmalıyıq. Bax, mən türkəm, ancaq Azərbaycandakı bütün xalqları özümüzə qardaş sayıram, gərək onlar da bizi özlərinə qardaş saysınlar, düşmən hiyləsinə uymasınlar…” Onun belə ürəkdən gələn, sevgiylə, yanqıyla danışmaları çox olurdu. Bizim hər görüşümüzdə. O danışdıqca yalnız mənimlə danışırkən deyil, onun getdiyi, gördüyü yerlərdəki yaşantılarını da duyur, sezir, görürdüm. Bu üzdən də onu qınayır, danlayır, toxtaq, dözümlü olmağa çağırırdım. Mən onun xalqdan, xalqın yoxsul dolanışığından yana bir sıra hakimiyət adamları ilə necə dalaşdığını da bilirdim…
Onun bütün Azərbaycana bütünlüklə bağlı böyük ürəyi vardı. Demək belə artıqdır: böyük ürəyin sevgisi də böyük olur… Ürəyindən getdi! İnfarkt! İkinci infarkt!!
Onda dönməz doğru-düzgünlüklə yanaşı, dönməz barışmazlıq da vardı – bu gün Azərbaycanı, demək olar, bütünlüklə bürümüş yalan, yaltaqlıq, oğurluq… kimi görsənişləri görməyə gözü olmayan barışmazlıq! Sözübütöv, dediyindən dönməyən canlı qaya parçası!!
Yaşasaydı, gələn il 60 yaşı olacaqdı. Siz ey bu ölkəni çoxillik, çeşidli soyqırım siyasətləriylə yoxsulluq yolunda yürüdənlər, çoxlarının 60 yaşa çatmadığı çağlarda pensiya yaşını 65-ə qaldırmağınızla gerçək bir faşizm rejimi qurduğunuzu sərgiləmirsizmi?! Bir ayda 60-dək adamın yoxsulluq, dolanışıq dözülməzliyindən özünü öldürdüyü (daha çox gənclər) ölkədə pensiya yaşının 65-qaldırılmasının nə olduğunu düşünürsüzmü? Sözsüz, düşünürsüz, ancaq faşistcəsinə düşünürsüz – bu ölkənin adamları da sizin üçün biznesdir!
Bir neçə rayon keçib getdik. Rayonlar işsizlik, işsizliyin doğurduğu yoxsulluq üzündən ölü durumundadır. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard pul mənimsəndi, göyə sovruldu… ortada satılıb-sovulmuş bir Ölkə-Vətən qaldı: passionar doğulmuşları, passionar yaranmışları qaçılmazlıqla, gözgörəsi ölümə sürükləyən bir Ölkə-Vətən!
Ey sevgili soydaşım, yurddaşım, qardaşım, demək, biz bir daha görüşməyəcəyik. Mən bir daha səni qınayıb danlamayacam. Sən bir daha gülə-gülə deməyəcəksən: “Sən bizim böyüyümüz, böyük qardaşımızsan, söz verirəm…”
O, dözümlü olacağına – yaşamağa söz verirdi! Dözmədi, dözə bilmədi…