Məmləkətin birində

Aman-zaman içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində… Mən hələ beşiyimdəykən məmləkətin birində bir padşah varmış. Bu padşahın hökmranlıq etdiyi məmləkətdə demokratiya günəşi al şəfəqlərini saçar, hürriyət ağacı günü-gündən budaqlanıb yaşıllaşar, azadlıq çəmənlikləri çiçəklənərmiş. İnsanların da heç dərd-səri yoxmuş.

Günlərin bir günündə necə olursa bu məmləkətdə qıtlıq yaşanır. Bir zamanlar yediyini yeyib, yemədiyini itələyən, bir əli yağda, bir əli balda olan insanlar quru çörəyə möhtac qalırlar. Padşah görür ki, bu qıtlıq camaatı qırıb-tökəcək. Bunun qarşısını almaq üçün əyan-əşrəfi ilə məsləhət-məşvərət edir. Sonra məmləkətin dörd tərəfinə carçılar salır. Carçılar padşahın fərmanını ölkənin hər yanında bağıra-bağıra oxuyurlar:

– Ey əhali! Bilin və agah olun! Hər kimin indiyədək vətənə, xalqa bir xidməti, olubsa tez saraya gəlsin. Padşah onları mükafatlandırıb medalla təltif edəcək.

Camaat aclığı, qıtlığı, borcu-xərci unudub padşahdan mükafat almaq sevdası ilə saraya axışır. Medallar da növbənöv: birinci dərəcəli qızıl nişanlar, ikinci dərəcəli qızıl suyuna çəkilmiş medallar, üçüncü dərəcəli gümüş, dördüncü bürünc, beşinci mis və s. və i. Əhali sevinsin, başları qarışsın deyə gələn-gedən mükafatlanırmış. Ölkədə dəmir-dümür qalmır, hamısı medal düzəltmək üçün əridilir. Camaatın boyun-boğazı çilingər dükanına dönür. Fəxarətdən irəli verilmiş sinələr cürbəcür medallarla bərq vurur.

Padşahın kimə gəldi medal payladığını eşidən inək də “mükafat almağa mənim də haqqım çatır” – deyə düşünərək saraya yollanır. Aclıqdan ordu-orduna keçmiş, bir dəri, bir sümük qalmış inək təngnəfəs saraya çatıb qapıçılara “Padşaha xəbər verin, bir inək onu görmək istəyir”, – deyir. Qapıçılar onu qovmaq istəsələr də inək getmir.

– Padşahı görmədən burdan gedən deyiləm, – deyə inad edir.

Qapıçılar məcbur qalıb padşaha xəbər verirlər. Padşah inəyi qəbul edir.

– Böyür görək nə böyürəcəksən! – deyə inəkdən soruşur.

– Padşah sağ olsun, eşitdiyimə görə xidmətə görə medal veririsiniz… Mən də haqqımı istəyirəm.

– Hansı haqqı? – padşah qəzəblənir. – Sən nə xidmət göstərmisən ki, haqq tələb edirsən?

İnək qorxa-qorxa bildirir:

– Qibleyi-aləm! Mənə medal düşmürsə, bəs kimə düşür?! Mən bundan artıq siz insanlara nə xidmət göstərim: ətimi yeyirsiniz, südümü içirsiniz, dərimi istifadə edirsiniz. Hətta nəcisimi belə gübrə və ya yanacaq kimi işlədirsiniz. Bir dəmir medalçün daha nə etməliyəm?!

Padşah görür ki, inək haqlıdır. Əmr edir inəyi ikinci dərəcəli medalla mükafatlandırsınlar. Boynundakı nişanı yellədə-yellədə gəzən inək saraydan qayıdarkən qatırla qarşılaşır.

– Salam əleyküm, inək qardaş!

– Ay əleyküm salam, qatır qardaş!

– Nə yaman sevincəksən, xeyir ola?

İnək sevincini qatırla paylaşır. Bu xəbərdən qatır da cuşa gəlir. O da düşünür ki, mükafat almağa haqqı çatır. Vaxt itirmədən dördnala saraya çapır.

– Padşahı görməliyəm! – deyə qapıçılara üzünü tutur.

– Olmaz! – qapıçılar onu içəri buraxmaq istəmirlər.

Ancaq ata-babadan qalma inadkarlığı sayəsində qatır saray qapısına dirənib durur. İşi belə gölən qapıçılar padşaha xəbər yollayırlar.

– Qoy gəlsin, qatır da qullarımdan biridir! – deyə padşah onu qəbul edir.

Qatır padşahın hüzuruna gəlib ədəb-ərkanla salamlaşdıqdan sonra medal üçün gəldiyini bildirir:

–  Sən nə iş görmüsən ki, medal alasan?

– Başına dönüm ay padşah, bəs müharibələrdə silah-sursatları, dinc vaxtlarda arvad-uşağı kim daşıyır?! Mən olmasam yükünüzü kim çəkərdi?!

Qatırı da haqlı hesab edən padşah ona birinci dərəcəli medal verilməsini əmr edir. Sevindiyindən şıllaq ata-ata qayıdan qatır yolda eşşəklə qarşılaşır.

– Nə var, nə yox, qardaşoğlu?! – deyə eşşək hal-əhval tutur.

– Salamatçılıqdır, əmi.

– Hardan gəlib, hara gedirsən?

Qatır baş verənləri nəql edincə, eşşək də medal sevdasına düşür. “Mənim nəyim əksikdir?! Mənə hamıdan çox medal düşür”, – deyə saraya yollanır. Saray keşikçiləri nə qədər “hoşşa” desələr də eşşəyi qova bilmirlər. Padşahın yanına gedib:

– Eşşək qulunuz gəlib, hüzurunuza çıxmaq istəyir, – deyə məlumat verirlər.

Eşşəyi də qəbul edən padşah:

– Sənə nə lazımdır? – deyə soruşur.

Eşşək arzusunu bildirəndə bayaqdan bəri boğaza yığılmış padşah kükrəyir:

– İnək əti, südü, dərisi, gübrəsi ilə bu məmləkətə xidmət edib. Qatırı desən, o da döyüşlərdə işimizə çox yarayıb. Sən neyləmisən ki, ay eşşək? Utanmadan eşşəkliyinə salıb hələ bir mükafat da istəyirsən?

Eşşək ürkək səslə anqıraraq etirazını bildirir:

– Hökmdarım, niyə elə deyirsiniz? Sizə elə ən böyük xidməti də biz eşşəklər göstərməyibmi? Mənim kimi minlərlə eşşək qulun olmasaydı sən taxta çıxardınmı?! Biz eşşəkliyimizə salıb, hər şeyə göz yummasaydıq sənin hakimiyyətin uzun çəkərdimi? Yat, qalx, dua elə ki, biz eşşəklərin sayəsində sənin kimi birisi hələ də hökmdarlıq edir.

Padşah görür ki, yox, qarşısındakı eşşək olsa da hiyləgərdir. Beləsi eşşəkliyinə salıb adamı rüsvay edər. Üstəlik onu da dərk edir ki, bu eşşəyin gözü bürünclə, dəmirlə doyan deyil. Dilini şirin eləyib deyir:

– Ay əziz qulum, eşşək! Sənin bu böyük xidmətinin əvəzini ödəyə biləcək medalım yoxdur. Bu boyda xidmətin qabağında bir qızıl medal nədir ki! Ömrünün sonuna qədər saray tövləsindən sənə hər gün bir çuval saman göndərəcəm. Doyunca ye, hakimiyyətimin uzunömürlülüyü üçün var-qüvvənlə anqır!

Həə, göydən üç alma düşdü, amma hamısı da padşahın quçağına…

Əziz Nesin’in hekayəsi