Bloqqer Mehman Hüseynovun müdafiəsinə daha iki vəkil qoşulub – Nemət Kərimli və Yalçın İmanov. Bloqqerin həbsi ilə bağlı martın 4-də keçirilən ictimai müzakirələrdə bu haqda məlumat verilib.
Nemət Kərimli bloqqerin həbsinin hüquqi tərəfləri haqda danışarkən bildirib ki, Mehmanın məhkum edildiyi CM-nin 147-ci maddəsində bilə-bilə yalan məlumat verməklə böhtan atmaqdan söhbət gedir. Mehman Hüseynovun işgəncəyə məruz qalması haqda təkcə özü danışmayıb, bununla əlaqədar araşdırma aparılması üçün məhkəmə də prokurorluğa müraciət edib: “Burada bilə-bilə yalan danışıb böhtan atmaqdan söhbət gedə bilməz”.
CM-nin 147.2-ci maddəsində iki ildək islah işləri və ya üç ilədək həbs nəzərdə tutulduğunu, Mehman Hüseynovun sanksiyanın yuxarı həddində cəzalandırıldığını deyən vəkil hesab edir ki, bu da siyasi hakimiyyətin bloqqerə olan münasibətinin göstəricisidi: “Sanksiyanın yuxarı həddində cəza veriləndə hakim bunu əsaslandırmalıdı. Amma Mehmanla bağlı qərarda bu əsaslandırma yoxdur. Vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyir, formal olaraq, onu da vermirlər. Bütün bunlar göstərir ki, Mehmanı nə olursa olsun, həbs eləməkdə israrlı olublar”.
Bloqqerin işgəncə iddiası ilə bağlı artıq rəy hazırdır
Araşdırmaçı jurnalist Xədicə İsmayılova deyib ki, Mehman Hüseynovun həbsi gözlənilən idi. Amma belə tələsik baş verməsi gözlənilməz oldu.
Xədicə İsmayılova bildirib ki, Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı ekspert rəyi də var: “İstanbul protokoluna əsasən, Mehman Hüseynovun müstəqil müayinəsi aparılıb. Rəy də hazırdır. Məhkəməyə də təqdim olunacaq. Ola bilsin ki, yerli məhkəmələr bu rəyi qəbul eləməsin, amma Avropa Məhkəməsi mütləq qəbul edəcək”.
“Vətəndaş cəmiyyəti birgə bəyanat versin”
Mehman Hüseynovun qardaşı Emin Hüseynov müzakirələrə telefonla qatılıb.
“Azərbaycan reallıqlarını nəzərə alaraq, Mehmanın həbsi bizim üçün gözlənilməz olmadı. Mehmanı Elmar Hüseynovun qətlinin 12-ci ildönümündən bir gün sonra həbs elədilər. Sanki göstərmək istəyirlər ki, biz artıq öldürmürük, həbs eləyirik. İndi jurnalistləri həbsxanalarda çürüdürlər”, – Emin Hüseynov belə deyib.
O, məlumat verib ki, martın 8-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün toplantısı olacaq və Azərbaycanın bu quruma üzvlüyü məsələsi müzakirə olunacaq: “Dörd gün öncə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun İdarə Heyəti Azərbaycanın üzvlüyü ilə bağlı yekdilliklə qərar çıxarıb. Qərarı təqdim eləmişik. Bu gün aldığım xəbərə görə, RATİ-ni Mehman Hüseynovun təmsilçiliyi ilə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Milli Platformasına tam hüquqlu üzv qəbul ediblər. Bu gün Platformanın toplantısında Mehman çıxış eləməli idi. Bunu Azərbaycan hökuməti də bilirdi”.
Qeyd edək ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumlarından kredit ala bilməsi üçün MSŞT-yə üzvlük çox əhəmiyyətlidir. Bu qurum ölkədə vətəndaş cəmiyyətinə qarşı basqılar, repressiyalarla əlaqədar Azərbaycan hökumətinə vaxt verib. Vəziyyət düzəlməsə, Azərbaycanın bu quruma üzvlüyü dayandırıla bilər.
Emin Hüseynov vətəndaş cəmiyyətinin həm hökumətə, həm də beynəlxalq ictimaiyyətə çağırış ifadə edən birgə bəyanatla çıxış etməsini təklif edib. O həmçinin Mehman Hüseynovun video-bloqqer kimi gördüyü işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.
Müzakirələrdə Müsavatın keçmiş və indiki başqanları – İsa Qəmbər və Arif Hacılı Müdafiə Komitəsinin yaradılmasını təklif edib. Amma müzakirə iştirakçıları bunun effektiv olacağı məsələsində yekdil fikrə gəlməyib. Emin Hüseynov da ailələrinin və RATİ-nin mövqeyi öyrənilmədən komitənin yaradılmasına etiraz edib.
İctimai fəal Nicat İbrahim gəncləri bir gün əvvəl təcridxanada saçları qırxılan Mehman Hüseynova dəstək məqsədilə saçlarını qırxmağa dəvət edib: “Şəxsən mən bu addımı atacam”.
Azadliq.info