“Sadəcə bir şeyi bilmək istəyirəm. Heydər Əliyev hakimiyyətinə dəstək olduğuna görə qınanan atama siz nəyin bədəlini ödədirsiniz?”
Məhbus siyasətçi Nemət Pənahlının qızı Xatirə Pənahlı prezident İlham Əliyevə açıq məktub yazıb. Məktubda deyilir:
“Cənab prezident! Mən 1993-cü ildə anadan olmuşam. 1993-cü il mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdür. Sözsüz ki, mən o hadisəni xatırlamıram. Amma atam istefa verəndən sonra evimizdə yaşanan çox məqamlar dəqiq yadımdadır. Məsələn, 3 yaşım olanda istirahət üçün getdiyimiz Dəvəçi rayonunda polislərin çadırımıza hücum çəkib axtarış aparmaları, yaxud 5 yaşım olanda Naxçıvan hava limanında təyyarədən enər-enməz atamın həbs olunması, heç kimi, heç yeri tanımadığımız Naxçıvan hava limanında anamın düşdüyü vəziyyət unudulacaq şeylər deyil.
Mənim bütün uşaqlıq xatirələrim bu cür hadisələrlə doludur. Bəlkə də elə cavab almaq istədiyim suallar da o zamandan yaranıb ürəyimdə. Təbii ki, böyüdükcə və atamın kimliyini, onun Azərbaycanın müstəqillik tarixindəki rolunu öyrəndikcə mənim üçün qaranlıq olan bir çox məqamlar da yavaş-yavaş aydınlaşdı. Çünki 1988-ci ildən bu yana Azərbaycan tarixində baş verənləri şəxsən atamın dilindən dönə-dönə dinlədim.
Atam bizim valideynimiz olmaqdan əlavə mənəvi müəllimimiz olub. Dərsinin əvvəli Allaha iman, vətən eşqi, sonu millət sevdası ilə qurtaran bir müəllim. Atamın sayəsində biz bu ruhda böyüyüb tərbiyə almışıq. Vətəninə və millətinə bənzərsiz sevgisinin onun üçün hər şeydən, övladları olan bizdən də, çox sevdiyi ata-anasından da yüksəkdə olduğunu həmişə bilmişik.
Babamın bir adəti vardı. Hər gecə qalxıb dəhlizdə atamın çəkmələrini axtarardı. Yerində olduğuna əmin olmamış yata bilməzdi çünki. Mən bu səhnələri görə-görə, bu sarsıntıları yaşaya-yaşaya böyümüşəm. Böyüdükcə və Allaha etiqadım artdıqca mən atamı daha dərindən anlamağa başlamışam. Anladıqca da ona hörmətim artıb, onun təmənnasız sevgisinin önündə baş əymişəm.
İndi mənim 18 yaşım var. Həyat mənə atamın yoxluğunu uşaqlıqdan qəbul elətdirib. Hətta buna görə atam bizimlə bayram süfrəsinə də oturmazdı. Bir gün o süfrədə onsuz qalsaq üzülməyək deyə. Hər hərəkəti, hər davranışı ilə bizi onsuz bir həyata hazırlayardı.
Cənab prezident, siz də bilirsiniz ki, atamın bu günə qədər dəstəklədiyi yeganə hakimiyyət Heydər Əliyev hakimiyyəti olub. Bu gün onu qınaq obyektinə çevirən bu reallığın səbəbini isə həmişə onunla izah edib ki, “Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan dağılmaq təhlükəsi astanasında idi. Azərbaycanı bu durumdan çıxaracaq yeganə adamın Heydər Əliyev ola biləcəyini o zaman təkcə mən yox, xalqın böyük əksəriyyəti qəbul edirdi”.
Bildiyimə görə, atam bu prosesdə çox əziyyətlər çəkib. Sonradan vəzifədən və ona təklif olunan təminatlı həyat şəraitindən imtina etməsi bütün bunları vəzifə və mövqe xətrinə etmədiyinin də açıq-aşkar dəlilidir. Hətta vəzifədən istefa verəndən sonra da yenicə müstəqilliyini qazanmış ölkənin müstəqilliyinə xələl gəlməsin deyə hakimiyyətə qarşı kəskin müxalifət mövqeyində dayanmayıb. Əmin olun ki, Nemət Pənahlını 17 il susmağa məcbur edən səbəb sadəcə bu olub. Onu danışmağa məcbur edən səbəbə gəlincə…
Doğrusu, mən inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, atamın və onun simasında bütün ailəmizin başına açılan oyunlardan xəbərsizsiniz. İnanmaq istəyirəm ki, adı Azərbaycanın milli azadlıq hərəkatı ilə bağlı olan Nemət Pənahlının azad Azərbaycanda bütün yaşamaq hüquqlarının əlindən alındığından, 6 övladına qanunun tələb etdiyi şəkildə düşən ən adi sosial yardımın belə onlara sadəcə Nemət Pənahlının övladları olduqları üçün verilmədiyindən xəbərsizsiniz.
Əslində buna inanmaq o qədər də asan deyil. Çünki atam sizə bütün bunları çatdırmaq üçün dəfələrlə cəhd etdi. Dəfələrlə sizə olanlar barədə məktub yazdı və bildirdi ki, gəncliyini Azərbaycanın milli azadlıq mübarizəsinə həsr etmiş bir insanam, mənə qarşı təzyiqlərin qarşısını alın. Amma siz onu dinləmədiniz. 17 il üstünə hücum çəkilən adam səsini çıxaran kimi həbs edib ailəsini büsbütün başsız qoydunuz. Siz ki, ölkə başçısısınız. Azərbaycanın istiqlal tarixinə imza atmış bir insanı dinləmək sizin üçün bu qədərmi çətin idi?
Mən sadəcə bir şeyi bilmək istəyirəm. Heydər Əliyev hakimiyyətinə dəstək olduğuna görə qınanan atama siz nəyin bədəlini ödədirsiniz? Mən atama buna görə düşmən kəsilmiş o zamankı hakimiyyət nümayəndələrini haradasa başa düşə bilirəm, amma sizi yox. Axı mənim atamın müdafiə etdiyi insan sizin atanız olub. O halda nə üçün ona öz atasını dəfn etməyə belə izin vermədiniz? Nə üçün bir il yarımdır ki, onun ailəsini başsız, övladlarını atasız qoymusunuz?
Cənab prezident! Mən sizə atam üçün deyil, xalqı üçün ən ali arzularla dolu olan bir ürəyin gerçəkliklərini biləsiniz deyə, bu arzuların gerçəkləşməsinə bir ölkə başçısı kimi dəstək verəsiniz deyə üz tuturam. Müdriklərdən biri deyib ki, ən yaxşı hökmdar dinləməyi bacarandır. Sizə mənim atamı həbsdən azad edin demirəm. Sizdən sadəcə onu dinləməyinizi xahiş edirəm”.


