İqtidar Soros Fonduna müharibə elan etdi

“Azərbaycan” dünyaca məşhur fondu korrupsiya və narkoticarətə yardımda ittiham etdi

Son aylarda beynəlxalq təşkilatları hədəf seçən rəsmi mətbuat diqqətini bu dəfə Soros Fonduna yönəldib. Hər zaman hakimiyyətin mövqeyini ifadə edən “Azərbaycan” qəzeti artıq Azərbaycanda fəaliyyətini dayandıran fondu və onun rəhbəri Corc Sorosu antiazərbaycan şəbəkəsinin donoru adlandıraraq onu maliyyə möhtəkirliyində ittiham edib.
Qəzetin yazdığına görə, “Sorosun maliyyə imperiyası fəaliyyətinə nəzarət güclü olmayan investisiya bankları, ofşor investisiya fondları üzərində qurulub”. Qəzet hətta dünyada demokratiyaya dəstək verən maliyyə qurumu kimi tanınan Soros Fondunu narkotik ticarətini müdafiə etməkdə günahlandırıb. Əliyev hakimiyyəti ilə normal münasibətləri olan bir qurumun birdən-birə tənqid hədəfinə çevrilməsi təbii ki, səbəbsiz deyil. Fond Azərbaycanda fəaliyyətini dayandırsa da, müəyyən layihələri maliyyələşdirir. Ancaq qəzet bunu fərqli təqdim edir – “Beynəlxalq müstəvidə ”beşinci kolon” Qərbin müxtəlif fondları tərəfindən maliyyələşdirilir. Belə maliyyə dayaqlarından biri də Soros fondlarıdır”. Qəzet fondun postsovet məkanında baş verən inqilablarda rolunun olduğunu da önə çəkib. Görünür, məhz bu məqamlar hakimiyyəti Sorosdan narazı salıb.

“Corc Soros Heydər və Ilham Əliyevlərlə yaxşı münasibətdə olub”

Vaxtilə Soros Fondunun idarə heyətinin rəhbəri olmuş Zərdüşt Əlizadə Corc Sorosun Heydər və Ilham Əliyevlərlə yaxşı münasibətdə olduğunu deyir. Lakin görünür, Prezident Administrasiyasının tapşırığı ilə camaat üçün düşmən obrazı yaratmaq istəyirlər. Soros da dünyada demokratiyaya səxavətlə pul xərcəyən nadir adamlardandır. Azərbaycanda ayırdığı pullar da vətəndaş cəmiyyətinə səmərəli kömək edirdi. Ona görə qərara alıblar ki, düşmən surətini Sorosa yapışdırsınlar.
Ekspertin sözlərinə görə, Soros fondunun Azərbaycandakı şöbəsini bağlamaq qərarı da hakim ailə ilə yaxınlıqdan bəhrələnir: “Mən 6 il Soros fondu ilə əməkdaşlıq etmişəm, 2 il onun idarə heyətinin üzvü olmuşam, 4 il idarə heyətinin sədri olmuşam. Özüm görmüşəm ki, heç bir şərt qoymadan, yalnız Azərbaycan cəmiyyətində demokratik ənənələri yaratmaq və gücləndirmək məqsədi ilə fond səxavətlə pul ayırırdı. 12-13 ildə Azərbaycana 30 mln dollar pul ayrılıb. Buna görə biz Sorosa minnətdar olmalıyıq. Onun necə pul qazandığını isə bütün dünya bilir. Maliyyə möhtəkirliyi bazar iqtisadiyatının qaydalarından biridir”.
“Azərbaycan” qəzetinin Corc Sorosu nə səbəbdən hədəfə almasına gəldikdə, Z.Əlizadə bu təbliğatın camaatın beynini zəhərləmək üçün nəzərdə tutulduğunu qeyd etdi. Hakimiyyətdə təmsil olunanlar isə kimə necə yanaşmalı olduqlarını gözəl anlayırlar.

“Soros fondu Azərbaycana yalnız xeyir verib”

Soros fondunun Azərbaycanda idarə heyətinin sonuncu rəhbəri Mehman Əliyev Soros fondunun bu vaxta qədər Azərbaycanda hökumətlə razılaşdırılmış və qanunlara uyğun şəkildə işlədiyini bildirdi. Azərbaycan hökuməti tərəfindən bu vaxta qədər onlara rəsmi olaraq heç bir irad bildirilməyib və bu fondun ölkədə problemi olmayıb.
M.Əliyev Azərbaycanda QHT-lərin əksəriyyətinin Soros fondundan qrant aldığını deyir. Onların arasında millət vəkilləri və məmurlar da olub. Bu baxımdan “Azərbaycan” qəzetinin yazdığı cəfəngiyyatdır. Sadəcə olaraq fondla bağlı müxtəlif saytlarda gedən yazılardan istifadə olunub.
M.Əliyevin sözlərinə görə, hakimiyyət beynəlxalq təşkilatları tənqid etmək xətti tutub. Ancaq söhbət faktlardan gedirsə, Soros fondu Azərbaycana yalnız xeyir verib.

Fizzə