Polisin bir qadını sürüdüyünü əks etdirən videokadrı kim çəkib?
Gəncədə iki nəfər polis işçisinin bir qadını sürüdüyünü əks etdirən videokadr haqqında redaksiyamıza yeni məlumatlar daxil olub. Xatırladaq ki, bu olayın Gəncədə baş verdiyini öyrənən kimi məsələ ilə bağlı polis rəisi general-mayor Rasim Musayevlə əlaqə saxlamışdıq. Rasim Musayev bildirmişdi ki, hadisə 3 il əvvəl baş verib. Videokadrdakı Elnarə adlı qadın sərxoş vəziyyətdə Nofəl adlı Kəlbəcərdən məcburi köçkün olan bir nəfərin evinə hücuma çəkib. Vaxtilə həmin qadınla Nofəlin münasibətləri olub. Sonradan qadın öyrənib ki, Nofəl onu aldadıb. Kafelərin birində qabyuyan işləyən qadın iş yerində spirtli içki qəbul edərək Nofəlin evinə hücum edib və orada onun ailə üzvlərinə xəsarət yetirməyə cəhd göstərib. Bu zaman qonşular polisə zəng vurublar. Əraziyə post patrul xidmətinin əməkdaşları gəlib. Onlar qadını ərazidən uzaqlaşdırmağa çalışıb. Lakin qadın müqavimət göstərib. Nəticədə onun paltarları cırılıb.
Dünən əməkdaşmız adı hallanan Nofəl adlı şəxsin evinə gedib. Bəlli olub ki, bu olay baş verəndən sonra Nofəl Azərbaycanı tərk edib. Nofəlin Ramin adlı qardaşı isə əməkdaşmıza bildirib ki, Elnarə onların ailə üzvlərinə xəsarət yetirib. Onlar da məcbur olub polisə məlumat veriblər: “Polis gəlib onu evimizin qarşısından uzaqlaşdırmaq istəyirdi. O bizi söyürdü uşaqlara, evdə qadınlara xəsarət yetirmək istəyirdi”.
Bu arada həmin qadının növbəti videoroliki yayılıb. Bu videoda qadın hadisə barədə danışır. O, içkili olduğunu etiraf edir. Lakin bildirir ki, Nofəlin ailə üzvləri ona xəsarət yetirmək istəyiblər. “Mənim paltarlarımı da cırdılar”,- deyə Elnarə qeyd edir. Qadın hadisənin kim tərəfindən çəkilməsinə də aydınlıq gətirir. Onun sözlərinə görə, hadisə Nofəlin Pərviz adlı qohumu çəkib. Elnarə həmin şəxsi məhkəməyə verəcəyini bildirir.
Sonda qeyd edək ki, birinci videokadr üzə çıxanda polis rəisi Rasim Musayev “Azadlıq”ın əməkdaşına bu məsələdə “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlidən şübhələndiyini bildirmişdi. Genaralın ehtimalına görə, 3 il əvvəl baş vermiş bu hadisəni Pərviz Həşimli gündəmə gətirib.
Lakin indi bəlli olur ki, Rasim Musayev Nofəlin qohumu Pərvizlə jurnalisti səhv salıb. Pərviz Həşimli də “Azadlıq”a açıqlamasında bildirib ki, bu məsələnin ona aidiyyatı yoxdur: “Əgər bu videonu mən çəksəydim, niyə 3 il özümdə saxlayardım. Və bir jurnalist kimi dərhal bu məsələni ictimailəşdirərdim. Əgər Rasim Musayev yenə də hesab edirsə ki, bunu mən eləmişəm. Buyurub məhkəməyə müraciət edə bilər, mən hazıram”.


