Vaxtı səmərəli bölmək sirrini Mehriban Əliyeva bizə də desin

Məlahət Ağacan Rübabə

Ölkənin bərkgedən kişiləri hər il 8 Mart bayramı münasibətilə həyatlarının mənası olan qadınlarını bir həftə əvvəldən təbrik edirdilər. Bu il isə manatın sürətli uçuşundan ilhamlanan ən bərkgedən prezidentin martın 1-ni gözləməyə səbri çatmadı, İlham Əliyev xanımına 8 Mart hədiyyəsini fevralın 21-i təqdim etdi.
Telekanallar “Vitse-prezident” hədiyyəsinin təqdimat videoçarxını yayımlayanda mən kompüterdə Barış Mançonun “Alla beni, pulla beni al koynuna yar” mahnısını dinləyirdim. Əvvəlcə elə bildim AzTV rəhbərliyi “Vitse-prezident” hədiyyəsi üçün o mahnı ilə klip hazırlayıb, amma onda elə zövq hardan, canımıza yağ kimi yayılan bir xəbər hazırlamaq üçün şərait yaratsın. Hədiyyənin təqdimetmə mərasiminə baxanda tamaşaçıya elə gəlirdi ki, prezident və yeni birinci vitse-prezidentdən başqa hamı qulaqcıqla Kamil Cəlilovun “21 fevral” matəm musiqisini dinləyir. Olmaz belə. Qarşıdan 1 İyun Uşaqlar Günü gəlir. Ay iki verilişin “arpasını” bölə bilməyən telerəhbərlər, heç olmasa 1 İyunda keçirilən iclasda mütləq Səməd Səmədovun “Arzu qızım”, ya da Ağadadaş Ağayevin “Heydər oğlum”mahnısını səsləndirin…
Maraqlıdır, yeni vəzifə alan, təpədən dırnağa kimi həmişə səliqə-sahmanda olan Mehriban Əliyevanın xəbəri var ki, ölkədən kənara çıxanda sərhəd-buraxılış məntəqələrindəki kameralar qarşısında ən çox ləngidilən, incidilən insanlar azərbaycanlı qadınlar olur? Buyurun, təzəlikcə şahidi olduğum bir hadisə: Gürcüstan sərhəd buraxılış məntəqəsində məndən əvvəl dayanan qadının pasportundakı şəkil ona bənzəmədiyi üçün ölkəyə girişinə icazə verilməyəndə qadın nalə çəkərək, sanki ağı deməyə başladı:”Ey gürcü, mənə şübhə ilə baxma, mənim zülmlərimi sən çəksəydin, nəinki sərhədçi, heç anan da səni tanımazdı…” Bəli, bir azdan nəinki iki-üç il əvvəl çəkilən şəkillərimiz, hətta iki-üç ay əvvəl aldığımız yeni pasportdakı şəkil də bizə bənzəməyəcək. Çünki Azərbaycanda bir qadının çiyninə düşən problem, yük, stress, əsəb o qədər çoxalıb ki, onlar ildən-ilə yox, gündən-günə dəyişirlər. Əksəriyyət Nazlı Ağayevanın Cavahir xalasının günündədir, yatanda da qaloşlarımızı çıxartmırıq. Maraqlıdır, ailəsindəki 4-5 nəfərin qayğısını çəkən ailə başçıları əgər yorğunluqdan gecə yatanda qaloşlarını ayaqlarından çıxarmağı unudurlarsa, necə olur milyonların taleyinə cavabdeh olanlar həmişə təpədən-dırnağa kimi bəzənib-düzənməyə vaxt tapa bilirlər?.. Bəlkə, vaxtı səmərəli bölmək sirrini, istifadə qaydalarını Mehriban Əliyeva bizə də desin, heç olmasa həftədə bir dəfə saçlarımızı darayaq…
Vallah, prezident, nazir, direktor…ər istəmirik, onsuz da ölkədəki qadınların əksəriyyəti istedadlı, ağıllı, zəhmətkeş, qabarlı ƏLLƏRinin hesabına yaşayır, övladlarını böyüdür. Heç olmasa min zülmlə, ər hədiyyəsi görmədən, ər çörəyi yemədən əzab-əziyyətlə böyütdüyümüz övladlarımızı vəzifə oyunlarınıza qurban verməyin! Anaların göz yaşları daşa dönüb, göydən başınıza tökülən gündən qorxun!