Yalçın Qəhrəmanoğlu Rizvan Talıbovu ittiham etdi və təşkilatdan çıxdı
Qərbi Azərbaycana Qayıdış Birliyi sədrinin birinci müavini Yalçın Qəhrəmanoğlu bəyanat yayıb. Bəyanatda deyilir: “Qərbi Azərbaycana Qayıdış Birliyi sədrinin 1-ci müavini vəzifəsindən istefa verirəm və təşkilatı tərk edirəm. Lakin mübarizəmdən və əqidəmdən dönmürəm. Mübarizəmi milli-demokratik qüvvələrlə birlikdə davam etdirəcəm. Konkret planlarım barədə əlavə məlumat verəcəm.
2008-ci ildə Rizvan Talıbov həbsxanada ərizə yazaraq, tutduğu yoldan döndüyünu elan edərək amalımıza xəyanət etdi. Bu xəyanət mənə nə qədər ağır gəlsə də, həbsxana şəraitini, dustaqlıq həyatının çətinliklərini nəzərə alaraq, QAQB-dəki əqidə yoldaşlarımızla birlikdə səbr etməyi, R.Talıbova daha bir şans verməyi qərara aldıq. Düşündük ki, R.Talıbov həbsxanadan çıxdıqdan sonra demokratik qüvvələrin yanında olacaq, etdiyi xəyanəti bizə unutduracaq, ona göstərdiyimiz dəstəyi ləyaqətlə qiymətləndirəcək.
Lakin çox sadəlövh olmuşuq. R.Talıbov həbsxanadan çıxandan sonra da müxtəlif oyunlarını davam etdirdi, təşkilatın milli-demokratik qüvvələrlə birlikdə addımlamasına əngəl oldu. Ən başlıcası, çətin günlərində ona hər cür maddi-mənəvi dəstək olmuş təşkilat üzvlərinin arasını vurmağa, bir-birinə qarşı qoymağa çalışdı.
Bütün bunlara görə, QAQB üzvlərinə, təşkilatdakı əziz qardaşlarıma və bütün həmvətənlərimə təəssüf hissilə bəyan edirəm ki, daha R.Talıbov kimi bir şəxsin sədri olduğu təşkilatda qalmağı heç cür öz şərəf və ləyaqətimə sığışdıra bilmirəm”.
Yalçın Qəhrəmanoğlunun fikirlərilə bağlı Rizvan Talıbovun da mövqeyini dərc etməyə hazırıq.


