«Səhnəmizin ilk qönçəsi»
Milli teatr sənətinin inkişafında özünəməxsus xidmətlər göstərmiş Səkinə Axundzadə nəinki Azərbaycanda, həm də müsəlman Şərqində pyes, nəsr əsərləri yazan ilk azərbaycanlı qadın yazıçı, görkəmli maarif işçisi, ana dilində orta məktəb dərsliklərinin müəllifi olub. Səkinə Axundzadə 1865-ci ildə Quba şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Mirzə Heybət Axundzadə “Fəda” təxəllüsü ilə şeirlər yazan şair olub. Mirzə Heybət dövrünün məşhur alimi, filosof və mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun yaratdığı “Gülüstan” ədəbi məclisinin fəal üzvlərindən biri idi. Səkinə xanımın ədəbiyyata, teatra, incəsənətə olan marağı da məhz böyüdüyü mühitdən, aldığı tərbiyədən bəhrələnirdi.
Böyük mesenat Tağıyevin qız məktəbində dil və ədəbiyyatdan dərs deməklə yanaşı, teatr, səhnə və dramaturgiya ilə də maraqlanırdı. Onun ən böyük arzularından biri qadınların ədəbi fəaliyyətdə iştirakını görmək idi. Qəlbi nurlu fikirlərlə çırpınan bu nəcib xanım həm də böyük maarifpərvər idi.
Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafında ilkinlərdən sayılan Səkinə xanımı Qulam Məmmədli “səhnəmizin ilk qönçəsi, iftixarı” adlandırırdı. Buna da səbəb vardı. Ötən əsrin əvvəllərində Azərbaycan səhnəsində aktrisa problemi ilə yanaşı, qadın müəlliflərin olmaması dövrün ziddiyyətli təzahürünü, xurafatın geniş yayıldığını təsdiqləyirdi.
1900-cü ildə Səkinə xanım ailəsi ilə birgə Bakıya gəlib və buradakı mütərəqqi təhsil sistemi olan məktəblərdən birində oxumağa davam edib. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb. Qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib.
Qulam Məmmədli yazırdı: “Səkinə xanım müəllimliyə başladığı zaman Bakı səhnəsində Cahangir Zeynalov, Əbülfət Vəli, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski kimi teatr xadimlərinin iştirakı ilə tamaşalar verilirdi. Qadın rollarını kişilər oynayır, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşayırdılar. Çadra altında teatra gəlib, örtülü lojalardan səhnəyə baxan Səkinə xanımın ürəyindən nələr keçmirdi…”.
Birinci olmaq xoşbəxtliklə bərabər həm də olduqca böyük bir məsuliyyətin və məhrumiyyətin ağırlığına tab gətirmək deməkdir. O, ilk qadın romançı, ilk qadın dramaturq, ilk qadın dərslik müəllifi idi. Xurafatın zülmətində bir azərbaycanlı qadının bunu bacarması və fədakarlıqla yerinə yetirməsi həqiqətən o dövr üçün ağlagəlməz hünər və qəhrəmanlıq idi.
Köhnəliyə qarşı savaşda
Nadanların müqavimətini qırmaq, təqiblərdən qurtulmaq, təzyiqlərdən qalib çıxmaq bu zərif duyğulu, qeyrətli, mərd Azərbaycan qadını üçün tez-tez ölümlə üzləşmək demək idi. Səkinə xanım bütün bu çətinlikləri dəf etmək üçün əslində həyatını riskə qoyurdu. Hətta bəzən valideynlər onun üstünə hücum çəkərək deyərdilər: “Siz dərsdə qızlara şəriətdən danışırsınız. Sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız”. Belə ittihamlara dözmək üçün Səkinə Axundzadə mənən də çox əziyyət çəkirdi.
Belə bir vəziyyətdə Səkinə xanım elə bir vasitə tapmaq istəyirdi ki, rəfiqələri həm səhnəni görsünlər, həm də onların obrazını yaradan kişilər qadın libasından çıxa bilsinlər. Ona görə də Ilk işi pyes yazmaqdan ibarət oldu. “O, əvvəlcə elmin mənfəəti”, sonra isə “Haqq söz acı olar” adlı pyeslərini yazdı. Bəlkə də ilk dramlar idi ki, burada həddən artıq qadın obrazları var idi. Hər iki əsərin recissorluğunu müəllif öz üzərinə götürmüşdü. Bütün rolları isə müəllim yoldaşlarına və qız şagirdlərinə paylamışdı. Əsər oynanılan gün isə müəllifi qadın olan pyesin bütün personajlarını qadın və qızlar çatdırırdı. Tamaşaçılar da ancaq qadınlardan ibarət idi. Qulam Məmmədli yazırdı: “Azəri qadınları səhnə mədəniyyətinin nübarını belə daddılar”.
Səkinə Axundzadə dramaturq kimi teatr aləmindəki fəaliyyətini inadla davam etdirməyə başladı. O, Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirərək səhnələşdirilməsinə kömək edirdi. Səkinə Axundzadənin Namiq Kamal yaradıcılığından hazırladığı “Bəxtsiz bala”, “Zülmün səmərəsi” adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulmuşdur.
Yazıçı-maarifpərvər Səkinə xanım görkəmli türk ədibi Namiq Kamalın “Zavallı cocuq” pyesini “Bəxtsiz bala” adı ilə dilimizə təbdil edib. Süjeti Azərbaycanın həyat şəraitinə, mənəvi-psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılmış bu əsər teatr truppalarının tez-tez müraciət etdikləri pyeslərdən olub. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin “Lakme” operası əsasında dram əsəri yazıb. Bu əsər “Nicat” truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulub.
Ərəb və fars dillərini mükəmməl bilən Səkinə Axundzadə Şərq ədəbiyyatına dərindən bələd idi. Geniş dünyagörüşü olan bu istedadlı xanım Azərbaycan qızlarını azad və firavan görmək arzusu ilə çırpınırdı. Qələmə aldığı əsərlərində həmişə bu ideyaların təbliğinə xüsusi fikir verirdi. Açıq fikirli, maarifpərvər bu ziyalı xanımın qələmə aldığı mövzular həyatdan gəlirdi.
“Çiçəksiz ki bahar olmaz…”
O, Azərbaycan qadınının düçar olduğu ağır həyatı ürək ağrısı ilə qələmə alar, qızların oxuması, çalışması üçün əlindən gələni əsirgəməzdi. Bütün yazılarında qızların elm dalınca getməsini, savad almasını nəinki məsləhət görürdü, demək olar, hayqırırdı. Səkinə xanım həm də ilk romançı qadın idi. O, “Şahzadə Əbülfəz və Rəna xanım” romanında Azərbaycan qadınlarının həyatında kök salmış xurafatın aradan qaldırılması üçün çıxış yollarını göstərən, bədii üsulla azadlığın şirinliyini təsvir edən müəllif kimi diqqət çəkir.
Müəllifin əldə olan yaradıcılıq nümunələrinə bu günün gözü ilə nəzər salanda heyrətə gəlməyə bilmirsən. Zülmün, zillətin hökm sürdüyü bir dövrdə beş dram, bir roman yazan Azərbaycan qadını ötən əsrin əvvəllərində öz rəfiqələrinin hüquq və azadlıqlarının müdafiəsi üçün hansı çətinliklərlə üzləşməyib. 1922-1923-cü illərdə nəşr olunmuş “Yeni türk əlifbası”nın həmmüəlliflərindən biri də Səkinə Axundzadə idi.
Amalı həmişə işıqlı ideyalar və məramlar olsa da, həyatı o qədər də xoş keçməyib, ömrü təkcə mübarizələrə tuş gəlməyib. Taleyin boz üzünü də görüb, uzun illər ağır xəstəlikdən əziyyət çəkib. Bu səbəbdən də Bakıdan Qubaya dönmək məcburiyyətində qalıb. Deyilənlərə görə, o dövrün məşhur aktyorları, sənət və teatr xadimləri tez-tez Qubaya gedər, Səkinə xanıma baş çəkərmişlər. Doğulduğu şəhərdə də dünyasını dəyişən bu işıqlı qadının həyat və yaradıcılığı çox maraqlı və zəngin idi. Məşhur aktyor və rejissor Hüseyn Ərəblinski onunla söhbət zamanı sənət dostuna xitabən demişdi: “Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər”…
Zaman bu iki böyük şəxsiyyətin arzularını gerçəkləşdirdi. Azərbaycan teatr səhnəsində neçə-neçə qadın aktyorlar yetişdi, teatr tariximizi yaratdıqları obrazlarla zənginləşdirdilər…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir