Derlər: utan, heç kəsə bir söz demə.
Haq sözü derkən, utana bilmirəm,
(M.Ə.Sabir)
Azərbaycan Səhiyyə Nazirliyi Qarabağın dağlıq hissəsinin azərbaycanlılar yaşayan kəndlərindəki səhiyyənin çox ağır vəziyətini bir qədər yüngülləşdirmək üçün səyyar həkim briqadaları təşkil edərək ardıcıl olaraq DQMV-ə göndərir. Yurdumuzun ortasında qan qardaşlarımıza edilən haqsızlıqları Bakının qırmızıyanaq katibəli, Qaz 24-lü, hökumət telefonlu otaqlarından uzun illər seyr edib görməzliyə vurmuşuq:
İstərsən əgər, olmağa asudə cahanda,
Ta olmayasan qəmlərə aludə cahanda,
Öz fikrini çək, ol dəxi fərsudə cahanda.
18 nəfərlik bir qrupu vertolyota mindirib Ağdama yolladılar. Azərbaycanlılar yaşayan kəndlərə avtomobillə getmək təhlükəli olduğundan bizə yalnız vertolyotla getmək tapşırılmışdı. Ağdam təyyarə meydanında Rus təyyarəçiləri onlara kənd-kənd uçmaq tapşırılmadığını bəhanə edərək, Ağdamdan başqa yerə uçmayacaqlarını təkid etməyə başladılar. Aeroportdan Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininə zəng etdik. Demə, ağdamlı həkimlər neçə ay imiş bu «oyundan» çıxırmışlar. O, bizə heç bir kömək edə bilməyəcəyini bildirdi.
Təyyarəçilərlə uzun çənə-boğazdan sonra yenidən havaya qalxdıq. Əsl «konsert» bundan sonra başlandı. Azərbaycanlılar yaşayan kəndlərin çoxu təyyarəçilərin marşrut xəritələrində yox imş. Başladıq kəndlərin canına vəlvələ salmağa. Kəndin üstündə çox alçaqdan dövrə vurub qonmaq istəyən vertolyot uyğun yer tapa bilmir, erməni «saqqallılarının» qorxusundan ilboyu səksəkəli yatmış kiçik dağ kəndinin sakinləri qorxudan aman diləyə-diləyə qaçıb evlərə doluşur, toyuqlar, qoyun-keçilər pərən-pərən olub ürkək ceyranlar kimi ətrafa yayılır, itlər zəncirlərini gəmirir…
Üçüncü cəhdlə, birtəhər bayaqdan içinə qıy saldığımız məktəbin böyründə dayandıq. Vertolyotun küləyi torpağı göyə sovurur, çör-çöp toz dumanında uçaraq ətrafa səpələnir, körpələr qorxudan əllərindəki kitab-dəftərlərini, paltarlarını töküb qaçırlar. Adamyıxan külək uşaqların kitablarını cırıb göyə qaldırır, çantaları toptək diyirlədir, atılan pencəkləri qaldırıb çəpərin başına keçirir. Vətənində, ata bucağında il boyu səksəkəli yaşamış 10-11 yaşlı iki qızın qorxudan, ilan qovantək qaçıb tövləyə girməyini unutmaq olmur…
Vertolyotun komandiri ilə birlikdə əl edib, çox uzaqdan qorxa-qorxa bizə baxan adamlardan bir neçəsini çağırdıq. Pis niyyətlə gəlmədiyimizi görüb, bizə yaxınlaşdılar. Axtardığımız kənd Martuni rayonunda idi. Bura Mardakert rayonu imiş. Bu da bəzi müdirlərin iş «bacarmağının» xeyiri. Mardakert və Ağdam rayonlarının da üç kəndinin başına bu cür «oyun» açandan sonra məcbur olub Ağdamın təyyarə meydanına qayıtdıq. Oradan rayonun Mərkəzi Xəstəxanasına zəng etdik. Doktor maşın göndərib bizi Ağdama apartdırdı.
Telefonla Respublika Sanitariya Aviasiyasının rəisinə düşdüyümüz vəziyyəti bildirdik. Danışığımız get-gedə sərtləşdi.
– Yekə adamsınız, 50 yaşlı qadınları vertolota mindirib, göndəribsiniz, heç özünüz də bilmirsiniz hara. Belə də iş görərlər?
Rəisin səsi titrədi: – bə…bə… mən nə edim. Nazirə zəng etmək lazım deyil. Mənim də günahım yoxdur. Biri deyir neyroxirurq göndər, biri Qarabağa həkim istəyir. Tələb çox, imkan yox…nə vertolyot çatır, nə həkim, hamı deyir verrr!…
Bizi Ağdam rayonunun Pulmonoloci Bərpa Mərkəzində yerləşdirdilər. Mərkəz Xankəndindən qovulmuş azərbaycanlılarla doldurulmuşdu. Vətənində qaçqına çevrilmiş qız-gəlinlərimiz, başı bəlalı qoca və körpələrimiz indi baş həkim töhmətinə, xadimə minnətinə yaşayırlar…
Uzun illər bizi millətimizin dərdini görməməyə məcbur ediblər, «cənnət görmək istəyən Azərbaycana gəlsin» dedirdib, əl çalıb oynadıblar. Dilimiz olmayıb soruşaq: ay atam, 3 milyard manat pulla 7 milyon əhalisi olan respublikada hansı cənnəti yaratmaq olar? Bütün dünya 50 mərtəbəli evlər, kompyüterli avtostradalar tikir, minik avtomobillərindən, qatarlardan qonşu dövlətlərə zəng vurur. Bizim «cənnət»in mərkəzi Bakıdan isə yüz illərlə «qızıl kaçatdayan» Balaxanıya, Suraxanıya saatlarla zəng vurmaq olmur, Laçın, Kəlbəcər, Qusar, Yardımlı bir yana. Milyardlarının sayı bilinməyən Şimali Azərbaycanda nəvələri doğulan qardaş və bacılarımız fəhlə yataqxanalarında çürüyə-çürüyə qoca rus qarılarının, erməni dəllallarının uçuq damlarında əlli yaşı keçənə qədər kirayədə qalırlar.
Sinələrimizə taxılmış ulduzların parıltısı gözlərimizi tutduğundan ətrafımızdakı yarımacları görmürük. Bir bambılı bütün əkinlərimizi şumladıb, yerində qarğıdalı əkdirir, başqa bir «quldur» uluduz parıltısı ilə yandığından yurdumuzu alt-üst etdirib, süd əvəzinə üzünə həsrət qoyulan balalarımızın vətənini «çaxır ölkəsinə» çevirir. Zülmdən, qansormadan yığılan milyonlar Moskvanın, Leninqradın «gizli fahişəxanalarında» madmazellərin sinəsinə tökülür.
Rəhm et mənə can, madmazel.
Könlüm olub qan, madmazel
– deyə ağlayıb bu gün də davam edən dünənki dərdimizə ulu Sabir.
Azərbaycan cənnətdir – bir bölük «rəsmiləşdirilmiş» quldur üçün. Əli qabarlı qara camaat üçün o, zülm yeri, əzab-əziyət yeri, «divara buğda dırmaşdırılan» yerdir…
2615 nəfər əhalisi olan Xocalı kəndi Bakı – Şuşa şosse yolunun üstündə, Qarqarçayla Xocalıçayın kəsişdiyi yerdə axar-baxarlı, düzənli-dağlı bir yerdə yerləşib. Bu torpağa su verə bilsən, əkdiyin daş da bitir… Ancaq qədim türklərin «müqəddəs yer» saydıqları Xocalının bugünuü vəziyyəti qəlb dağlayandır. Xocalının məktəbi, xəstəxanası, xalqın gün-güzəranı kəndin və onun adamlarının ekoloci vəziyyəti Xocalının əsrdən 50 il gerii qaldığını deyir:
Şəhri-məlumunuzun vəzü-qərarı necədir?
Həmdülillah, necə görmüşdüsə Nuh, öyləcədir.
Acınacaqlı da olsa, biz 70 il keçəndən sonra da Sabirin göz yaşlarından «su içməli» olmuşuq:
Çeynənildi millətin neylim hüquqi-əqdəsi,
Yaki, heç bir yerdə yoxdur hörməti, şəni, səsi.
Bu da böyük eloğlumuzun əsrin əvvəlindən sonuna çatan səsidir, qulaqlarımızı tıxayıb eşitmirik.
Xocalının, eləcə də bütün Şimali Azərbaycanın bugünkü geriliyində mətbuat işçilərinin, şair və yazıçıların, bütün ziyalıların böyük günahı var. Yazmamışıq, deməmişik, hay salıb tələb etməmişik. Hamı öz çəpərinin içini qoruyub. Rahat otaq daha yaxşıdır deyib. Bizdən ötən oxlar Azərbaycana dəyib. Ana vətənimiz daş-daş, kərpic-kərpic sökülüb, dağıdılıb. Hay salıb çığıranlar SSRİ büdcəsinə verdiyindən yüz dəfə çox alanda, biz yüz verib, bir almışıq.
DQMV–li azərbaycanlıların orada yaşayan ermənilərlə müqayisədə daha ağır sosial vəziyyətlərini «qanuni hal» sayan erməni millətçiləri «erməni ari» millətinin sosial məsələlərini şişirdib göz yaşı tökə-tökə dünyaya car çəkərkən, bu «geriliyin» bütün ölkənin problemi olduğunu qəsdən unudurlar. Azərbaycan hökumətini bu geriliyin səbəbkarı kimi günahlandırarkən, əsl niyyətlərini gizlədir, öz adlarını özgəsinə qoymağa çalışırlar.
Respublika hökumətinin bütün ölkədə bəlkə də nümunə ola biləcək beynəlmiləlçi siyasətindən, azərbaycanlıların hərtərəfli milli inkişafına «başsız», təəssübsüz münasibətindən millətçiliklə istifadə edən ohancanyanların, gevorkovların, poqosyanların DQMV-nin azərbaycanlılarını saldıqları ağlagəlməz gerilikdən bir kəlmə belə danışmırlar. Əsl həqəqət isə belədir: DQMV-də Azərbaycan Respublikasının heç bir konstitusiya qanunu, millətimizin isə heç bir mənəvi-siyasi hüququ gözlənilmir. DQMV-nin azərbaycanlıları vətənəlrində elə bil onlar üçün xüsusi düzəldilmiş erməni rezervasiyasında yaşayırlar. DQMV-də yüksək dövlət vəzifələrində bir nəfər belə Azərbaycanlı işləmir. Vilayətdə Azərbaycan dilində qəzet çıxmır. Küçələrdə Azərbaycan dilində heç bir yazıya, yolgöstəriciyə rast gəlinmir. Siyasi xadimlərimizin görmədiyi bu dərdlər barədə biz 1977-ci ildə Azərbaycan LKGİ-yə yazılı məlumat vermişdik. Onda hiss etdiklərimiz indiki müsibətlərimizin sözönü imiş…
Uçuq–sökük, birmərtəbəli binada yerləşən Xocalı kənd səkkizillik məktəbi tibb məntəqəsi ilə qapı-qapıya yerləşir. Oğlan uşaqları məktəbin kiçik həyətində futbol oynayırdılar. Bir az aralıda qız uşaqları tullancaqlarla tullanırdılar. Bu idman dərsi idi. Oğlanlardan biri çox gözəl oynayırdı. Rəqiblərini bir anda keçir, qapıya tərəf güclü zərbələr vururdu. Bakı şəhərinin birinciliklərində hakimlik etdiyimiz uzun illər ərzində belə istedadlı uşaqları az görmüşük. Şəraitsizlikdən, vaxtında düz yola qoyulmamaqdan kimləri itirmirik…
Ermənilərin torpaq qoparmaq həvəsi olmasaydı, Xocalının tibb məntəqəsini yada salan olmayacaqdı. Azərbaycan Səhiyyə Nazirliyi Qarabağın dağlıq hissəsinin azərbaycanlılar yaşayan yerlərinin səhiyyəsini tapşırır vilayətin səhiyyə şöbəsinə, vilayətin də «daşnak kommunistləri» Əskəran rayonunun erməni «ağalarına» Xocalını, Cəmillini, Kosaları…və azərbaycanlılar yaşayan başqa kəndləri unutmağı məsləhət görürlər. Füzulidən də pis günlüyük, dərd çox, həmdərd yox, tale zəbun, bəxtimiz qara.
Nə yaxşı, ermənilər Şimali Azərbaycanı yenidən bölmək həvəsinə düşdülər. Yoxsa respublikamızın bəzi nazirləri Nuhun adamları kimi yaşamağa məcbur edilmiş qan qardaşlarımızı yada salan deyildilər. Azərbaycan Səhiyyə nazirinin müavini R. Hüseynov bir dəst mebeli maşina yüklətdirib göndərdi Xöcalıya. Bir təcili yardım maşınını da üstəlik. Xankəndində yalnız «məsləhətçi» işləmələri lazım bilinən, işdən qovulmuş iki gənc həkim qızı da yerləşdirdi Xocalı tibb məntəqəsində. Qalan nazirlər isə Xocalını veriblər allahın ümidinə. Allah da iki yüz ildir Azərbaycandakı türklərdən üz döndərib…
Xocalının Qaladərəsi deyilən yerində, klub adlanan damın kiçik bir otağında yerləşən «tibb məntəqəsi»ndən danışmağa utanırıq, çünki pinset yoxluğundan, iynəni sterilizatordan əlilə götürüb özünə iynə vurmağa məcbur olan tibb bacısının qolunda yaranmış absesi mətbəx bıçağı ilə yarandan sonra Afrikanın «geri qalmış» ölkələrində belə, həkimlərin birdəfəlik iynələrdən istifadə etdiklərini bilən gəlmə həkim 3000 nəfər əhalisi olan «şanlı» sosialist kəndinin tibb məntəqəsində 12 yaşlı uzaşın sifətinin çapılmış yerlərini paltar sapı və dərzi iynəsi ilə tikirsə, son yetmiş ildə Azərbaycan xalqının səadət və xoşbəxtliyə çatdırıldığını aləmə car çəkənlər utanmırlarmı?
Azərbaycan torpağının qazı Xocalının böyründən keçib vilayətin bütün erməni kəndlərinə, hətta Ermənistan SSR-nin kəndlərinə belə çatır, amma Xocalıya, Cəmilliyə, Kosalara…gələndə gevorkovlar, poqosyanlar, qriqoryanlar fikirləşirlər: birdən türklər isti otaqlarda qızışıb, onlardan babalarının haqqını istəyərlər. Onda nə edərik?..
Əskəran rayon partiya komitəsinin keçmiş birinci katibi V.Qriqoryan deyir: «Xocalıda orta təhsilli ermənini, ali təhsilli türkün yerinə mühəndis vəzifəsinə keçirə bilməsəm, erməni mafiozisi bunu mənə bağışlamaz». Bakıda oturan beynəlmiləlçi başbilənlərimiz də, belə «daşnak-kommunisti» Əskərandan horizontal istiqamətdə «diyirlədib», gizli-qapalı səsvermə yolu ilə Martuni rayonuna birinci katib «seçdiriblər». Bu adamlar da kommunistdirlər, N.Nərimanov da kommunist olub…
Qaladərəsində iş recimi rusca yazılmış bir damı klub adı ilə təmir edirdilər. Suvaqçılar divarı malalayır, elektrik monyorları uzun şüşə borulu lampaları quraşdırırdılar. Klub adlanan bu damda nə yapon, nə isveçli bir neçə saat dayanmazdı, işləmək bir yana.
Ustalar amanabənd boruları quraşdırıb gedəndən bir neçə gün sonra lampalar bir-bir sönəcək. Hələ sallaq ötrükələrin gurultu ilə oturanların başına tökülmək ehtimalından danışmırıq. Bu zavodun konstruktorlarının «elmi nailiyyətidir» qalacaq allahın boynunda…İstehsalçının müştəri üzərində ağalığı buna deyərlər….
Uzun illərin «giqantomaniya xəstəliyi» cəmiyyətin bütün sahələri kimi mətbuatımızı da hüquqsuz edib. Azərbaycan televiziyası hələ də «sevinc eyforiyasından» ayrılmayıb, xaraba yerin «gözəlliyini», faciənin «sevincini» çəkməyi davam etdirir. Bu da bir «mədəniyyətdir», ölümün özündə də sevinc axtarmaq nadanlığı, son yüzillikdə yeridilib imperiyadakı insanların varlığına.
Azərbaycan televiziyasının 18 sentyabr faciəsindən bir neçə gün sonra Xocalıdan çəkdiyi verilişə baxan tamaşaçı Xocalıda nəhəng bir şəhər salındığını fikirləşməli imiş… Ermənistan SSR-dən qovulan 180 ailənin ilk vaxtlar orada-burada birtəhər yerləşdiriblər. Ancaq Əskərandakı, Xankəndindəki erməni «ağalar» qaçqınların təcili «rədd olmalarını» kənd sovetindən tələb edəndən sonra ümidini itirmiş «yiyəsiz xalq» dağılıb gedib, hərə bir yana.
Əhaliyə torpaq paylanması və vilayət mərkəzində işdən qovulan azərbaycanlı sürücüləri işlə təmin etmək məqsədilə Xocalıda tikilməsi nəzərdə tutulmuş qarac yeri üçün torpaq ayrılması barədə Xocalı kənd sovetinin 14.10; 01.11.88-ci il tarixli qərarları Əsəkrandakı «ağalar» tərəfindən rədd ediləndən sonra, Həsən Seyidov Azərbaycan hökumətinin başçısı hüququndan istifadə edib, həmin sənədləri özü möhürləyib, təsdiqləyib. Qarac tikilib, amma Xocalıda Ermənistandan qovulmuş cəmi 11 ailə qalıb. Necə deyiərlər hamı istəyinə çatıb…
Son vaxtlarda Xocalıda 43 fin evi quraşdırılıb. Artezian quyuları qazılıb, Bakı komvol və mebel kombinatlarının tikintisinə başlansa da, torpaqlarımızın erməni «ağalarının» tələbindən sonra tikinti dayandırılıb. Bu «hökmlərdən» heyərət eləməmək olmur. Ermənistan SSR bizimlə açıq müharibə edir.
Qarabağın bütün erməni kəndlərinin üstündə Ermənistan SSR-nin bayrağı dalğalanır. Sovet İttifaqının heç bir nöqtəsində belə bir ağlagəlməz vəziyyət yoxdur, bunu bizim torpağımızda yaradıblar. Xocalının içindən camaatı yandıra-yandıra keçən avtobusların, ardı-arası kəsilməyən yük maşınlarının qabağına Ermənistan SSR-in Arsax Respublikası yazılıb. Dağlıq Qarabağın əlaqədar təşkilatları Azərbaycan Respublikasının heç bir mədəni-kütləvi tədbirində iştirak etmirlər. İstehsal edilən kənd təsərrüfatı məhsulları Ermənistan SSR-ə göndərilir. Xocalı aeroportundan gün ərzində İrəvana 10-dan çox təyyarə uçur, bir o qədər də qəbul olunur. Bir nəfərin də bu təyyarələrin nə gətirib, nə apardığını soruşmağa ixtiyarı yoxdur. Biz bir neçə saat 11№-li kurqanın üstundə dayanıb, 300-400 metrlikdə düşən təyyarələri izlədik. Sərnişin təyyarəsindən bir neçə nəfər pilotdan başqa düşən olmadı. Heç kəs bu vəziyyətdə Şuşa, Xocalı, Ağdam camaatına təyyarələrin silah gətirmədiyini sübut edə biləmz. Camaat bu qeyri-müəyyənlikdən çox narahatdır, çünki DQMV dövlət içərisində yaradılmış düşmən dövlətə oxşayır.
«Erməni ağalarımız» Xocalı təyyarə meydanının salınmasında da çox uzaqgörənlik ediblər. Xocalının əkin yerlərində salınmış təyyarə meydanının böyüdülməsi, mütləq kəndin sökülməsini «tələb» edəcək. Xalqımızın qədim bir yurdunu da yer üzündən silmək, Erməni strateqləri üçün bir stəkan su içməyə bənzəyib, təki Bakıdakı bəzi pulgir «hakimi-millətlərin» canı sağ olsun. Buvaxtadək silinənləri onlar satmayıblarmı?
Üç hissədən ibarət olan Xocalının iki hissəsinin əhalisi Ermənistan SSR yaradılandan sonra müxtəlif illərdə vətənlərindən qovulanlardır. Yerli Xocalı Qaladərəsi və Xocalıya nisbətən daha səliqə-sahmanlıdır. Kənddə hamam yoxdur. Fin evlərinin yanında təzə quraşdırılmış dükanı erməni «ağalarımız» açmağa qoymur. «Tovarı povsednevneqo sprosa» dükanının satıcısı 18 sentyabr hadisəsindən sonra həbs edilən 7 nəfərdən biri olduğundan dükan iki aydır bağlıdır.
Biz 18 sentyabr hadisəsini diqqətlə öyrəndik. Müdafiənin bir neçə iştirakçısının dediklərini olduğu kimi yazırıq: Axşamüstü Xankəndi yolu ilə minlərlə adamın qışqıra-qışqıra, «Zil» markalı maşının ardınca Xocalıya tərəf gəldiyini gördük. Kəndə böyük çaxnaşma düşdü. Xocalıda o gecə toy var idi. Toyumuzu yasa döndərdilər, quldurlar. Daş-kəsəklə, yaba ilə quldurları qarşıladıq. Azğınlaşmış kütləni aeroporta kimi geriyə qova bildik. Ancaq nəhəng KamAZ gələndən sonra hücum edən ermənilər bizi kəndin içinə sıxışdırdılar. Onların əlində itilənmiş dəmir ucluqlar, balta və qəmələr var idi. Azğınlar evlərin pəncərələrini daşa tutdular, dəmirlə vurub sındırmağa başladılar. Qaryağdı Sultan oğlunun, Camal Cəlal oğlunun, Afət Həsən oğlunun ot tayaları, çəpərləri yandırıldı. Kəndin qırağında iki gəncin təzəbinəsi var idi. Basqınçılar od vurub yandırdılar. Qadınlar nalə çəkib ağlayır, körpələr çığırışırdılar. 5-6 min nəfərdən çox azğınlaşmış erməni qulduru kəndi dağıdırdı. Birdən yerli Xocalı tərəfdəki kurqanın üstündən güllələr açıldı. Əvvəlcə quldurların üstündən atırdılar. Güllələrin havaya atıldığını görən vəhşilər daha da cəsarətləndilər. Onda kurqandan atanlar ermənilərə atmağa başladılar. Tanış ermənilərin dediklərinə görə Xocalıya hücum etmək üçün İrəvandan 500 nəfərdən çox məhbusu buraxıb, xüsusi tapşırıqla bizim üstümüzə göndəriblər. Ön sıralarda onlar olub. Bunları kəndin mühəndisi Yavər Kazım oğlu demişdir.
Ermənilərin güclü təbliğat maşını Nyu-Yorkdan Moskvaya qədər işə salındı: ay yazıq ermənilər, siz necə bədbəxtsiniz…azərbaycanlılar sizi yaşamağa qoymurlar. Dinc nümayişinizi Xocalı kəndində gülləbaran ediblər. Bu yalanı «Amerikanın səsi» toxuyurdu. Bu məkrli təbliğat bu günlər də baş alıb gedir. Rus dövlət idarələrində yüksək vəzifələr tutan muzdlu «bülbüllərdən» tutmuş, abır-ismətini satanlara qədər. Biz Xocalıda olanda Tamara Şvedova adlı birisini «hazırlayıb» İrəvan televiziyasından antiazərbaycan kökündə «oxudurdular». Tamara Şvedova türklərin xristianları qırdığından ağlaya-ağlaya danışır, rus-xristian qardaşlarını erməni din qardaşlarının köməyinə çağırırdı. Belə rəzilliklərə görə adam erməni xalqının «yiyələrinin» yerinə utanır. Bu əməllər DQMV hadisələrini dini müharibəyə çevirmək siyasətidir.
Xocalıda bütün Azərbaycanda olduğu kimi, gənclərə ev tikmək üçün torpaq vermirlər. Dünya axır, hər şey dəyişir, bizim kənd və şəhərlərimiz isə tısbağa kimi yerində sayır. Neçə nəsil qız-gəlinimiz xalqımıza yaraşmayan yataqxanalarda böyüyüb tərbiyə alır, çürüyür. Yataqxanada böyümüş, aldıqları qul haqqı ilə özünü, ailəsini dolandıra bilməyən gənclər baş alıb gedir Rusiyanın iri şəhərlərinə. Mənəviyyatı təhqir olunan da biz oluruq, kökü-soyu qırılan da. İndi Xocalıda hər beş-on ailədən birinin bir, ya da iki övladı Rusiyada yaşayır. Bu siyasət həmişə öz yurdunda yaşamağı, öz vətəninin torpağına qatılmağı üstün tutan – gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı – deyən xalqımızın soykökünə vurulan ağır zərbədir. «Ölkənin iqtisadi inkişafının tələbinə uyğun» kimi, arxasında xüsusi siyasət gizlənən fikirlərlə bu məcburi miqrasiyanı müdafiə edənlər dolayısı ilə Azərbaycana xəyanət edirlər.
Son günlər xalqımızı narahat edən, özündən çıxarıb, hüquqları uğrunda mübarizəyə qaldıran, S.Arutyunyan başda olmaqla erməni fitnəkarlarının Şuşanın Topxana meşəsini vəhşicəsinə dağıtmaları, topxanada Ermənistan aliminium zavodunun filialını tikməyə başlamaları oldu.
Topxana qurğusunu quranların məqsədi SSRİ əhalisinin yanvarın 12-də başlanacaq sayımına qədər azərbaycanlıları Ermənistan SSR-dən qovmaqdır. Erməni Suren komsomolçu Vəzirovu aldatdı…
«Başqa xalqın səadəti hesabına özünə xoşbəxtlik qurmağa çalışan xalqlar öz qəbirlərini qazırlar» – deyib bizim aqil babalarımız.
Təbiətin altı hektarlıq əvəzsiz abidəsini məhv edən tikintinin ortasında Ermənistan SSR-nin bayrağı dalğalanır. Heç düşmən torpağını da belə vəhşiliklə dağıtmazlar. Topxana meşəsinin hüdudlarından atlı erməni kəşfiyyatçıları hər şeyi izləyirdilər. Əli silahlı rus əskərləri də bu cinayətkarları qoruyurdular. Topxana cinayətinin törədilməsində Topxananın strateci mövqeyinin də böyük əhəmiyəyəti olub. Azərbaycanlıları Şuşadan qaçmağa məcbur edəcək aliminium zavodunun tüstüsü bir yana, topxana Şuşanı atəşə tutmaq üçün əlverişli yerdir. Bu da düşmənçilik saldırıb xalqlarımızı qırdıran cəlladların qanlı xəyalları…
Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun səylərilə iki xalq arasında salınmış bu düşmənçiliyin gərginliyinin zəiflədiyi bir vaxtda Sov. İKP-nin və SSRİ Ali Sovetinin DQMV-də səlahiyyətli nümayəndəsi Volskinin gözləri qarşısında belə cinayətin törədilməsi adamda şübhəli hissələr doğurur…
Vətənimizin dağ gözəli Şuşanın böyük qayğıdan məhrumluğu, onun yol və küçələrinin, tarixi abidələrinin müasir vəziyyətindən aydın görünür. Hərbçilərin və ayrı-ayrı vətəndaşların Cıdır düzünə sürülən maşınları çala-çuxurlar yaradıb. Ətraf daş-kəsəklə, zibillə doludur.
Şuşada adamın qəlbini didən günahlarımızdan biri də Qafqazın birvaxtkı konservatoriyasının çayxanalarında, yeməkxanalarında ara müğənnilərinin guruldadılan-zarıldadılan səsidir. Dünya musiqi mədəniyyətinə Ü.Hacıbəyov, Bülbül, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Niyazi, Rəşid Behbudov kimi onlarla böyük bəstəkar, ifaçı və qızıl səsli müğənni vermiş Şuşada ara müğənnilərinin tükürpədici çığırtılarını guruldatmaq babalarımızın əziz ruhuna hörmətsizlikdir. Əlaqədar mədəniyyət işçiləri hara baxırlar? Misilsiz musiqi nümunələrimiz yazılmış maqnitofon kasetlərinin bütün respublikada yüksək səviyyəli satışını təşkil etmək nə böyük iş imiş…
Qarabağ camaatını böyükdən kiçiyə, ziyalıdan kəndliyə qədər yandıran, haqqında mütləq yazmağımızı dönə-dönə xahiş etdikləri bir rəzillik də var. Bu da bəzi rəhbər milis işçilərinin milli hüquqlarının müdafiəçisi kimi tətilə çıxan gənclərin valideynlərini qorxuzub, onlardan pul qoparmağa çalışmasıdır. Heç bir sənəd-sübutumuz olmasa da, «elin sözü əvvəl-axır düz olur»…
Düşmən üstümüzə hücum çəkib ana-bacılarımızı yağmalayanda «millət necə tarac olur, olsun – nə işim var» deyib quldurluq edən, dükan və ev yaranlarımız da tapılır:
«Mən nə deyim bizdə olan qeyrətə».
Azərbaycanda soyqırma siyasətinin əsas qollarından biri ana dilimizin «beynəlmiləlçilik» pərdəsi ilə sıxışdırılıb dövlət idarələrindən çıxarılmasıdır. Bakıda «hakimi-mütləq» olan bəzi ağalar bu işdə Orta əsrlərin dinyayanlarının rolunu oynayıblar. Dəfələrlə yazılsa da, deyilsə də bu, «hakimi-mütləqlər» – «siz saydığınızı sayın, gör fələk nə sayır» – deyiblər. Bu siyasət DQMV-də daha «igidliklə» edilib. Ağdamdan Əskərana keçən kimi, elə bil Ermənistan SSR-ə düşürsən. Stepanakertdə on illər bundan qabaqkı kimi, indi də Azərbaycan dilində bir kəlməyə belə rast gəlmək olmaz. DQMV-dəki bu hal «hakimi-millətlər» üçün uzun illər ən qanuni iş sayılıb, çünki bu, onların layiq olmadıqları yerdə oturmalarına şərait yaradıb.
Yol göstəricilərindən Ermənistan SSR-nin rayonunu xatırladan Əskərandan sonra gələn Xocalıda dərzi və çəkməçi dükanları – «Dom bıta», kənd dükanı – «Tovarı povsednevneqo sprosa» adlanır. Onun böyründəki idarə binasının qarşısında iri hərflərlə «Reşeniə XXVII scezda vıpolnim», «Perestroyka, delo vsex i kacdoqo», uşaq bağçasının qarşısında isə iri, ağ hərflərlə «Detskiy sad» yazılıb. Çörək dükanını «Xleb» adlandırmaqdan utanmayıblar. Deməyə söz tapılmır…
Kolxozun fermasının işçilərini tibbi müayinədən keçirməyə getmişdik. Yoldaşına cavab verən çobandan «əmi, niyə pirrifdən sonra» deyirsiniz? – dədə-babanız kimi günortadan sonra demirsiniz – soruşdum. Çoban mənə çox kəsərli cavab verdi: Günah sizin kimi oxumuşlardadır! Bax – çoban qapının üstündəki yazını göstərdi – pirrif yazırsınız, pirrif də deyirik.
Düz sözə nə deyəsən…
«Stepanakertin kanalizasiyasının suyu axıdılır Qarqarçaya. Arandakı, azərbaycanlılar yaşayan kəndlərin mal-hevanı bu sudan içir, uşaqlar bu suda çimirlər. Vilayət mərkəzindəki «ağalar» Qarqarçaydan o taydakı Gendərə deyilən yerdəki min hektar meşəmizi, mal-heyvanımızın otlağını alıb verdilər ermənilər yaşayan Harov kəndinə. Mal-qaramızı «ayağımıza bağlamağa» məcbur olmuşuq.
Babalarımızın Daşbulaqdakı qəbristanlığında donuz kompleksi tikmək istəyirdilər. Hay-küy saldıq, məcbur olub dayandırdılar. Belə də dərd olarmı? Bilmirəm, bu millətin yiyəsi var, ya yox?» – deyən Yavər dərindən köks ötürdü.
Kosalar və Cəmilli kəndlərinin yolu Xankəndinin içindən keçir. Camaat Ağdama, Şuşaya, Bakıya çox təhlükəli yollarla, qorxa-qorxa meşələrin, dağların içi ilə getməyə məcburdur. Yolunda erməni «ərəbzəngilər» dayanmış bu kəndlərin qoca-qarısının, ağır xəstələrinin dərdini kimə deyək? Bəlkə buna «sosializmdə erməni reallığı» adını verək, bədnam «erməni sualını» qaldıranlar sakitləşsinlər.
DQMV-də azərbaycanlılara edilən zülmün hüdudları görünmür. İş başına keçən hər hansı erməni «erməni xəstəliyinə» xas olan bir qayıtqanlıqla başlayır gülünc «erməni sualını» həyata keçirməyə. Bu mifik sual ruhu zəhərlənmiş erməniləri məhv edəcək!…
Qarabağın Dağlıq hissəsində xalqımıza edilən zülmlərdən biri də onun qədim tarixi abidələrinin oğurlanması, sökülüb aparılması, dağıdılıb məhv edilməsidir. Xocalı kənd sovetinin katibi, bilikli qardaşımız Şöhrət Həsənli deyir: «Babam Xocalı torpağının qədimlərdə «müqəddəs yer» sayıldığını deyərdi. Müxtəlif türk tayfaları ən hörmətli adamlarını gətirib Xocalıda basdırarmışlar. Xocalıda daş dövrünün onlarla, çox qiymətli abidəsi var. Yiyəsizlikdən, baxımsızlıqdan qədim tariximizin bu nadir nümunələri dağıdılır, oğurlanıb aparılır.
«Millət atalarının» qayğısı nəticəsində yaradılmış Əskəran rayonunun keçmiş birinci katibi V. Qriqoryan kimi «daşnak kommunistlər» onları erməni abidəsi elan etmişdilər. Bir daşına da toxunmağa ixtiyarımız yox idi. Erməniləşdirmək mümkün olanların hamısını daşıyıb apardılar İrəvana. Eh, dərdini kimə deyəsən. Ermənilər «Böyük Ermənistan» qurmaqda, bizimkilər də «erməni məsələsi» üçün istifadə edilən erməni qızları ilə mazaqlaşmaqda»…
Bir diyarın ki, olur əyanı yeksər cibdust,
Zilli-Sultan çağrılır, sərdar olur, əlbəttə ki.
Xocalıdakı qəbristanlığın içində atəşpərəst türklərin tikdiyi səkkizbucaqlı bir türbə var. Türbəni diqqətlə öyrənəndə soykökümüzün daşoyma sənətində çatdığı ustalıqdan heyrətlənməmək olmur. Neçə min il ərzində türbənin divarının iç üzündən bir örtük daşı belə düşməyib, sökülüb aparılanlardan, yazılıb korlananlardan başqa.
Türbənin içində üzü Şərqə baxan (günçıxana qapı açmaq türk adətidir) giriş qapısı ilə üzbəüz xüsusi oyma var. Oymanın yerinin zərif usta işi onu xüsusi tökülmüş tunc möhürə bənzədir. Bu oymadakı ay simvolu zərifliklə yonulub. Bu simvollar babalarımızın bəşər yaranandan bu yerlərin sahibi olduğunu, onun qədim etiqad və mədəniyyətinin təbiətlə insan arasında olan homeostazın pozulmamasına xidmət etdiyini göstərir.
Türbənin damı iki tağlıdır. İç tağ yarımdairəvi, bayır tağ şiş uzludur. Odun yaxşı yanması və sorulması üçün tavanda da səkkizbucaqlı nəfəslik qoyulub. Türbənin iç divarının örtük daşlarını bəzi nadan müasirlərimiz didib dağıtmış, divarlara Qobustan rəsmlərinə oxşar şəkillər çəkib altından Vahan, Qasan kimi adlar yazmışlar. Ayrı-ayrı erməni hərfləri yazan «tarixdüzəldənlər» «keçi yazısının» yaranma tarixinin suriyalılardan alınmış erməni əlifbasının yaranma tarixindən on min illər qabaq olduğundan xəbərsizdirlər.
Türbənin həyətində daş dövründən qalma daşlar: sinə və baş daşları vardır. Şöhrət Həsənli və Allahverdi Xocalı bu daşların bir vaxtlar 15 ədəd olduğunu dedilər. Bir dəfə xankəndili «ağaların» əmri ilə bir neçə erməni bu daşların yarısını maşına yığıb apardı. Üstü yəhərli sinə daşları kişi qəbirlərini, nehrə şəkillilər isə qadın qəbirlərini göstərir. Bütün sinə daşlarının hər iki başında səkkizgüşəli ulduz və ay şəkli yonulub.
Kolxoz «ağaları» bu mədəniyyət nümunələrinə burcua qalığı kimi baxıb, ətraf daşla dolu ola-ola türbənin xaricindəki bütün örtük daşlarını sökdürüb, uğursuz təsərrüfat forması olan kolxozun yaza çıxmayan inəkləri üçün tövlə tikdiriblər. Kəndin kənarına çəkilib aparılmış çox iri bir sinə daşını bir traktorçu təzə daşının gücünü yoxlayarkən basıb sındırıb.
Xocalının ərazisində 50 hektarlıq bir yerdə ən qədim kurqanlar var. Bu kurqanlardan hərə bir şey qazıb çıxarır. Rus əskərləri, qoyun-quzu otaran uşaqlar, tövlə tikmək üçün daş axtaranlar, düşüblər goreşən kimi, babalarımızın sərdabələrinin canına. Daş-daş söküb dağıdırlar, qazıb-batırırlar xalqımızın tarixini.
Son 70 ildə şəxsi mülkiyyətin məhv edilməsi insanlarda vətən məhəbbətini də azaltdı. Milliləşdirmə adı altında vətən başdan-başa sahibsiz qaldı.
Əskəran Rayon İcraiyyə Komitəsində Əskəranın adını dyişib Berdavan qoymaq söhbəti gedir. Xocalının içindən keçən Xocalıçayı son vaxtlar coğrafiya xəritələrində Badaraçay yazmağa başlayıblar. Ballıcaçay reka Traket adlandırılıb. Bunlar hansı «alimi-biəməllərin» işidir? Beləcə, gözümüz baxa-baxa Gəncəni Kirovabad eləyir, Biləsuvarın ortasından dövlət sınırı çəkib dağıdaraq, əvəzində, gəlmələr üçün Puşkin tikirlər. Bir gün gözümüzü açıb görəcəyik Bakının da adını bəyişib qoyublar Bakunakert.
Alman alimi E.Ressel 1893-94-cü illərdə Xocalıdakı 11 №-li kurqanda qazıntı aparıb. Açılan daş qutu qəbirlərin birindən yaşlı bir kişinin skeleti, tunc quş fiquru, döş asması şəklində çoxlu gil qab, tunc bıçaq, iki ədəd tunc üzük, qızıl muncuğun bir hissəsi, üstü bəzəkli qızıl lövhə, yantar muncuqlar kimi nadir tarixi incilər tapılıb.
Xocalıda qədim türklərin Təpəgöz daş abidəsi də vardır. Bu gün tarixçi alimlərimizin unutduğu, soykökümüzün ən qədim yaşayış məskənlərindən olan qədim Qarabağın Xocalı kəndi yuxarıdan verilən ştamplara uyğun tarix quraşdıran bəzi «alimlərə» Azərbaycanın daşı da, torpağı da bəşər yaranandan buranın türk yurdu olduğunu deyir.
Tariximizin qədimliyi, zənginliyi ilə bədhaxlarımıza dağ çəkən bu qədim möcüzə tariximizi də Bakıya gətirməli, ya da yerbəyer edib, Xocalıda tarix muzeyi yaratmalıyıq.
Bütün bu deyilənlərdən sonra oxucu Şöhrət Həsənlinin aşağıdakı sözlərinə inanmayacaq, deyilənləri xəstə cəmiyyətin növbəti illyüziyalarından sayacaq. «Xocalıda 504 yerlik nümunəvi orta məktəb, 90 yerlik uşaq bağçası, 50 çarpayılıq xəstəxana, 180 nəfəri eyni eyni vaxtda qəbul edə biləcək poliklinika və s. tikmək planlaşdırılıb»…
Min illərdir yadellilər xalqımızı məhv edib, onun soykökünü dolaşdırmaq istəyirlər. Gah islam və onun qanunları ilə, gah da tamamilə assimilyasiya etmək cəhdləri ilə. Amma bu qanlı tarix dolaylarından şərəflə çıxan qeyrətli xalqımız bu gün də öz qədim dilini yaşadır, soykökünün ay, günəş, su, torpaq inamlarına tapınır. Mayaları Azərbaycan torpağından, qəlbləri Günəş odundan, məhəbbətləri ay şəfəqlərindən yoğrulan xalqımız indiki düşmənlərinə də qalib gələcəkdir!
21-26 noyabr 1988. Xocalı.
Yadigar Türkel