Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli fotoları APA-ya göndərib və bildirib ki, büstün dağıdılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Bir daha bildiririk ki, Mikayıl Müşfiqin Bakının Yasamal rayonu ərazisindəki Müşfiq parkında ucaldılan abidəsi dağıdılmayıb. Təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq müvəqqəti götürülüb və işlər başa çatandan sonra əvvəlki yerinə qaytarılacaq”.
***
Azərbaycanın görkəmli şairi, repressiya qurbanı Mikayıl Müşfiqin Bakıdakı (Statistika Komitəsinin yanında) abidəsi dağıdılıb.
Mədəniyyət Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov bu barədə mətbuata açıqlama verərək, bunu vandalizm adlandırıb. O deyib ki, abidəni “Azəryolservis” ASC dağıdıb. Özü də Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan. “Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, – deyə o vurğulayıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə mətbuata deyib ki, abidə dağıdılmayıb, sadəcə ərazidəki yenidənqurma işlərinə görə götürülüb və anbarda saxlanılır. İşlər başa çatandan sonra yerinə qaytarılacaq: “Sovetski ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq”.
A.Nəcəfli deyib ki, “Azəravtoyol” ASC işləri ölkə başçısının sərəncamlarına uyğun olaraq həyata keçirilir: “Bununla bağlı layihə hazırlanıb və aidiyyatı qurumlar tərəfindən razılaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyi hansı səbəbdən məhkəməyə müraciət edib, bilmirəm”. A.Nəcəfli heykəlin anbarda çəkilmiş fotolarını yayacaqlarına da söz verib.