Morninqstar Azərbaycana səfir kimi hansı mesajlarla gəlir?

morninqstar«İnsan haqları, demokratiya və vətəndaş cəmiyyətinin inkişafı əsas prioritetlərdən olacaq»

ABŞ prezidenti Barak Obamanın Azərbaycana səfir təyin etdiyi namizəd Riçard Morninqstarın ilk dinləməsi iki ölkə arasında son vaxtlar yığılıb qalmış bir sıra suallara işıq salıb. Riçard Morninqstarın Senatın xarici əlaqələr komitəsində müzakirələrdən öncəki bəyanatı yayımlanıb. O, ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonun onu bu vəzifəyə namizəd kimi göstərməsindən və Azərbaycanda Birləşmiş Ştatların mənafeyini müdafiə etməkdən məmnunluğunu ifadə edib.
Hazırkı Avrasiya enerji məsələləri üzrə dövlət katibinin xüsusi elçisi vəzifəsindən əvvəl, ABŞ-ın Avropa Birliyində səfiri, ABŞ prezidentinin və dövlət katibinin yeni müstəqilliyini qazanmış və post-sovet ölkələri üzrə xüsusi məsləhətçisi kimi çalışdığını və bu vəzifələri icra edərkən əsas hədəflərdən birinin bütün Cənubi Qafqaz regionunun inkişafı və sabitliyi olduğunu, bu mövqenin indi də davam etdiyini bildirib.
Morninqstarın fikrincə, Azərbaycan təhlükəsizlik sahəsində inanılmış tərəfdaşdır. O, Azərbaycan əsgərlərinin Kosovo və Əfqanıstanda keçirilən əməliyyatlarda iştirakını da vurğulayıb. Seçildiyi təqdirdə, Morninqstar Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmləndirilməsi üçün mümkün olan hər şey edəcəyini vəd edib: “Azərbaycan və Amerika Birləşmiş Ştatları demokratik şəraitin və qanunvericilik məsələlərində dəyişikliklərin təkmilləşdirilməsi üçün əməkdaşlığı davam etməlidir”.
Aydın olub ki, hətta dövlət katibi Hillari Klintonun ötən həftə regiona səfərindən sonra belə administrasiya ölkədə baş verənlər barədə “tam təfsilatlı məlumata malik deyil”.
“Turan”ın iclası izləyən müxbirinin məlumatına görə, bu bilgisizlik əsasən regional silahlanma, xüsusilə də Israillə Azərbaycan arasında az öncə bağlanmış hərbi müqavilənin təyinatı barədə mediada yayılmış məlumatların şərhi zamanı etiraf olunub.
Bununla yanaşı, senatorlar Morninqstarın qarşısında insan haqları və cəbhədə atəşkəs pozuntuları kimi narahatlıqları dönə-dönə qaldırıblar. Iclasa sədrlik edən Cin Şeyn Azərbaycan hakimiyətini Klintonun səfəri ərəfəsində gənc fəalı azad etməklə “başladığı pozitiv tədbirləri” digər müxalifət məhbuslarına qarşı da tezliklə tətbiq etməyə səsləyib. Senator Menendez isə Ilham Əliyevi ölkədə ermənilərə qarşı nifrət toxumu səpməkdə ittiham edib və ABŞ diplomatlarını bu sahədə işləməyə çağırıb.
Morninqstar öz növbəsində deyib ki, insan haqları və regional sülh ən vacib prioritetlərdir və hər ikisi Azərbaycan hakimiyyətinin marağında olmalıdır: “Biz bu istiqamətdə islahatlar naminə səylərimizi davam etdirəcəyik.  Bəzi pozitiv addımlar atılıb, məsələn, şəffaflıq sahəsində. Ancaq hər bir məsələyə fərdi yanaşmaq lazımdır. Səfir olsam Bakıda yetkililəri bu sahədə islahatlar üçün həvəsləndirməyə davam edəcəyəm. Mənim üçün ABŞ-ın Azərbaycanda həyata keçirdiyi demokratiya və vətəndaş cəmiyyətinin inkişafı layihələrinin gücləndirilməsi də prioritet olacaq”.
Senat komitəsi səsvermə prosesini 48 saat müddətinə açıq saxlamaq qərarına gəlib. Morninqstar və onunla birlikdə dinlənən daha 2 ölkəyə səfir namizədin taleyi bu gün məlum olacaq. Komitədə təsdiqlənsə, Morninqstarın məsələsinə Senatın ümumi yığıncağında baxılacaq.
Dünənki dinləmədə nüfuzlu senatorlar Richard Luqar və Con Kerri Morninqstarın müdafiəsinə qalxıblar .