Polkovnik Əzizağa Süleymanov Gəncə qiyamı ilə bağlı çoxlarının bilmədiklərini açıqlayır
1993-cü ildə Elçibəy hakimiyyətinin devrilməsilə nəticələnən Gəncə qiyamına dair yazılarımızı daha bir maraqlı materialla davam etdiririk. Bu dəfə sizi Gəncə qiyamının canlı şahidi, Milli Qvardiyanı yaradan ilk adamlardan biri olan polkovnik Əzizağa Süleymanovun xatirələrilə tanış edəcəyik. Qərara gəldik ki, onun danışdıqlarını elə öz dilindən təqdim edək…
Sülhəddin Əkbərov qiyamçılarla mehriban görüşdü
Surət Hüseynovun qərargah saldığı hərbi hissədə briqada komandiri, polkovnik Eldar Əliyev və cinayət aləmində adı hallanan “Zobik” ləqəbli Ruslan Milli Təhlükəsizlik Nazirliyinin binasına yaxınlaşırdı. Onları binanın kandarında milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərov çox mehribanlıqla qarşılayıb, gülə-gülə içəri dəvət etdi. Tahir Məmmədov da onlarla bərabər içəri keçdi. Az sonra məni də içəri çağırdılar. Sühəddin Əkbərov dedi ki, danışığa gələnlərin tələbinə əsasən, Milli Qvardiyanın komandiri danışıq bitənə qədər Surətin döyüşçülərinin arasında olmalıdır ki, hər iki tərəfdən atışma olmasın. Tahir Məmmədovun üzünə baxdım. Ona bildirdim ki, Siz məni prezidentin adından əməliyyata rəhbərlik etmək üçün bura göndərmisiniz, bəs bu nə məsələdir? O bildirdi ki, Sülhəddin Əkbərin dediyinə görə, prezident onu əməliyyatın rəhbəri təyin edib. Mənə iki nəfər qvardiyaçı götürüb getməyi məsləhət gördü. Çox hirsli şəkildə çölə çıxdım. Hirsimdən əlimdəki avtomat silahı yerə çırpıb, heç kimi götürmədən surətçilər tərəfə üz tutdum. Ardımca çölə çıxan Tahir Məmmədov iki nəfər qvardiyaçını arxamca göndərdi. Bunlar Məhərəmov Ədalət Şirin oğlu və Həsənov Mehman Dilavər oğlu idi. Onları geri qaytarmaq istədim, lakin əl çəkmədilər. Biz surətçilərə çatan zaman onlara göstəriş verdim ki, mənə bir az aralıdan nəzarət etsinlər. Özüm yaxınlaşıb surətçilərin önündə dayandım. Üstümdə yalnız bir tapança vardı, o da görünmürdü. Danışıq hardasa, 40-45 dəqiqədən çox çəkdi.
Sayıqlığın itməsi və girovluq
Bu zaman məni mühafizə edən qvardiyaçıların nəzarəti getdikcə zəifləyirdi. Xüsusilə Ədalət Məhərəmovu tanıyan, Milli Orduda olan keçmiş döyüş yoldaşları onunla görüşür, fikrini istər-istəməz məndən yayındırırdılar.
Ədalət Məhərəmov Milli Qvardiyaya gəlməmişdən əvvəi ilk yaranmış könüllülər ordusunda xidmət etmiş, Şuşada ermənilərə qarşı döyüşlərdə iştirak etmiş, Daşaltı əməliyyatı zamanı sağ qalan beş-altı döyüşçüdən biri idi. Milli Qvardiyanın tərkibində də bir neçə döyüş əməliyyatında iştirak etmişdi. Lakin burada vəziyyət tam başqa idi. Dünən ermənilərə qarşı bir səngərdə çiyin-çiyinə vuruşan insanlar indi üz-üzə gəlmişdilər. Dünyada bundan ağır dərd ola bilməzdi, biz özümüz bilmədən bu dərdə düçar edilmişdik. Bu qarşıdurmada nə məğlubiyyət var idi, nə qalibiyyət. Canı bir, qanı bir, dini bir, əqidəsi, amalı bir olan insanlar siyasi oyunbazların əlində alətə çevrilmişdilər. Hiyləgər düşmənimiz olan ermənilər bu günü çoxdan gözləyirdilər. Bu bəlalı gün elə bil bizim taleyimizə yazılmışdı. Bu fikirlər beynimdə dolaşan zaman bir də onu gördüm ki, məni mühasirəyə aldılar. Başı söhbətə qarışan mühafizəçilərim heç nə edə bilmədilər. Artıq gec idi. Dövlət rəhbərlərilə danışıq aparan qiyamçı polkovnik Eldar Əliyev və cinayət aləmində oğru sayılan Ruslan Rzayev yanımda idilər. Mənim onların danışıqdan nə vaxt qurtarıb gəlməsindən xəbərim olmamışdı. Məni bunların içinə göndərən insanlar bu haqda mənə xəbər vermədən onları buraxmışdılar. Məni “Niva”ya oturdub Surət Hüseynovun otağına gətirdilər.
Kazarma həbsxana kimi…
Yolda tapançamı da almışdılar. Surət məni görən kimi tanıdı. Prezident Əbülfəz Elçibəyin ünvanına nalayiq bir söz işlətdi. Dedi ki, Elçibəyin əlacı hər yerdən kəsilib, indi də səni mənim üstümə göndərib. Onun yanında duran Nüsrət adlı bir nəfər əlində tutduğu TT markalı tapançanı havada yellədərək, “bu, sənin nazirin Qabilin tapançasıdır”, deyə dəstəyilə başıma vurmaq istədi. Lakin özünü qabağa verən Ruslan qoymadı və dedi ki, onu mən gətirmişəm, ona heç kim toxuna bilməz. Sonradan adını öyrəndiyim Nüsrət Budaqovun bu hərəkəti mənə çox pis təsir etdi. Orada onların üzünə dedim ki, siz məni tuta bilməzdiniz. Məni sizə danışıq yolu ilə təhvil verən adam var. Surət Hüseynov mənim də Müdafiə Nazirliyinin həbs edilən yüksək rütbəli zabitlərinin yanına göndərilməyim barədə yanındakılara göstəriş verdi. Hərbi kazarmanın birinə salındım.
Məşhur qarşıdurma şahidlərin dili ilə…
Ora girəndə gördüm ki, başda Milli Qvardiyanın qərargah rəisi, polkovnik-leytenant Tariyel Nəsirov olmaqla, Milli Qvardiya alayının Gəncədə olan şəxsi heyətinin bütün zabit heyətinin üzvlərinin hamısı buradadır. Bura Milli Qvardiyaçı zabitlərdən başqa, Daxili Qoşunların və Milli Ordunun zabit heyətinin tutulan üzvləri də salınmışdı. Mən öz zabitlərimizdən soruşdum ki, necə oldu, bura düşdünüz? Onlar mənə dedilər ki, “bizi komandirlərimiz döyüşsüz-filansız Surət Hüseynovun dəstəsinə təhvil verdilər. Buranı tutmağa hər cür imkanımız vardı, lakin əmr verən olmadı”. Onlar söhbət edirdilər ki, 4 iyunda saat 8-9 radələrində hərbi hissəni mühasirəyə almışdılar. Hərbi hissədə heç kim yox idi. Qvardiyaçı leytenant Hüseynov Ismayılın sözlərinə görə, 709 saylı hərbi hissənin hərbçi zabit və əsgərləri dünəndən bizim Gəncəyə gələn xüsusi təyinatlı dəstənin üzvlərini görəndə qaçıb dağılmışdılar. Biz qvardiyaçı leytenant Qudulov Abdulrəhmanı hərbi hissənin içinə kəşfiyyata göndərdik. Bir azdan Qudulov gəlib bizə bildirdi ki, hərbi hissənin içində sağ tərəfdə cəmi 15 nəfər hərbçi var. Onlar Qudulova söz verdilər ki, siz sağ tərəfə güllə atmasanız, biz sizə güllə atmayacağıq. Surət Hüseynov səhər tezdən Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən mühasirədə olan evindən gizli yolla çıxaraq, 709 saylı hərbi hissəyə gəlib. Hərbi hissənin zirzəmisindədir, yanında da 4 nəfər hərbçi var. Qudulovun söylədiyi bu məlumatı bizim yanımızda olan tabor komandiri mayor Yusifov Akif Isaxan oğlu da eşitdi (hazırda bu şəxs Milli Qvardiyada polkovnik rütbəsində komandan əvəzi vəzifəsini icra edir). Mən şəxsən Akif Yusifovla birlikdə gəlib bu məlumatı Milli Qvardiyanın qərargah rəisi, polkovnik-leytenant Tariyel Nəsirova və alay komandiri mayor Elmar Hüseynova söylədim. Nəsirova dedim ki, uzun müddət sovet ordusunun tərkibində xarici dövlətlərdə xidmət etmişəm, dəfələrlə belə əməliyyatlarda iştirak etmişəm. Nə qədər gec deyil, göstəriş verin, Surət Hüseynovu götürək. Bir azdan mülki əhali özü bilmədən panikaya salınacaq, heç bir hərəkət edə bilməyəcəyik. Ismayılın sözlərinə görə, Nəsirov şəxsən ona rus dilində deyib ki, “burnunu lazım olmayan yerə soxma, öz işinlə məşğul ol”. Milli Qvardiyanın zabitləri söhbətlərini davam etdirərək bildirirdilər ki, həmin vaxt bir azdan bizim yanımıza Müdafiə Nazirliyinin bir polkovniki və bir mayoru gəldi. Onun əlində 709 saylı hərbi hissəyə komandir təyin olunması barədə müdafiə nazirinin əmri vardı. Müdafiə nazirinin bu əmrini o, hərbi hissənin əvvəlki komandiri, polkovnik Eldar Əliyevə təqdim edib hərbi hissəni qəbul etməli idi. Bizim zabitlərdən də biri hərbi hissəyə gedib əmri köhnə komandirə təqdim etməsi üçün onu müşayiət etməli idi. Elmar Hüseynovun göstərişilə polkovnik Isa Sadıqovu qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlu müşayiət etməli oldu. Onlar hərbi hissəyə getdikləri vaxtdan beş-on dəqiqə keçəndən sonra geri qayıtdılar.
Ağ bayraq qaldıranı kim vurdu?
Polkovnik Isa Sadıqov bildirdi ki, polkovnik Eldar Əliyev ona belə bir söz deyib: “Mən kiməm ki? Bizim hamımızın böyüyümüz Surət Hüseynovdur. O, bir saatdan sonra gələcək, onda gələrsiniz”. Biz Isa Sadıqova dedik ki, cənab polkovnik, onlar sizi aldadırlar. Bizim dəqiq məlumatımıza görə, Surət Hüseynov hərbi hissədə zirzəmidə dörd nəfər hərbçi ilə bir yerdədir. O, bizim sözümüzə məhəl qoymadı, Nəsirovla gözləmək qərarına gəldilər. Arabir Qazax bölgəsindən gələn bir-iki tank və zirehli döyüş maşınları iri çaplı pulemyotlarla 709 saylı hərbi hissəni atəşə tutur, aranı qızışdırıb aradan çıxırdılar. Onların bu hərəkətini görən, ətrafda yaşayan mülki əhali hərbi hissənin ətrafına yığışırdılar. Hərbçi olduğum uzun illərin təcrübəsindən hiss edirdim ki, əhalinin hərbi hissənin ətrafına belə yığışması bizim üçün yaxşı nəticə verməyəcək. Saat təxminən 10 radələrində 709 saylı hərbi hissəyə yeni təyin olunmuş briqada komandiri Isa Sadıqov onunla gələn mayor və bizim qvardiyaçı, baş leytenant Yaqubov Məhəmmədlə yenidən hərbi hissəyə Eldar Əliyevin yanına getdilər. Onlar gedəndən təxminən bir saat sonra 709 saylı hərbi hissədən bizə tərəf bir hərbçi əlində ağ bayraq tutaraq gəlməyə başladı. Bizə bir az qalmış onu arxadan özlərininkilər vurdular. Bununla da ara qarışdı. Onlar iddia edirdilər ki, Mehman Ələkbərovu siz vurdunuz. Bizim komandirlər də onların taktikasın başa düşməyib, israrla təkid edirdilər ki, bizim tərəfimizdən onlara güllə atılmayıb. Deyilənə görə, arxadan vurulan şəxs 709 saylı hərbi hissənin tabor komandirlərindən biri idi. Ələkbərov Mehman Ələkbər oğlunu vurandan sonra onlar şəhərdə şayiə yayaraq, əsasən arvad-uşağı qabağa buraxıb, üstümüzə gəldilər. Əhalinin bizi mühasirəyə aldığını görən alay komandiri, şəxsən Elmar Hüseynov Milli Qvardiyanın komandan müavini, qərargah rəisi Tariyel Nəsirov baş verən hadisələri görüb bir tədbir görmədilər. Elə bil bu hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmışdı. Üstümüzə gələn mülki əhalini görüb, alay komandiri Elmar Hüseynova dedim ki, gəlin, əlimizdəki zirehli döyüş maşını vasitəsilə hərbi hissənin hasarını uçurub, qvardiyaçıları hərbi hissədən çıxaraq. O isə bizim hamımıza dedi ki, gəlirlər, qoy gəlsinlər, biz heç kimə güllə atmamışıq. Siz sakit olun. Arvad-uşaqla bərabər bir “QAZ-66″ markalı hərbi maşın da bizə yaxınlaşırdı. Bunu görən alay komandiri Elmar Hüseynov bizə əmr etdi ki, əlinizdəki silahları bu maşına yükləyin ki, silahlar mülki şəxslərin əlinə keçməsin. Düzü, biz elə bildik ki, bu maşın Müdafiə Nazirliyinin maşınıdır. Əvvəlcə alay komandiri Elmar Hüseynov özü silahını maşında gələn hərbçiyə təhvil vermişdi. Bizə isə silahları bir-bir maşının ”kuzasına” atmağı əmr etdi. Ondan sonra Nəsirov da silahını maşına atdı. Biz silahı təhvil verən kimi bir dəstə əli silahlı hərbçi peyda oldu və bizi mühasirəyə aldılar. Bildirdilər ki, “sizin qvardiyaçılar bizim briqadanın tabor komandiri Mehman Ələkbərovu 5,45 markalı avtomatla vurublar. Bunu ayırd etmək üçün sizi əsir götürürük. Hamı bir nəfər kimi artıq-əskik hərəkətlərə yol vermədən gedirik Lələnin yanına”. Elmar Hüseynov birinci olaraq qabağa düşüb onların göstərişini yerinə yetirdi. Ondan sonra biz əli silahsız qalıb təslim olduq. Hamımızı gətirib bura doldurdular…
ardı var
Natiq Güləhmədoğlu