Beynəlxalq Cinayət Məhkəməsi Xocalı hadisəsini niyə araşdırmır?

Vəkil Aqil Layicov Xocalı qətliamına Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qiymət verilməməsi məsələsinə aydınlıq gətirib. Bunun üçün ölkəmizin Roma Razılaşmasına qoşulmasının vacib şərt olduğunu xatırladıb. Vəkil yaxın qonşumuz Gürcüstanın bu məsələdə bizdən xeyli irəli getdiyini də bildirib.  Aqil Layicovun məsələ ilə bağlı feysbuk qeydini oxuculara təqdim edirik.

Xocalı soyqırımı ilə bağlı hər il müəyyən rəsmilər tərəfindən qeyd edilir ki, bu hadisəyə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qiymət verilməlidir. İlk öncə qeyd edim ki, bu hazırki durumda mümkünsüzdür. Məhz ona görə mümkünsüzdür ki, Azərbaycan Respublikası Beynəlxalq Cİnayət Məhkəməsinin yurisdiksiyasından istifadə edə bilmək üçün Roma Razılaşmasına qoşulmalıdır. Lakin indiyənədək belə bir addım yoxdur. Həmçinin o da qeyd olunmalıdır ki, bəzi spesifik cinayətlərin beynəlxalq arenada tanınması üçün mütləq Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qiymətləndirilməsi vacibdir. Əks halda yerli məhkəmə instansiyasında genosid kimi dəyərləndirilən əməl beynəlxalq arenada tanınmayacaqdır.

Məhz Roma razılaşmasına əsasən Beynəlxaq Cİnayət Məhkəməsi genosid cinayətlərini, müharibə cinayətlərini, insanlıq əleyhinə olan cinayətləri və dövlətlərin təcavüz cinayətlərini mühakimə etməklə məşğuldu. Məhz həmin cinayətlərin beynəlxalq arenada istisnasız qəbulu üçün birbaşa Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına qoşulmaq lazımdır. Baxmayaraq ki, Beynəlxalq Cinayət Məhkəməsinin rolu subsidiar xarakterlidir, lakin yuxarıda qeyd olunan cinayətlərin həqiqətən olub-olmamasını dəyərləndirmək üçün və beynəlxalq arenada tanıması üçün mütləq bu məhkəmədə araşdırılması vacibdir, şərtdir.Əks halda populist çıxışlar öz bəhrəsini verməyəcək. Necəki məhşur “Perinçek”in İsveçrəyə qarşı işində bunun əyani şahidi olduq.

Misal üçün Gürcüstan 2003-cü il tarixində Roma Nizamnaməsini qəbul edərək Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul edib, məhz 2016-cı il tarixində Beynəlxalq Cİnayət Məhkəməsinin məhkəməyəqədərki palatası Rusiyanın cənubi Osetiyadakı hərbi müdaxiləsilə istintaq başladılması üçün icazə verdi.Hazırda o iş Beynəlxalq Cinayət Məhkəməsinin prokurorları tərəfindən araşdırılır.

 

azadliq.info