Milli Şuranın sədri, professor
Cəmil Həsənli
Dostlar! Bilirsiniz ki, cənab İlham Əliyevin öz həyat yoldaşını birinci vitse-prezident təyin etməsi ilə ailə-klan hakimiyyətinin yaradılmasına rəvac verilmişdir.
Ölkəmiz bütün dünyada lağ və ironiya hədəfinə çevrilmişdir. Ölkə vətəndaşları özlərini alçaldılmış və təhqir edilmiş durumda hiss edirlər. Yüz il bundan öncə qurucu babalarımızın elan etdiyi respublika quruluşu indi monarxiya qaydaları, ailə-klan idarəçiliyi ilə əvəz olunur. Amma baş verənlərə münasibətdə özünü ziyalı adına və dəyərlərinə iddialı hesab edən bir kəsin belə səsi çıxmır. Məhəlli məsələlərdə gur-gur gurlayan bir sıra “ziyalılar”, JEK müdirlərin, idarə rəislərin divana çəkən face qəhrəmanları belə, tut yemiş bülbül kimi susublar, bir kimsənin cınqırı çıxmır. Doğrudanmı bizim ölkəmizdə respublika dəyərlərinin şübhə altına alınmasını, bir ailənin timsalında monarxiya quruluşunun yaradılmasına yol açılmasın hörmətli ziyalılarımız sükut və susqunluqla qarşılamaq istəyirlər? Bir prezidentin öz fərmanı ilə öz xanımını birinci vitse-prezident təyin etməsinin ayrı bir anlamı varsa siz bunu izah edin? Hələ, ayrı-ayrı qanunların kobud şəkildə pozulmasın qoyaq bir kənara.
Axı, vitse-prezidentlik institutuna görə hər hansı ekstremal şəraitdə ölkədə hakimiyyət birinci vitse-prezidentə keçməlidir. Konstitusiyaya və respublika quruluşunun tələbinə görə isə hakimiyyət xalq tərəfindən seçilməli, onun rəyi ilə formalaşmalıdır. Bəs bu ziddiyyəti, konstitusiyanın kobud şəkildə pozulmasın siz necə izah edirsiniz? Başa düşürəm çoxlarınızın sinəsi orden medallar, cibi prezident təqaüdü, fikir və zehniyyəti yubiley tədbirləri üçün qəribsəyib. Çoxlarınız özü, ailəsi və uşaqları üçün əldə etdiyi imtiyazları itirmək istəmir.
Bəziləriniz vicdanı ilə uşaqları arasında qalanda ağırlıq mərkəzini mübhəm bir sükutla ikincinin üzərinə transfer edirsiniz. Amma inanın ölkəmiz respublika dəyərlərini itirdikdən sonra bunların heç birinin anlamı yoxdur. Axı, gələn il 100 illiyini qeyd edəcəyimiz respublika quruluşu, respublika dəyərləri xalqımızın son bir əsrdə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Əgər siz baş verənlərə münasibətdə xalq qarşısında cavabdehlik, millət qarşısında məsuliyyət hissini itirib susacaqsınızsa, onda gələcək nəsillər, vaxtı ilə dirilik nümunəsi hesab etdiyiniz Kefli İsgəndərin canlı ölülərin üzünə tüpürdüyü kimi bu gün ziyalı adına iddialı olanların da ya üzünə, ya da goruna lomba ilə tüpürəcəkdir. Buna əmin ola bilərsiniz.