Fariz Namazlı
Vəkillər Kollegiyasının üzvü
Ölkədə bir tendensiya var. Mövcud hakimiyyətə qarşı müxalifsənsə, səni cürbəcür ittihamlarla şərləyirlər. Gah erməni dəyirmanına su tökən kimi qələmə verirlər. Hərçənd o dəyirmanın harada olmağı indiyə qədər bəlli deyil, yerini bilsəydik, gedib baxardıq ki, illərdir bu dəyirmana kim və niyə su tökür, ümumiyyətlə su tökməyə dəyərmi? Gah vətənə xainlik etmək kimi ittihamlar irəli sürürlər.
Görünür bu tip insanlar vətən və hakimiyyətin nədən ibarət olmasının fərqində deyillər. Hardan bilsinlər axı? Hökümət elə adamları ətrafına toplayıb ki, vaxtilə ona qarşı ən kəskin, təhqiramiz ifadələr səsləndirməkdən çəkinməyən insanlar sonradan şərəfini, mənliyini, ləyaqətini tapdalayaraq hökümət tərəfə keçib. İndi bu cür insanlar bizləri vətənə xainlikdə günahlandırırlar.
Biz vətənə xəyanət etdikmi? Etdiksə harda etdik?
Hökümət çuğulları deyir ki, hökümətdən beynəlxalq təşkilatlara şikayət eləmə, zatən başqa ölkələr Azərbaycanı əzməyə, onu boyunduruq altına salmağa, qarayaxma kampaniyaları aparmağa bəhanə aparır, bir tərəfdən də sizin şikayətləriniz bu bəhanələri daha da gücləndirir, onların sərt addımlar atmasına səbəb olur.
Biz bu ölkəni düzəltməyi çalışırıq. İllərdir mövcud hakimiyyətin vətəndaşlarını necə əzdiyinin, onların halal zəhmətlə qazandıqlarını asanlıqla əlindən aldığının, insanların günahsız yerə həbsə atıldıqlarının, işgəncələrə məruz qoyulduqlarının, onları tənqidi fikirlərdən çəkindirmək üçün müxtəlif şantaj, iyrənc metodlara əl atdığının, rüşvətin, korrupsiyanın baş alıb getdiyinin, insanların ailələri, qohumları vasitəsi ilə şantaj edilməsinin, büdcə vəsaitlərinin sağa-sola xərcləndiyinin, məmurların saysız-hesabsız mülklərə malik olmasının, vətəndaşlarını ac qoyub pullarını xarici qonaqlara xərclədiyinin, milyonlarla vəsaitləri mənasız layihələrə xərclədiyinin fərqində deyilikmi? Bunları da görmürsünüz, hökümətə yarınan əziz yaltaqlar?
Biz vətən xainiyiksə, o zaman sizlər kimsiniz? Vaxtilə höküməti, onun başçısını, məmurları ən sərt şəkildə tənqid və təhqir edən sizlər deyildimi? O vaxtdan nə dəyişdi ki, şərəfinizi, vicdanınızı, namusunuzu satdınız? Yoxsa vəd verilən pullar gözünüzü elə örtdü ki, əqidənizi dəyişəndə vicdanınız sızıldamadı?
Biz bu ölkənin demokratikləşməsi, insanların daha yaxşı yaşaması üçün canımızı, qanımızı ortalığa qoyduq. Biz bu yola çıxanda zatən kənardan təzyiqlərin, böhtanların, atılan daşların olacağını, həbsə atılacağımızı, işgəncələrə məruz qalacağımızı bilirdik. Amma bu bizləri çəkindirmədi.
Biz ideyalar, əqidələr uğrunda savaşırıq. O əqidə, o ideyalar ki, onlar üçün ölüm olsa belə, çəkinmədən gedərik. Dəniz Gezmiş demiş, “biz bu ölkənin müstəqilliyindən başqa bir şey istəmədik və həyatımızı bu yola qoyduq.. Ölsək belə, düşüncələrimizdən əl çəkmərik..”.
Təəssüf ki, mübarizəni də kişi kimi aparmağı bacarmırsız. Ən iyrənc, şantaj metodlarla bu mübarizədən çəkindirməyə çalışdınız. Adımıza cürbəcür ittihamlar qoşmaqdan belə çəkinmədiniz.
Biz vətənin daşlayırıq, hökümətin deyil. Biz xalqa xidmət edirik, hökümətə deyil. Əgər bu xidmətlər vətən xainliyidirsə, Nazim əfəndinin dediyi kimi vətən xainləyirik.
“Evet, vatan hainiyim, siz vatanperverseniz, siz yurtseverseniz, ben yurt
hainiyim, ben vatan hainiyim.
Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
vatan tırnaklarıysa ağalarınızın ..”
Sonda isə hökümətə bir məsləhət. Dostlarınızdan ehtiyatlı olun, bizdən sizə zaval gəlməz. Başqalarını necə satıblarsa, sizi də elə satacaqlar. Həmişə arxadan zərbəni məhz gözləmədiyin adamlar vurur. İndiyə qədər bunu dərk etməmisinizsə, günahı özünüzdə axtarın.