Hakimiyyətin beynəlxalq səviyyəli korrupsiya əməlləri Britaniyada ifşa olundu
Avropanın tanınmış analitik mərkəzinin iddia etdiyinə görə, Azərbaijan hökuməti kürü və digər bahalı hədiyyələrdən Avropa Şurasının dəstəyini satın almaq, demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə edir. “Avropa Sabitliyi Təşəbbüsü” adlı mərkəzin hesabatında deyilir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr verilir.
Hesabat müəllifləri Azərbaycan və Avropa ölkələrindən olan rəsmilərlə aparılmış müsahibələrə əsaslanaraq sənədi hazırlayıblar. Sənəd “Azərbaycanın avtoritar hakimiyyətinin” törətdiyi pozuntular barədə vəzifəsi qitə demokratiyasının keşiyində durmaq olan Avropa Şurasının əsasən niyə susduğunu izah edir.
“Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu?” adlı hesabat bazar ertəsi günü Britaniya parlamentində “Azərbaycan Demokratik Assosiyasiyası – Britaniya” adlı azərbaycanlı müxalif qrup tərəfindən təşkil olunmuş tədbirdə təqdim olunub. Tədbirin sədarət heyətində Murad Həsənli (Azərbaycan Demokratik Assosiyasiyası – Britaniya), Kirsti Hyu (Senzura İndeksi), Paul Flin (Britaniya parlamentinin üzvü), Emin Milli ( blogger və yazıçı) və Cerald Knaus (Avropa Sabitliyi Təşəbbüsü) iştirak ediblər.
Avropa Şurasının sözçüsü BBC-yə korrupsiya ittihamları ilə bağlı şərh vermədiklərini bildirib. Onun sözlərinə görə, bu cür şərhlərin verilməsi AŞPA üzvlərinin fərdi səlahiyyətlərinə aid olan məsələdir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Elman Abdullayev həmin ittihamları qəti sürətdə rədd edərək onların “absurd” olduğunu deyib.
Hesabatın müəlliflərindən olan Cerald Knaus “BBC Azərbaycanca”ya müsahibəsində Azərbaycan hökumətinin AŞPA millət vəkillərinə dair düşünülmüş siyasətə malik olduğunu deyib. O, avropalı deputatların Azərbaycana “biznes-klass”la uçuşlarının ödənildiyini və onlara bahalı hədiyyələrin verildiyini qeyd edib:“Bunun nəticəsi olaraq AŞPA Azərbaycanda insan haqlarının açıq pozulması məsələsində susdurulub”.
Cerald Knausun sözlərinə görə AŞPA müşahidəçiləri 2010-cu ildəki parlament seçkilərinin ciddi saxtakarlıq iddiaları və Milli Məclisdə heç bir müxalifət namizədinin təmsil olunmamasına rəğmən səsvermənin Avropa tələblərinə uyğun keçdiyini deyiblər. Knaus 3 il ərzində Azərbaycan vizasını ala bilməyən siyasi məhbuslar üzrə AŞPA məruzəçisi Kristofer Ştraesserin məsələsinə də toxunub:“Strasburqdakı nüfuzlu rəsmilər buna önəm qazandırmayıblar, halbuki olay qalmaqal doğurmalı idi” .
Knaus müxtəlif ölkə və siyasi spektri təmsil edən millət vəkillərinin Azərbaycandan hədiyyələr aldığını bildirib.
Onun sözlərinə görə bu sahədə tənzimləyici qaydaların mövcud olmadığına görə hədiyyə alıb-vermək qeyri-qanuni hesab olmasa da, ciddi etik suallar doğurur və AŞPA öz etimadını qorumalıdır. Knaus əlavə edib ki, onunla əlaqə saxlayan AŞPA katibliyi kürü və digər bahalı hədiyyə alan rəsmilərin adlarının təqdim olunmasını istəyib:“Müəyyən şeylərin baş verməsində əmin olduğumuzu bildirdik. Biz mənbələrə malikik və onları qorumalıyıq. Hərçənd ki, həqiqi müstəqil təhqiqat təqdirində daha təfsilatlı informasiya vermək niyyətindəyik”.