Azərbaycanla bağlı xəbər ABŞ-da qalmaqal yaratdı

“İsrail bazalarının Azərbaycanda yerləşdirilməsi mövzusu yenidən gündəmə gəlib”

Bir müddət əvvəl Amerikanın “Foreign Policy” nəşri Azərbaycanda Israil bazalarının yerləşdirilməsi ilə bağlı məlumat yaysa da, qısa zamanda tərəflər bu xəbəri təkzib etdi. Lakin bu günlərdə mövzu yenidən gündəmə gəlib. Belə ki, ABŞ-da ölkənin milli təhlükəsizliyi və xarici siyasəti ilə bağlı informasiya sızmalarının mənbəyinin aşkarlanması məqsədilə araşdırma başlayıb.
Xüsusi komissiyanın araşdırdığı informasiya sızmaları arasında “Foreign Policy” nəşrində söz açılan Israil və Azərbaycan arasında saziş barədə xəbər də yer alıb. Hətta bu informasiyanın Ağ evin mövqeyinə qarşı dağıdıcı effekt yaratdığı hesab edilir.
Azərbaycanla Israil arasındakı saziş barədə məlumatı hər iki ölkə təkzib etdiyi halda yenidən onun gündəmə gətirilməsi və ABŞ-da bu qədər ciddiyə alınması hansı məqsəd daşıya bilər? Bu, məlumatın həqiqətəuyğun olduğuna işarə etmirmi?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin fikrincə, məsələ ilə bağlı xüsusi araşdırma aparılırsa, deməli, bunun səbəbləri var. Çünki ciddi səbəb olmadan belə araşdırmaya ehtiyac qalmazdı.
Ekspertin sözlərinə görə, rəsmi açıqlama olmadan konkret hansı informasiyadan söhbətin getdiyini demək çətin olsa da, son zamanlarda ABŞ-da “Vikileaks”in məlumatları da daxil olmaqla kəşfiyyat xidmətlərindən informasiya sızıntısı halları artıb. Buna görə də hərtərəfli ciddi araşdırmaya, informasiya təhlükəsizliyini yenidən qurmağa ehtiyac var.

Fizzə