Hakimiyyətin “bizim Qarabağ boyda dərdimiz var” deyimi artıq öz qüvvəsini itirib. Bu fikir Qarabağ qazisi Asif Yusiflinin həbsi ilə öz qüvvəsini itirdi. Məlum oldu ki, hakimiyyət üçün Qarabağsızlıq yox, azad fikirli Qarabağ qazisinin varlığı böyük dərdə çevrilib. Asif Yusiflini dələduzluqda ittiham etdilər. Çünki, Asif Yusifli Qarabağ döyüşlərində yaralandıqdan sonra yerdə qalmaq üçün bəhanə axtarmadı. Yenidən ayağa qalxmaq üçün vasitə axtardı. O, fiziki sağlamlığını itirib. Sonradan ayaqda qalmaq üçün qoltuq ağacından istifadə etdi. O sübut etdi ki, qoltuq ağaclarından sallanaraq da mübarizə aparmaq, haqq uğrunda savaşmaq olar. Bu gün Kəlbəcərdə girov götürülmüş Dilqəm və Şahbaz Ermənistan həbsxanasındadır. Qarabağı ermənilərdən azad etmək üçün əlil olmuş Asif Yusifli isə Azərbaycanda həbs həyatı yaşayır. Dilqəmin və Şahbazın azadlığı üçün beynəlxalq təşkilatlara müraciət edən hökumətimiz, beynəlxalq təşkilatların “Asif Yusiflini azad et” tələbinə “yox” cavabı verir. Azərbaycan reallığında Qarabağ qazisi köləlikdən imtina edəndə, “milli qəhrəman” yox, dələduz “medal”ı ilə təltif olunur. Əgər Asif Yusifli Qarabağ döyüşlərində şəhid olsaydı, hökumət komandası hər dəfə Şəhidlər xiyabanını ziyarət edəndə, onun məzarı üstünə qərənfil düzərdilər. Belə çıxır ki, Asif Yusiflinin ən böyük günahı ölməməsidir. Bizim hökumətimiz ölmüş qəhrəmanları sevir.
Asif Yusifli təkcə Qarabağ qazisi deyil, həm də Azadlıq qazisidir. O, avtoritarizmlə mübarizədən də sağ çıxa bilib. O, qorxu, yaltaqlıq, pul, vəzifə, rüşvət “güllə”sindən də yayına bilib. Yəni, nə erməninin, nə də hökumətin gülləsi onu öldürə bilməyib. Hakimiyyət istəyir ki, xalq Asifi dələduz kimi tanısın. Amma Asifə hansı tərəfdən baxsan, dələduzluq əlaməti görünmür. O bütün tərəfləri ilə qeyrətli Azərbaycan oğlu, vətənpərvər igid və azad ruhlu fədaidir. Onun simasında dələduzlara, korrupsionerlərə, yaltaqlara nifrət nişanəsi var.
Bugün Asif bəyin 43 yaşı tamam olur. Asif bəy də digər fədakar oğullar kimi doğum gününü girovluqda qeyd edir. Bəli, vətən uğrunda canından keçməyə hazır olan adamın vətəndə canını çürütməyə çalışırlar. Amma Asif bəy ayaqdadır və ömrün 43-cü pilləsini ləyaqətlə arxada qoydu. Doğulduğun gün mübarək olsun. Asif bəyi təkcə 43 yaşına görə yox, şərəfli ömrə, ləyəaqətli vətəndaşlığa görə təbrik edirik.
İlham