Natiq Güləhmədoğlu: “Mənə dedilər ki, mitinqdə iştirak etmişəm”
AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov (Güləhmədoğlu) polisə çağırılıb.
Onu qeydiyyatda olduğu Sabirabad rayon polisinə dəvət ediblər. Natiq Ədilovun verdiyi məlumata görə, polis idarəsində ona bildiriblər ki, İctimai Palatanın ITV-nin qarşısında keçirdiyi 24 may aksiyasına görə DİN-dən idarəyə göndərilən məktub əsasında çağırılıb. Məktubun məzmunu barədə məlumat verilməyib. Natiq Ədilov bildirib ki, onun polis idarəsinə çağırılması üçün heç bir ciddi əsas yoxdur. Bu ona təzyiq və işdən ayırma kimi gərəksiz addımdır.
Jurnalistlə Sabirabad rayon polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin əməkdaşı Seyran Mehdiyev söhbət edib: “Mənə dedilər ki, guya mayın 24-də mitinqdə iştirak etmişəm. Onlara bildirdim ki, mayın 24-də keçirilən aksiyada jurnalist kimi iştirak etmişəm. Buna görə nə saxlanmışam, nə də xəbərdar edilmişəm. Sabirabad rayon polis idarəsinə göndərilən məktub ya polisin qeyri-peşəkarlığından xəbər verir, ya da mənə təzyiq kimi qiymətləndirilməlidir”.
Natiq Ədilov deyir ki, polisdə onunla “proflaktik söhbət” də aparmaq istəyiblər: “Mənə mitinqlərə çıxmamaqdan, dövlətçilikdən söhbət etdilər. Mən də onlara bildirdim ki, polisin siyasi söhbətlər etməsi qanunsuzdur”.
Ramin DEKO