Müxalifət AŞPA məruzəçilərini tənqid atəşinə tutdu

Qurumun Azərbaycanda baş verənlərə adekvat münasibət göstərməsi tələb olunub

Bakıda səfərdə olan AŞ PA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt iyunun 12-də siyasi partiya təmsilçiləri ilə görüşüblər. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan və ADP sədrinin müavini Həsrət Rüstəmov iştirak edib. AXCP mətbuat xidmətindən verilən məlumata görə, əsas müzakirə mövzusu Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində son illərdə qeydə alınan geriləmə olub. Görüş AŞ PA-nın Azərbaycanla bağlı mövqeyinin tənqidi ruhunda keçib.
Müxalifət liderləri bəyan ediblər ki, Azərbaycandakı vəziyyəti müzakirə edən «Human Right Watçh», Amnisty İnternational, ATƏT, Avropa Birliyi kimi  əksər nüfuzlu beynəlxalq təşkilatlar burada insan haqlarının pozulmasını birmənalı şəkildə qeyd edir, ölkədə avtoritarizmin gücləndiyini, demokratiyadan imtina olunduğunu vurğulayır. Azərbaycan hakimiyyətinə lobbiçilik edən insanların çalışdığı AŞ PA-da isə ölkəmizdə baş verənlərə adekvat reaksiya yoxdur.
Müxalifət təmsilçiləri eyni zamanda, son illərdə Avropa Şurasının Azərbaycanda ciddi monitorinq aparmadığını tənqid ediblər.
Məruzəçilərin hazırladığı məruzənin mətni də müxalifət təmsilçilərinin tənqidinə tuş gəlib. Həmməruzəçilərə Azərbaycan müxalifətinin, vətəndaş cəmiyyətinin narazılığı çatdırılıb. Bəyan olunub ki, AŞ PA öz prinsiplərinə hörmət edərək Azərbaycanda qanunların pozulmasına, avtoritar tendensiyanın güclənməsinə haqq qazandırmamalıdır və buna məsuliyyət daşıyan insanlar səhvlərini düzəltməlidirlər.

Xəyal

***

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt bir sıra hüquq müdafiəçiləri ilə görüşüblər.

Bu barədə APA-ya hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin sədri Səadət Bənənyarlı məlumat verib.

S.Bənənyarlı görüş zamanı Azərbaycanda insan hüquq və azadlıqları barəsində müzakirələr apardıqlarını deyib: “Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı məsələlər, həmçinin İctimai Palatanın ötən ilin aprelində keçirdiyi razılaşdırılmamış aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılması, Azərbaycanda vəkillik institutu ilə bağlı problemlər müzakirə olundu. Hesab edirik ki, həmməruzəçilərin Azərbaycanla bağlı hazırladıqları hesabatda bu məsələlər də əks olunacaq”.

S.Bənənyarlı görüşdə hüquq müdafiəçiləri Leyla Yunus, Eynulla Fətullayev, vəkillər İradə Cavadova və Fuad Ağayevin də iştirak etdiyini deyib.