Moskvada “Milyonların yürüşü” keçirildi; regionlardan paytaxta dəstək gəldi
Rusiya müxalifəti hakimiyyətə qarşı daha izdihamlı aksiyalara qərar verdi
İyunun 12-də Rusiyada Putin hakimiyyətinə qarşı növbəti etiraz aksiyaları keçirilib. Ölkənin müxtəlif yerlərində baş tutan anti-hökumət mitinqlərinə yüz minlərlə insan qatılıb. Ən izdihamlı mitinq-yürüş paytaxt Moksvada baş tutub. “Milyonların yürüşü” adlı aksiya Puşkinski meydanından başlayaraq, akademik Saxarov prospektinə doğru yürüşlə davam edib. Saxarov prospektində isə öncədən razılaşdırılmış vaxtda izdihamlı mitinq keçirilib.
Müxalifət tərəfdarları yerli vaxtla saat 13:00-a təyin olunan aksiyanın keçirildiyi yerə saat yarım qalmış toplaşmağa başlayıblar. Yürüş-mitinqin ilk saatlarında aksiyaya qatılanların sayı barədə müxtəlif iddialar səsləndirilirdi. “Solidarnost” hərəkatının mətbuat katibi Sergey Davids aksiyaya 30 dəqiqə qalmış artıq mitinq-yürüşdə 20 mindən çox insanın iştirak etdiyini bildirdi. Blogger Aleksey Navalnının mətbuat katibi Anna Veduta Puşkinski meydanında başayan yürüşün keçdiyi Petrovski bulvarında aksiyaya 30 min nəfərin qoşulduğunu açıqlayıb. Yürüşün son dayanacağı olan Puşkinski meydanında keçirilən aksiyanın başlanğıcında Moskva polisi isə mitinqə ümumilikdə 18 min insanın qatıldığını bildirib.
Polis Dövlət Dumasını mühasirəyə aldı
Rusiya Federasiyanın insan haqları üzrə Ombudsmanı Vladimir Lukin mitinqə qatılanların sayının 100 minə yaxın olduğunu, Dövlət Dumasının üzvü, müxalif fəal Sergey Udalçov isə aksiyada 200 min insanın iştirak etdiyini söyləyib.
Əvvəlki aksiyalarda olduğu kimi, bu dəfə də “Ədalətli Rusiya” və “Sol Cəbhə” fəallarının əllərindəki ağ lentlər və bayraqlar aksiyaya xüsusi görünüş verib. Aksiya başlanan ərəfədə yağışın yağmasına fəallar “Putin yenə bioloji silahdan istifadə etdi” kimi ironik şüarlar səsləndiriblər. Yürüş-mitinqin marşrutuna daxil olan Strastnıy bulvarında səhər saatlarında polis və təhlükəsizlik qüvvələrinin fəallığı nəzərə çarpıb. Əraziyə onlarla avtobus və maşınla Daxili Qoşunların əsgərləri yeridilib. Bolşoy Bronnıy küçəsi və Dövlət Dumasına gedən yollar bağlanıb. Parlament də təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Putin və komandası ironiya hədəfinə çevrildi
Aksiyaya millətçi qruplar da ayrıca kolonla qatılıblar. Onlar “Moskva – rus şəhəri!”, “Moskva ruslar üçündür!” tipli millətçi şüarlar səsləndiriblər. Anarxistlər isə “Faşizmə yox, kapitalizmə yox!” kimi radikal şüarlarla aksiyaya qatılanlar arasında olublar. Mitinqə qatılanların əksəriyyəti kreativ plakat və rəsmlərlə diqqət çəkib. Onlar Putin və onun komandasını hədəf alan ironik şüarlar və kollajlar nümayiş etdiriblər.
Və nəhayət, elan olunmuş yerdə – Saxarov prospektində izdihamlı mitinq başlanıb. Mitinqə Rusiya müxalifətinin liderləri də qatılıb. Putinə qarşı sərt mövqeyi ilə tanınan müxalif lider Boris Nemtsov hakimiyyətin təzyiq və təhdidlərinə baxmayaraq, mitinqə qatıldığını bildirib. Müxalif lider Putin və komandasını sərt tənqid edib. O, tribunada olduğu vaxt polis əməkdaşları Nemtsova mitinqdən sonra ifadə vermək üçün istintaqa çağırıldığına dair bildiriş təqdim ediblər.
Aksiyalar davamlı və daha kütləvi olacaq!
Analoji hadisə ilə Dövlət Dumasının deputatı Sergey Udalçov da üzləşib. Müxalif fəal çıxışı zamanı mübarizə ilə bağlı gələcək planlarını təklif edib. O, növbəti izdihamlı etiraz aksiyasının oktyabrın 7-də keçirilməsi təklifilə çıxış edəb. Udalçov təklif edib ki, 7 oktyabr ərəfəsində bütün ölkə ərazisində tətil elan olunsun. “Sol Cəbhə”nin lideri 6 may aksiyası zamanı həbs olunan 13 fəalın azad olunması üçün aksiya iştirakçılarının tələblər irəli sürməsini istəyib.
Putinə qarşı vahid güc mərkəzi yaradılır
Deputat Ilya Ponomaryov ölkənin inkişaf proqramını müəyyənləşdirəcək vahid komandanın səsvermə yoluyla formalaşdırılmalı olduğunu bildirib: “Biz nəhayət, bütün qüvvələrin təmsil olunduğu təşkilatı yaratmalıyıq. Bu qurum gerçək demokratiyanın təməllərini özündə əks etdirməlidir”.
Mitinqdə çıxış edən keçmiş baş nazir Mixail Kasyanov inqilab olmadan, dinc yolla hazırkı hakimiyyəti istefaya göndərmək istədiklərini bildirib. O, hakimiyyəti reallıqları görüb öz xoşuna istefa verməyə çağırıb.
Dövlət Dumasının üvzü Gennadi Qudkov Putinin bir neçə gün öncə imzaladığı kütləvi aksiyalar haqqında qanunu tənqid edib. O, xalqın sərbəst toplaşmaq və ifadə azadlığına sahib olduğunu xatırladıb. Qudkov müstəqil məhkəmə sisteminin, demokratik qanunverici hakimiyyətin təsbit olunduğu yeni Konstitusiyanın qəbuluna ehtiyac yarandığını bildirib. Müxalif lider yeni ədalətli seçkilərin keçirilməsini də tələb edib: “Bizim tələblərimiz yerinə yetirilənə qədər küçələrə çıxmağa və hökumət qarşısında tələblərimizi səsləndirməyə davam edəcəyik”.
“Azad Rusiya manifesti”ndə nələr nəzərdə tutulub?
“Milyonların yürüşü” aksiyasının sonunda “Azad Rusiya manifesti” adlı yekun qətnamə qəbul olunub. Sənəddə hökumət əleyhinə növbəti mitinqlərin təşkili məqsədilə müxtəlif siyasi qüvvələr və vətəndaş cəmiyyəti fəallarından ibarət şuranın yaradılması, təcili şəkildə yeni seçki məcəlləsi layihəsinin hazırlanması təklifləri irəli sürülüb. “Azad Rusiya manifesti”ndə həmçinin hakimiyyətin istefası, parlamentin buraxılması və yeni Konstitusiya layihəsinin hazırlanması tələbləri öz əksini tapıb. Hazırlanacaq seçki məcəlləsində isə yeni parlament seçkilərinin, Konstitusiya islahlarını nəzərdə tutan referendumun keçirilməsi nəzərdə tutulur. Əlavə olunur ki, yeni seçiləcək parlament prezident seçkiləri haqqında qanun hazırlamalı və seçkilərin keçirilmə vaxtını elan etməlidir. Manifestdə məhkəmə, prokurorluq və polis haqqında yeni qanunların qəbulu da təklif olunur.
Regionlar da ayağa qalxdı
Moskva ilə yanaşı, Rusiyanın regionlarında da “Milyonların yürüşü” adlı aksiyalar keçirilib. Rusiyanın ikinci paytaxtı və Putin hakimiyyətinin sosial mərkəzi sayılan Sankt-Peterburq, Novosibirsk, Krasnoyarsk, Samara, Nijniy Novqorod, Perm, Ulyanovsk, Çeboksar, Kirov, Rostov-na-Donu, Volqoqrad və Tomsk şəhərlərində keçirilən hökumət əleyhinə mitinqlərə qatılan insanlar paytaxt Moskvada baş tutmuş aksiyadakı tələbləri dəstəklədiklərini bildiriblər.
Turan