Canavarlar azalıb, ya artıb?

Bir ovçu dostum dedi ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov çıxışlarının birində vurğulayıb ki, Azərbaycanda canavarların sayı azalıb, ölkədə vur-tut 7-8 min canavar qalıb. Azərbaycana YAP üzvləri kimi baxsaydıq, Hüseynqulu müəllimi narahat etməzdik. Allaha min şükürlər olsun ki, bu belə deyil və hörmətli nazirə bir sualım var. Cənab nazir, canavarların sayının azalmasını dilə gətirdiniz, sağ olun, indi deyin görək, onların azalmasının baiskarı kimlərdir?
Ekologiya və Təbii Sərvətlər nazirinin təbiət qanunlarını oxumaması qeyri-mümkündür. Odur ki, hörmətli nazir bilməmiş olmaz, bir canlının azalması digər bir canlının çoxalması ilə kompensasiya olunur. Dinozavrların kökü kəsiləndən sonra büqəlamünlərin və kərtənkələlərin sayı artdı. Şirlərin sayı azaldıqca, pişiklərin sayı çoxalır və sair.
Bu gün Azərbaycanda gerçəkdən canavarların sayı azalır. Ona görə ki, hörmətli nazir, YAP canavarlarının sayı sürətlə çoxalmaqdadır. Üzvlərinin sayı yarım milyonu keçən YAP-ın bəzi ikiayaqlı canavarları Azərbaycanı elə kökə salıb ki, dördayaqlı canavarlar nə yeməyə bir yem tapır, nə də yaşamağa bir məkan. Canavar yazıq nə etməlidir? Yeməyə əlinə bir şey keçməyəndə, yatmağa yeri olmayanda, üstəgəl harınlar tərəfindən gülləyə tuş gələndə necə arta bilər ki?
Elə rayonumuz var ki, nazirliyinizin əməkdaşlarının tamamını səfərbər edib dərman üçün “bir canavar gətirin” əmri versəniz və Ovçular cəmiyyəti də əmrinizin icrası üçün yardım etsə belə, faydası olmayacaq, əliboş qayıdacaqlar.
Ancaq şəxsən özünüz zəhmət çəkib o rayona getsəniz və elə rayonun girişindəcə qarşınıza çıxan hər hansı bir zatdan – istər arvad olsun, istər də kişi, fərqi yoxdur – xəbər alsanız ki, bu rayonda nə qədər canavar var, ən azı iyirmi YAP canavarının adını çəkəcəklər.
Özü də bu canavarlar dördayaqlı canavarlardan daha təhlükəli, daha qəddar və daha acgözdür, Hüseynqulu müəllim.
Allahın dördayaqlı canavarı, ya tülküsü ildə uzağı bir-iki dəfə sürüyə, tövləyə, hinə həmlə edib bir iki qoyun-quzu, beş-altı toyuq-cücəni həzm-rabedən keçirir. Ta YAP-ın iki ayaqlı canavarları və tülküləri kimi 17 il sərasər xalqın, dövlətin sərvətlərini talamağa adət etməyiblər.
Istərsiniz, bir az xırdalayaq, hörmətli nazir. Götürək, X (iks) rayonunu və baxaq görək ki, oranın iki ayaqlı canavarları nə qədərdir. Mən yazıram, siz hesablayın. Birinci, ana canavar – icra başçısı, sonra gəlir bala canavarlar, ana canavarın kəndlərdəki nümayəndələri, polis rəisi, bölmə rəisi, vergi rəisi, səhiyyə rəisi, təhsil rəisi, maliyyə rəisi, məhkəmə rəisi… (Ilahi, bir məmləkətdə nə qədər rəis (canavar) olarmış…)
Bəs edərmi, hörmətli nazir, ya davam edək? Bakıdakı canavarlara keçsək, saymaq üçün əl-ayaq barmaqlarınız kifayət etməyəcək, gərək kalkulyator götürəsiniz, Hüseynqulu müəllim.
Indi deyin görək, razılaşırsız, təbiətin kompensasiya qanunu ilə?
YAP canavarları Azərbaycanın təbiətinə təcavüz edirlər, özü də sizin gözləriniz qarşısında, cənab nazir. O canavarların ucbatından Azərbaycanın ekoloji tarazlığı pozulur, havada oksigenin miqdarı azalır. Bakının görməli məkanlarında sizin Ekologiya və Təbii Sərvətlər naziri olduğunuz dövrdə nə qədər ağac kəsərək, yerində obyekt, villa inşa ediblər, Hüseynqulu müəllim? Azərbaycanda bunu sizdən yaxşı bilən varmı?
Neçə meşənin ortasında nazir həmkarlarınız özü üçün villa tikib, ailə üzvlərinin istirahəti üçün komfort şərait yaradıb. Inanmırsınızsa, meşəbəyilərindən xəbər al.
Deyəsən, sonda bir sualım da olacaq sizə, cənab nazir. Ölkə təbiətinə cavabdeh bir şəxs kimi, deyə bilərsinizmi, kim ixtiyar verib, hansı haqla yüksək vəzifə sahibləri Azərbaycanın təbiətinin köksünə dağ çəkirlər?
Sizi, cənab nazir, dördayaqlı canavarların azalması narahat edir. Xalqı YAP canavarlarının sayının çoxalması təlaşa salıb.
Sonu necə olacaq?
Təəssüf ki, nazir olsanız da, bu suala obyektiv cavab verməyə cəsarətiniz çatmır.