ABŞ dövlət katibi Hillari Klintonun ölkəmizə yeni səfəri də əvvəlki qədər təzadlı qarşılandı. Çünki ABŞ rəsmisi gözləntilərə rəğmən müxalifətlə görüşmədi, vətəndaş cəmiyyətinin nümayəndələri ilə onun müzakirələrinə isə əsl gerçəkləri danışacaq və sual edəcək adamlar dəvət edilməmişdi. Açıqlamalarda da xanım Klinton çox açıq mesajlar vermədi. Əvvəlkilərin eynisi idi. Əslində açıq olmayan açıqlamalar idi. Ötən dəfə demokratiyanın qurulması üçün uzun vaxt lazım olduğunu söyləməklə vəziyyətdən çıxmışdı, bu dəfə də yarıyacan dolu stəkandan danışaraq, uzaq eyhamlarla kifayətləndi. Guya biz stəkanın yarısının dolması ilə təsəlli tapmalıyıq – təbii ki, stəkanın dolmayan yarısında düşə biləcəyimiz cəncəllərdən özümüzə gələ bilsək.
Bütün bunlardan sonra kimlərsə dərin xəyal qırıqlığı yaşadı, kimlərsə haqlı olaraq narazı qaldılar, kimlərinsə də əlinə girəvə düşdü. Məsələn, bəziləri deyir ki, siz niyə ABŞ-a bu qədər ümid bəsləyirdiniz, niyə bu amerikalıları başımıza çıxarırdınız ki, onlar da bizə belə barmaqarası baxır. Sonuncu iddia lap gülməlidir, axı kim kimi kimin başına çıxarıb? Başınızı işə salın, cənablar. Qarşımızda möhkəmlənmiş avtoritar rejim dayanıb, onun dəyişməsi isə hər şeydən öncə sizin və bizim özümüzün mübarizəmizdən asılıdır. Xaricilər gözlədiyimiz qədər fədakarlıq edən deyil, yeri gəldikdə isə maraqlarını önə qoyacaqlar. Amma bunu yüz-yüzə Azərbaycan xalqının maraqlarını tapdayaraq edə biləcəkləri dövr də artıq geridə qalıb.
ABŞ və Avropa Azərbaycandakı siyasətində insan haqlarına, demokratiyaya daha çox önəm verməyə başlayıb – bu, danılmazdır. Mən son illərdə bu siyasətin necə getdiyini xatırlamağa ehtiyac görmürəm. Barak Obama Ilham Əliyevə sərt münasibətini hələ Ərəb baharından öncə açıq şəkildə nümayiş etdirmişdi. Bu siyasət yenə də davam edir. Ona görə də, başqa vaxt ABŞ-ı qınayan bizim hakimiyyət Hillari Klintonun səfərindən özünə dəstək şousu düzəldir. “Görürsünüzmü, ABŞ Ilham Əliyevə önəm verir!” deyərək.
Bu təbliğatın təsirinə uymayın. Bunlar ölkə daxilinə hesablanıb. Ictimai rəydə Ilham Əliyevin dünya tərəfindən qəbul edilmədiyini gizlətməyə xidmət edir. Müxalifətlə görüşməmək, hələ iqtidarı qəbul etmək deyil. ABŞ Azərbaycanla bəzi siyasi maraqlarını, hərəkətlərini müzakirə edə bilər, amma bu o demək deyil ki, qalan məsələlər unudulub.
Baxın, Novruz Məmmədov hər şeyi açıb göstərdi. ANS-ə verdiyi açıqlamada Prezident Administrasiyasının rəsmisi ABŞ-ın Azərbaycan iqtidarına böyük önəm verdiyini danışdı və yəqin ki, dil yanılıb doğru dediyindən, bir çox həqiqətləri açıb tökdü. Bizim hakimiyyətdəkiləri yarım saat danışdırmaq bəs edir ki, qaş düzəltdiyi yerdə göz çıxartsınlar. Sağ olsun, Novruz müəllim də açıb söylədi ki, hətta nahar zamanı Hillari Klinton insan haqlarının pozulmasından danışıb. Novruz müəllim boynuna aldı bunu.
Hətta nahar zamanı döyülən, əzilən, şantaj edilən adamlardan danışılırsa, demək, heç də hər şey bizim hakimiyyətin təqdim etdiyi kimi deyil. Bunu hanı nəzərə almalıdır.
Amma bir maraqlı məsələ də var…
Idrak Abbasov olayından söhbət açarkən Novruz Məmmədov elə bir söz dedi ki, bunun sorğusunu hökmən aparmaq lazımdır. Belə çıxdı ki, Idrak Abbasovdan Hillari xanım gülüşlə danışıb. ABŞ dövlət katibi ölümcül döyülmüş Idrak Abbasovun nəyinə gülüb görəsən? Çox maraqlıdır. Hillari Klinton buna izah verməlidir. Nəyi gülməlidir bu döyülmənin?
Doğrudanmı ABŞ dövlət katibi avtoritar recimlərin rəhbərləri ilə qapalı görüşdə döyülən, əzilən insanlardan gülüşlə söhbət açır? Yoxsa Novruz müəllim onun haqqında istədiyi kimi danışır?

Hillari Klinton Idrak Abbasovun döyülməsinə niyə gülüb?
•