ATƏT sədri cəbhədəki atışmalara sərt etiraz etdi

“Bu münaqişə güc tətbiqi ilə həll olunmayacaq”

Cənubi Qafqaza səfər çərçivəsində iyunun 12-də Ermənistanın paytaxtı İrəvanda olan ATƏT-in hazırkı sədri, İrlandiyanın xarici işlər naziri Eamon Gilmore Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini güc tətbiqi ilə hədələməkdən çəkinməyə çağırıb. O, erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki, cəbhə xəttindəki son insidentləri kəskin şəkildə pisləyir.

“Bu münaqişə güc tətbiqi ilə həll olunmayacaq. Zorakılıq hallarının təkrarlanmasına son qoyulmalıdır. Mən cümə axşamı günü Bakıda olanda Azərbaycan tərəfinə də eyni mesajı verəcəyəm. Tərəflər arasında etimad yaratmaq vaxtı çatıb. Bu, sülh prosesinə cəlb olunmuş bütün tərəflərdən iradə və məsuliyyət tələb edir”, – deyə ATƏT-in fəaliyyətdə olan sədri bildirib.

***

ATƏT sədri Cənubi Qafqazda

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun Cənubi Qafqaz bölgəsinə səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, ötən gün E. Gilmor Ermənistana səfərə gedib. Bu gün o, Ermənistan rəhbərliyi ilə görüşdükdən sonra Gürcüstana yollanacaq. Qurum sədri iyunun 13-də isə Bakıya gələcək.

Səfər zamanı E. Gilmor rəsmi şəxslərlə yanaşı, siyasi partiyaların liderləri ilə də görüşlər keçirəcək. Görüşlərdə ATƏT-in bölgədə fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, Gürcüstandakı münaqişələr və digər məsələlər müzakirə olunacaq.