«Fövqəlnazir»in Dövlət Gömrük Komitəsindəki adamları kimlərdir?
Dövlət Gömrük Komitəsinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılacağı barədə xəbərlərin ardı-arası kəsilmir. Bildirilir ki, Kəmaləddin Heydərov artıq ailənin yanında etimadını itirib, bu baxımdan ən iri pulların dövr etdiyi dövlət qurumunun onun əlindən alınması qərarlaşdırılıb.
Bu arada “Yeni Müsavat” qəzeti Dövlət Gömrük Komitəsində “fövqəlnazir”in kadrlarının siyahısını təqdim edib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq siyahını diqqətə çatdırırıq:
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev. 1973-cü il təvəllüdlü Səfər Mehdiyev Naxçıvanın məşhur Nehrəm kəndində doğulub.
1998-ci ildə Türkiyənin EGE Universitetini bitirib.
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb. 2006-cı ilin fevral ayından DGK sədrinin birinci müavini vəzifəsində çalışır. “Fövqəlnazir”in gömrük sistemində ən etibarlı kadrlarından sayılır.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev.
1963-cü il təvəllüdlü Əsgər Abdullayev də Nehrəm kəndində doğulub.
1985-ci ildə Kiyev Inşaat Mühəndisləri Institutunu bitirib.
1985-1996-cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş Istehsalat Idarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində çalışıb.
2006-cı ildə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev.
1961-ci il təvəllüdlü Rza Həsənəliyev Naxçıvan MR-in Ordubad şəhərində doğulub.
1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya Institutunu bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlayıb.
1999-cu ilin fevral ayından Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Nazim Məmmədov.
1951-ci il təvəllüdlü Nazim Məmmədov da Naxçıvan MR-in Ordubad şəhərində doğulub.
1999-cu ildə, 49 yaşında “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb.
1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışır.
2007-cı ilin 28 dekabrından Dövlət Gömrük Komitəsi sədrinin müavinidir.
Məlumatlara görə, o, vaxtilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sürücüsü işləyib. Ümumiyyətlə, bu şəxs peşəkar sürücü olub. Əmək fəaliyyətinə baytarlıq stansiyasında texniki işçi kimi başlayan Nazim Məmmədov uzun müddət Ordubadda sürücü olaraq çalışıb. Kəmaləddin Heydərovun atası Fəttah Heydərov Ordubadda birinci katib işləyəndə onun sürücüsü olub. Sürücü kimi etimadı tam doğrultduğundan Heydərovlar ailəsi ilə Nazim Məmmədov arasında isti münasibətlər yaranıb.
Göründüyü kimi, Kəmaləddin Heydərovun kadrlarının hamısı Naxçıvan əsilli və qeyri-peşəkarlardan ibarətdir. “Fövqəlnazir” siyahıda adı keçən məmurların hamısını şəxsi münasibətlərə görə rütbə və vəzifələrlə təltif edib. Təsəvvür edin, peşəkar sürücü Nazim Məmmədov qısa müddətdə general rütbəsi alıb. Səfər Mehdiyev sürücü olmasa da, o da bir neçə il ərzində genaral rütbəsinə layiq görülüb. Halbuki bu rütbəyə yiyələnmək üçün bəzən bir ömür bəs etmir. Məhz Kəmaləddin Heydərovun bu “uğurlu” kadr siyasətinin nəticəsidir ki, Dövlət Gömrük Komitəsi digər dövlət qurumlarına nisbətdə daha çox korrupsiyalaşmış orqandır.
Hikmət


